Azərbaycanın Dostları Assosiasiyası Kannda keçiriləcək Azərbaycan günləri ilə bağlı mətbuat açıqlaması yaymışdır

 

Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 8-dən 31-dək Kannda keçiriləcək Azərbaycan günləri haqqında mətbuat açıqlaması yaymışdır.

Açıqlamada Fransanın yaxın dostu və Qafqazın mirvarisi olan, mədəni irsə və mədəniyyət müxtəlifliyinə malik Azərbaycanın mədəni dəyərləri və çoxsaylı istedadları ilə yaxından tanış olmaqla bağlı çağırış səsləndirilmişdir.

Azərbaycan günləri çərçivəsində Kannda konsertlərin, rəsm əsərləri sərgisinin və modaların nümayiş etdirilməsi ilə bağlı keçiriləcək tədbirlərin xalqlarımız və ölkələrimiz arasında mübadilə olduğu vurğulanmışdır. Həmçinin 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında bir çox ölkələr kimi, Fransa idmançılarının da iştirak edəcəkləri bildirilmişdir.

Açıqlamada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizin mədəni dəyərlərinin dünyada təbliği istiqamətində xidmətləri xüsusi qeyd edilmişdir.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Kann

Azərbaycan.-2014.- 9 iyul.- S.5.