Gəncənin yolları gözəlliklərə aparır

 

Son illər ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər regionları da yetərincə əhatə edir. Bu gün əminliklə demək olar ki, Azərbaycanda beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Həm paytaxtın və iri şəhərlərin, həm də rayon mərkəzlərinin yolları və küçələri əsaslı şəkildə abadlaşdırılır.

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən bölgələrdə kənd və qəsəbələri, yaşayış məntəqələrini birləşdirən daxili yolların təmirinə, yenidən qurulmasına da diqqət artırılıb. Bu işlərin görülməsi ölkə iqtisadiyyatının güclənməsi ilə yanaşı, dövlət başçısının bölgələrə diqqəti və qayğısı ilə də şərtlənir.

Son dövrlər inkişafının yeni və sürətli mərhələsini yaşayan Gəncə şəhərində də yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülür. Şəhərdaxili avtomobil yolları genişləndirilir, yol kənarındakı tikililərin dam örtükləri dəyişdirilir, binaların fasadları klassik memarlıq üslubunda yenidən işlənir.

Yollar şəhərə nə qədər yaraşıq verirsə, yaşıllıqların salınması bu yaraşığı və gözəlliyi daha da artırır. Yaxşı haldır ki, salınan yaşıllıqların qorunmasına, yeni ağacların əkilməsinə də ciddi fikir verilir. Qeyd edək ki, ilin əvvəlindən şəhərdə 13 minə yaxın ting basdırılıb, 16 minə yaxın mövsümi gül və çiçək əkilib, 1,2 hektar sahədə çəmənlik salınıb. Subartezian quyularının təmir olunaraq işə salınması da yaşıllıqlara keyfiyyətli xidməti təmin edir.

Yolların insan həyatı üçün əhəmiyyəti qədim zamanlardan bəllidir. Bu yollar insanları parklaraxiyabanlara aparanda gözəllik gözəlliyə qovuşur. Gəncədə bu işlərə xüsusi fikir verilir. Parklarxiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni parklar salınır. Şəhər sakinlərinin rahatlığı üçün dünya standartlarına uyğun yeni istirahət guşələri yaradılır. Mirzə Şəfi Vazeh, Əziz Əliyev, "İstiqlal" parklarının yenidən qurulmasını gəncəlilər böyük razılıqla qarşılayırlar.

Gəncədə yol infrastrukturunun yenilənməsində, yolların, küçələrin, səkilərin və bina fasadlarının işıqlandırılma işlərində də milli memarlıq xüsusiyyətləri, həmçinin tarixilik nəzərə alınır.

Şəhərin Atatürk prospektində də yolun abadlığı istiqamətində görülən işlərlə yanaşı, hündürmərtəbəli binaların fasadları aqlayla üzlənir, yolboyu yaşıllıq zolaqları məhəccərlə əhatələnir, müasir işıq dirəkləri, bardürlər ümumi mənzərəni tamamlayır.

Qeyd edək ki, şəhərdəki üç piyada keçidindən biri indiyədək daha aktiv idi. Şəhər sakinləri "Gəncə" univermağının qarşısındakı keçiddən rahat şəkildə istifadə edə bilirdilər. Artıq genişmiqyaslı abadlıq və yenidənqurma tədbirləri çərçivəsində yeraltı piyada keçidlərinin də təmirinə başlanılıb. Bu keçidlərdən biri Heydər Əliyev prospektində toxuculuq kombinatının, digəri isə Azərbaycan Texnologiya Universitetinin qarşısındadır. Hər iki keçiddə inşaat işləri başa çatdırılıb. Burada sağlamlığı məhdud olan insanların sərbəst və rahat hərəkəti üçün də lazımi işlər görülür. Tezliklə bu keçidlərin istifadəyə verilməsi gözlənilir.

Şəhərdə avtomobil yollarının genişləndirilməsi istiqamətində də xeyli görülüb. Bu işlər sırasında Ü.Hacıbəyov küçəsində avtomobil yolunun 3 kilometrə yaxın hissəsində 25 metr, bəzi yerlərdə isə 30 metr genişləndiyini qeyd edə bilərik. Ş.İ.Xətai prospekti 2 dəfə genişləndirilərək 22-25 metrə çatdırılıb. Heydər Əliyev və Ş.İ.Xətai prospektlərini birləşdirən Fərhad Əliyev və V.Xuluflu küçələri əsaslı təmir edilərək 2,5 kilometr məsafədə enləndirilib.

H.Cavid, Q.Hüseynli və H.Hüseynzadə küçələrindəki avtomobil yolu genişləndirilib və həmin küçələrdə 35-ə yaxın evin fasad hissəsi, hasarı Gəncəyə xas memarlıq üslubunda kərpiclə yenidən üzlənib, ehtiyac duyulan tikililərin dam örtüyü dəyişdirilib, yeni işıqlandırıcı sistem quraşdırılıb. Şəhərin digər yerlərində də yollar genişləndirilib, yol kənarları abadlaşdırılıb, səkilər yaradılıb.

Ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılmış 5 qəsəbəni Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə 186 min 574 kvadratmetr asfalt örtüyü salınıb, 44 min 46 paqonmetr bort daşları, 400 ədəd işıq dirəyi və müasir işıqlandırma sistemi quraşdırılıb, yol kənarında həmişəyaşıl ağaclar əkilib.

Əlamətdar hadisələrdən biri də Gəncə dairəvi avtomobil yolunun istifadəyə verilməsidir. Prezident İlham Əliyev yolun açılış mərasimində iştirak edib. Bölgənin inkişafında, həmçinin nəqliyyatın maneəsiz, normal hərəkətində mühüm əhəmiyyət kəsb edən bu dairəvi avtomobil yolunda 4 körpü, 3 müxtəlif yol qovşağı, 9 avtobus dayanacağı inşa olunub. Əlavə iki zolağın tikilməsi ilə dairəvi yolun daha da genişləndirilməsi nəzərdə tutulub. Uzunluğu 37 kilometr olan yolda kifayət qədər piyadamal-qara keçidləri, suötürücüləri tikilib. Ölkənin şimal istiqamətinə gedən avtomobillər və özəlliklə də yük maşınları Gəncə şəhərinə daxil olmadan bu yolla rahat hərəkət edirlər. Bu isə Gəncənin yollarını tıxacdan xeyli sığortalamış olur.  

Bu gün dövlətin yüksək qayğısı sayəsində tamamilə dəyişib müasirləşən Gəncənin geniş avtomobil yolları, abad küçələri, rahat səkiləri gələn qonaqların da qəlbində xoş duyğular oyadır. Necə deyərlər, burada hər şey bir-birinə yaraşır: yollar tikililərə, tikililər yaşıllıqlara, yaşıllıqlar şəhərə.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 10 iyul.- S.7.