Demokratik inkişafın Azərbaycan nümunəsi

 

3. Demokratikləşmənin təkamül yolu

 

"İnkişafın təbii dinamikasını pozmaq və demokratiyanı zorakı üsullarla bərqərar etmək olmaz. Başa düşmək lazımdır ki, demokratiyanın güclə tranziti strategiyası demokratik təsisatların inkişafına gətirib çıxara bilməz, əksinə, nəticələri məlum olmayan yeni münaqişələr yaranmasına kömək edir. Belə təcrübə həmişə bu təşəbbüsü irəli sürənlərin özləri üçün qanlı sonluqla bitir."

 

Akademik Ramiz MEHDİYEV

 

"Demokratiya insanların şürurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir" - ulu öndər Heydər Əliyevin müldrikcəsinə dediyi bu fikirlərin doğruluğunu yalnız Azərbaycanın uğurluranda deyil, həm də Yaxın Şərqin və postsovet məkanının məlum ölkələrindəki uğursuzluqlarda da aydın görmək mümkündür. Müxtəlif "eksperimentlərin", "şok terapiyalarının" hədəfi olan dövlətlər demokratik inkişaf gözlədikləri halda səfalət, böhran və nəticədə müstəqilliklərinin süqutu ilə qarşılaşırlar. Bu baxımdan, demokratiyanın zorakı ixracı ekspansiyanın müasir növünə çevrilir və yeni münaqişə ocaqlarının meydana çıxmasına rəvac verir.

 

Xose Manuel Barrozu Azərbaycana niyə valeh oldu

 

Avropa məkanında son vaxtlar ölkəmiz əleyhinə təxribatçı "hesabatların", qərəzli bəyanatların artması erməni lobbisi və antiazərbaycançı şəbəkənin tam qüvvəsi ilə fəallaşdığını deməyə əsas verir. Azərbaycanın regionda potensial güc mərkəzi kimi çıxış etməsi və təsirini artıq Avropanın şərqindən qərbinə doğru yayması ermənipərəst dairələri, o cümlədən qitənin bir sıra dövlətlərini qətiyyən razı salmır. Aşkar görünür ki, Avropanın bəzi ölkələri hələ də şantaj və təhdidlərlə respublikamızı iqtisadi və geosiyasi məsələlərdə guya hansısa güzəştlərə məcbur edəcəklərinə ümid bəsləyirlər. Halbuki, ölkə iqtidarı milli məsələlərdə güzəşt mövqeyi tutmadığını dəfələrlə nümayiş etdirib və bunu Prezident İlham Əliyevin avropalı rəsmilərlə demək olar ki, hər ay keçirdiyi çoxsaylı görüşlər, aparılan müzakirələr də təsdiqləyir.

Əslində, qəribə paradoks yaranır. Bir tərəfdən Azərbaycan ciddi təftiş olunub qərəzin və böhtanın hədəfinə çevrilir, digər tərəfdən isə Avropa rəsmiləri bizim uğurlarımızdan valeh olduqlarını ağızları köpüklənə-köpüklənə dilə gətirirlər. Məsələn, ötən ay ölkəmizə rəsmi səfərə gələn Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycanın nailiyyətlərindən ağızdolusu danışdı: "Mən, cənab Prezident, Sizin, hakimiyyətin və Azərbaycan xalqının daha müasir, sabit, inkişaf edən ölkə uğrunda səylərinizi görürəm. Ölkənizin müasirləşməsi istiqamətində atılan addımlar məni valeh edir." - Avropanın ən yüksək səlahiyyətli şəxsi bu sözlərinin ardınca da ölkəmizlə strateji tərəfdaşlıq əlaqələrindən heyranlığını, bizimlə müxtəlif sahələrdə əməkdaşlıqdan məmnunluğunu dönə-dönə vurğuladı, sonra isə yenə də respublikamızın nailiyyətlərini vəsf etdi.

Elə ötən il də M.Barrozu Azərbaycana valeh olmuşdu. Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşdə Avropa Komissiyasının sədri Azərbaycanın Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaş olduğunu vurğulamaqla yanaşı, respublikamızın iqtisadi inkişaf, demokratikləşmə və insan hüquqlarının təminatı sahəsindəki uğurlarını etiraf etmişdi: "Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı əməkdaşlıq qurmuşuq. Bu gün böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil suveren ölkədə olan vəziyyətə baxsanız, görərsiniz ki, Azərbaycan nə qədər yol keçib və biz əldə edilmiş çox böyük irəliləyişi etiraf etməliyik... Şəxsən əminəm ki, Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi ölkəsinin müasirləşdirilməsinə olduqca sadiqdir. O bu ölkənin imici və nüfuzuna xüsusi diqqətlə yanaşır. Ölkə isə həqiqətən, çox mühüm irəliləyişə nail olub".

Necə deyərlər, əlavə şərhə nə hacət...

Həqiqətən də, Azərbaycanın uğurları böyükdür və bu nailiyyətlər digər ölkələrin, xüsusən də Avropa dövlətlərinin mövcud durumu ilə müqayisədə daha əhəmiyyətli və fövqəlmiqyaslı görünür. Prezident İlham Əliyev elə Qərb KİV-sinə - Avropanın "Neurope.eu" informasiya portalına müsahibəsində bu həssas məqama ustalıqla toxunub və xalqın etimadının əsas şərtini də bir daha bəyan edib: "Bütün dünyada gərginliyin, işsizliyin və yoxsulluğun artdığı bir dövrdə Azərbaycanda tamamilə fərqli proseslər - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və siyasi sabitliyin, milli birliyin və s. yüksəlməsi müşahidə edilmişdir. Düşünürəm ki, bütün bunlar 2013-cü ildə keçirilən seçkilərdə qazanılan qələbənin də əsas səbəbləri olmuşdur".

Avropada müəyyən dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan xeyli güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. İqtisadi sahədə əldə olunan uğurlar Azərbaycanda vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Uzun illər regionda "siyasi arbitr" rolunda çıxış etməyə iddialı bəzi dövlətlərin hazırda respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq dilində danışmağın mənasızlığını dərk etməsi də Azərbaycan diplomatiyasının mühüm uğurlarından biridir. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan məlum dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Son 11 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmaqla dünyada ən sürətli inkişaf göstəricisinə nail olub. Yoxsulluq 10 dəfə azalıb və işsizliklə eyni səviyyədə, yəni, 5 faiz həddindədir. Ölkəmizin dünyada ən yaxşı göstəricilərindən biri də xarici borcumuzun ümumi daxili məhsulun yalnız 8 faizini təşkil etməsidir. Valyuta ehtiyatları isə ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 11 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırılıb. Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Bu gün Azərbaycan həm də kosmos sənayesinə malik olan ölkədir.

 

Prezident ittiham etdi, Avropa susdu...

 

İlham Əliyev Prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayıb - Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur: "Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan, Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir. Sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur".

Bu işığı görməzliyə vurmaq, onu ləkələməyə çalışmaq isə heç vaxt fayda verməz, lazımi nəticə əldə olunmaz. Təəssüf doğuran haldır ki, belə cəhdlər hələ də bitmək bilmir. Məsələn, məlum təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin "demokratiya carçıları" Azərbaycandakı xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara isə göz yumurlar.

Ermənistanda 2008-ci ilin prezident seçkilərini xatırlayaq: İrəvanda hakimiyyətdə olan rejim seçkilərdə total saxtakarlığa yol verdi, bu prosesə qarşı çıxan müxalifətçilərə amansızcasına divan tutdu. Hökumət qüvvələri odlu silahdan açılan atəşlə onlarla nümayişçini qətlə yetirdi, yüzlərlə müxalifətçi həbs edildi. İrəvanda fövqəladə vəziyyət elan olundu, prezidentliyə ən real namizəd ev dustağına çevrildi. Nəinki mətbuat, hətta internet üzərində də senzura tətbiq edildi. Bu proses 2013-cü ildə yenidən təkrarlandı. Prezidentliyə namizədə sui-qəsd edildi. Seçicilərin kütləvi etirazları odlu silahlardan atəşlə susduruldu. Aktiv müxalifətçilər xüsusi xidmət orqanları tərəfindən oğurlandılar, yüzlərlə insan məhkəmə hökmü olmadan həbsxanaya salındı. Qərbin "demokratiya təəssübkeşləri" isə baş verənləri tez zamanda unutmağa və unutdurmağa çalışdılar.

Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, həmçinin Avropa Parlamentinin və AŞ PA-nın qətnamələri isə Qərbin nədənsə "yadına düşmür". 1 milyon qaçqın və məcburi köçkünün bütün hüquqlarının kobud şəkildə pozulması faktı görməzliyə vurur. Onlara münasibətdə "insan hüquq və azadlıqları" mövzusu aktuallığını həmişə itirir. Demək, Avropa təsisatları və əksər ölkələri Azərbaycanla dostluqdan danışarkən səmimi deyillər. Həmçinin onlar problemlərimizin həllində nəinki maraqlıdırlar, əksinə, onların aradan qaldırılması, yəni, Azərbaycanın daha da güclənməsini öz mənafelərinə zidd hesab edirlər.

Azərbaycan Avropa ilə əməkdaşlıqda maraqlıdır və bunu xarici siyasətin əsas prioritetlərindən biri kimi elan edib. Amma Qərblə hər hansı bir münasibətdə onların etibarlılıq həddi, mahiyyətləri və xisləti əsla unudulmur, eyni zamanda, söylədikləri "nağıllara" əhəmiyyət verilmədiyi üzlərinə deyilir.

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakı sessiyasında avropalı deputatlara xitabən onların ikili standartların təzahürü olan fəaliyyətlərinin doğurduğu fəsadları sərtliklə söylədi. Həmçinin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlayan Azərbaycanın qurumdakı əsas prioritetlərindən birinin məhz ikili standartların ən çox təzahür etdiyi sahədə - beynəlxalq hüquq normalarının qlobal səviyyədə bərqərar olunması istiqamətində mexanizmlərin işlənib hazırlanması olduğunu vurğuladı. Beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra mexanizmlərində ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi olan Azərbaycan xalqının bu narahatçılığını açıq mətnlə ATƏT parlamentarilərinin diqqətinə çatdıran dövlət başçısı "Görürük ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir" - iradını növbəti dəfə bəyan etdi.

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada izhar edir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə "təsir imkanı" qazana bilərlər.

Ötən 20 ildə inkarçı və qaragüruhçu mahiyyətini dəyişməyən, yaxud seçki kimi mühüm siyasi kampaniyaya "eksperiment" kimi yanaşan təsadüfi adamların ictimai dəstək qazanması mümkün deyildir. İddiaları ilə imkanları qətiyyən uzlaşmayan, düşdükləri umsuq vəziyyətdən psixoloji durumları tamamilə pozulan aqressiv müxalifət təmsilçiləri bir həqiqəti də unudurlar ki, orta statistik azərbaycanlı bütün məsələlərdə mövcud reallıqdan çıxış edir. 90-cı illərin əvvəllərində olduğu kimi, kimisə yalan vədlərlə aldatmaq, yaxud populist çağırışlarla ələ almaq qeyri-mümkündür. Azərbaycan gerçəkliyi budur ki, xalq ölkənin son illərdə əldə etdiyi böyük nailiyyətləri görmək istəməyən, radikalizm mərəzindən qurtula bilməyən məlum qüvvələri dəstəkləmir. Cılız şəxsi mənafeyi naminə dövlətin, xalqın maraqlarını hər an ayaq altına atmağa hazır olduqlarını nümayiş etdirənlər vətəndaşların sərt qınağına, etirazlarına tuş gələrək tarixin arxivinə atılır.

Fəqət, nə etməli, aqressiv müxalifət, özünü "hüquq müdafiəçisi" adlandıran nadan və bədnam qrup məğlubiyyəti asanlıqla etiraf etmək niyyətində deyil. Əksinə, ağır psixoloji durumda olan bu qüvvələr antiazərbaycançı şəbəkənin bütün sifarişlərini "cani-dildən" icra edərək Azərbaycanın imicinə xələl gətirmək üçün dəridən-qabıqdan çıxırlar. Ölkəmizin bölgədə müstəqil, suveren dövlət kimi mövcudluğundan əndişələnən müəyyən daxili və xarici qüvvələr Prezident seçkilərindən sonra yenə bir araya gəliblər. Hədəfdə yenə də Azərbaycan dövlətinin, xalqın milli maraqlarıdır. Lakin Azərbaycanda hər hansı inqilab gözləyənlərin bu xülyalarının əbəsliyi ötən ilin seçkiləri fonunda yenə də tam təsdiqini tapdı.

 

Azərbaycan modeli

 

Azərbaycan demokratik inkişafın yalnız təkamül yolunu qəbul edir və bu istiqamətdə inamlı addımlar atır. Keçid dövrünü yaşayan ölkələrdə demokratiyanın tətbiqinin problematik cəhətləri fkirimizcə, akademik Ramiz Mehdiyevin "Keçid dövrü cəmiyyətlərində demokratiya" adlı elmi təhlilində səhih şərhini tapıb. Akademik hesab edir ki, konkret məkanda demokratiyanın səviyyəsini dəyərləndirən mərkəzlər bəzən müəyyən standart meyarlardan çıxış edirlər. Bu da həmin dövlətlərdə demokratiyanı tətbiq edənlərlə dünyada demokratiyanın səviyyəsini dəyərləndirən mərkəzlər arasında müəyyən ziddiyyətlər yaradır. Eyni zamanda, bu meyarlar keçid dövrü cəmiyyətlərində demokratiyanın səviyyəsini tam dolğun dəyərləndirməyə imkan vermir.

Görkəmli dövlət xadimi keçid dövrü cəmiyyətləri üçün xarakterik olan bir məqama da xüsusi toxunaraq qeyd edir ki, həyata keçirilən hər hansı siyasi-hüquqi islahat ictimai şüur səviyyəsi ilə uzlaşmalı, təkamülə əsaslanmalı, anarxiya və xaos mühitinin formalaşmasına gətirib çıxarmamalıdır. Burada söhbət, ilk növbədə, demokratiyanın süni şəkildə ixrac edilməsinin doğura biləcəyi fəsadlardan gedir. Eyni zamanda, demokratiya limitinin həddindən çox aşılması nəticəsində yaranmış hərc-mərclik, özbaşınalıq mühiti demokratik təsisatlara və cəmiyyətin özünə təhlükə doğurur. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Bütün bunları peşəkarlıqla diqqətə çəkən akademik Ramiz Mehdiyev tamamilə doğru olaraq demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını ön plana çəkir.

Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşıb. Bir sıra postsovet dövlətlərində analoji tranzit "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir.

Akademik Ramiz Mehdiyev haqlı vurğulayır ki, əsrlər boyu təşəkkül tapmış milli ənənələri bir anda məhv etmək mümkün deyil. Və əgər ölkənin həyatına kənardan müdaxilənin nəyə gətirib çıxaracağı barədə ümumi təsəvvür yoxdursa, dövlətin tarixi inkişafının xüsusiyyətlərinə və xalqın mentalitetinə, habelə dövlətdə formalaşmış qaydalara məhəl qoymamaq tamamilə fəsadlı və səhv yanaşmadır. Prezident Administrasiyası rəhbərinin demokratiyanın inkişafının bütün cəmiyyətlərdə eyni modelə, standart meyarlara əsaslana bilməməsi barədə rəyi isə, necə deyərlər, əlavə şərhə lüzum duymayan həqiqətdir: "ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və digər dövlətlər özlərinin yüksəlişinə görə demokratik quruluşa və demokratiyanın konkret modelinə borcludur. Ancaq hansı modelə? Heç bir ciddi tədqiqatçı iddia etməz ki, bu dövlətlərin hamısı özlərində formaca vahid demokratiya qurmuşdur. Bu dövlətlər də demokratiyanın universal dəyərlərindən bəhrələnərək, demokratik inkişafı hər bir ölkənin mədəni-tarixi inkişafının xüsusiyyətləri ilə uzlaşdırırlar".

Demokratik dəyər və normaların cəmiyyətdə möhkəmlənməsi, özünə möhkəm dayaqlar tapması üçün, ilk növbədə, insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Maddi sıxıntılar içərisində yaşayan insan azad ola bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə demokratiya qurmaq mümkün deyil. Demokratiyanın fundamental şərti məhz azadlıqdır - insanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Aforizmə çevrilmiş "İqtisadi müstəqilliksiz, ümumiyyətlə, müstəqillik yoxdur" ifadəsi də bu fikri daha aydın əks etdirir.

Liberal demokratiyanın başlıca şərti sağlam və güclü orta sinfin mövcudluğudur və bunsuz demokratik inkişafdan söhbət belə gedə bilməz. Azərbaycan da bu reallıqları nəzərə alır, demokratikləşmənin iqtisadi tərəqqi prosesi ilə paralel şəkildə aparılmasını təmin edir. Həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar ölkəmizin 2020-ci ilədək qarşıya qoyduğu ən başlıca hədəfi uğurla reallaşdıracağına - inkişaf etmiş ölkələr səviyyəsinə yüksələcəyinə hansısa şübhə yeri qoymur. Bu baxımdan "İqtisadi inkişafın Azərbaycan modeli" ilə yanaşı, "Demokratik inkişafın Azərbaycan modeli" də milli ideyanın reallaşmasına xidmət edir və dünyanın mütərəqqi inkişaf meyilləri ilə tam uzlaşır.

Bu günün "söz qəhrəmanları"ndan fərqli olaraq, əsl demokrat olan, azadlıq mücahidi Avraam Linkoln deyirdi ki, "Xalqın olan, xalqın idarə etdiyi və xalq üçün çalışan hakimiyyət yer üzündən silinməyəcək". Tarix bu deyimə həqiqilik gətirən ən böyük şahiddir.

Azərbaycan xalqının da sahib olduğu, idarə etdiyi və xalq üçün çalışan hakimiyyətin siyasi səhnədə mövcudluğu toxunulmazdır. Çünki bu, elə demokratiyanın da - xalqın hakimiyyətinin də əsas şərti, ilkin təməlidir...

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 10 iyul.- S.7.