Azərbaycan Milli Elmlər Akademiyasının yeni seçilmiş həqiqi və müxbir üzvlərinə diplomlar və vəsiqələr təqdim olunmuşdur

 

İyulun 11-də "Four Seasons" hotelində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni seçilmiş həqiqi və müxbir üzvlərinə diplomların və vəsiqələrin təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimdə AMEA-nın prezidenti akademik Akif Əlizadə ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev ideyalarını uğurla həyata keçirən  Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafına daim böyük önəm verdiyini vurğulamış, bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən akademik A.Əlizadə respublikamızın dinamik inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulamışdır.

Akademik Akif Əlizadə diqqətə çatdırmışdır ki, ali elmi qurum olan və dövlətin elm siyasətini həyata keçirən AMEA-nın həqiqi və müxbir üzvü adını daşımaq şərəfli olduğu qədər də məsuliyyətli missiyadır.

Bu il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağının yekunlarından danışan AMEA-nın prezidenti bildirmişdir ki, yığıncaqda yalnız Azərbaycan elminin inkişafı baxımından deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün də əhəmiyyətli olan bir sıra mühüm məsələlər müzakirə edilmişdir. Akademiyanın normativ hüquqi bazasının gücləndirilməsi, 2020-ci ilə qədərki inkişaf strategiyasının müəyyənləşdirilməsi və yeni strukturların yaradılması ilə bağlı qərarlar qəbul olunmuş, AMEA-nın  həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü elm siyasətinin uğurlu nəticələrindən bəhs edən akademik A.Əlizadə xatırlatmışdır ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapdığı kimi, hazırda dövlətimizin əsas strateji hədəfi intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır.

Yüksək ixtisaslı kadr hazırlığı və alimlərin əməyinin stimullaşdırılması ilə bağlı istənilən təklifin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük razılıqla qarşılandığını diqqətə çatdıran akademik A.Əlizadə dövlət başçısına  minnətdarlığını bildirmişdir.  

Qeyd olunmuşdur ki, seçkilər olduqca şəffaf və yüksək səviyyədə keçirilmişdir. Səsvermə nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilmişdir. Yeni seçkilərdən sonra, ümumilikdə, akademiyada 194 nəfər üzv - 74 həqiqi üzv, 120 müxbir üzv fəaliyyət göstərir.

Akademiyanın prezidenti AMEA-ya yeni seçilmiş üzvlərin elmə öz töhfələrini verəcəklərinə əminliyini vurğulamış, onları təbrik etmiş, uğurlar arzulamışdır.

Müasir dünyada elmin mühüm rolunu xatırladan akademik A.Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindən, beynəlxalq əlaqələrindən, qarşıda duran vəzifələrdən də bəhs etmişdir. AMEA-nın prezidenti, eyni zamanda, elmin inkişafı ilə bağlı fikirlərini söyləmiş, bu sahə ilə təhsilin inteqrasiyasının gücləndirilməsi, gənclərdə elmə marağın artırılması üçün bütün imkanlardan istifadə etməyin əhəmiyyətini vurğulamışdır.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının yeni seçilmiş həqiqi və müxbir üzvlərinə diplomlar və vəsiqələr təqdim edilmişdir. AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinə üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı da təqdim olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının yeni seçilmiş həqiqi və müxbir üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sonra tədbir iştirakçılarına AMEA prezidenti adından ziyafət verilmişdir.

 

AzərTAc

Azərbaycan.-2014.- 12 iyul.- S.8.