Naxışların xalı dili

 

Quba rayonu alması ilə məşhurdur. Amma Quba almasından öncə xalçaları ilə tanınıb. Quba xalçaçılıq məktəbi əsrlərin süzgəcindən keçərək bənzərsiz naxışlarla mükəmməlləşərək kamil bir sənət məktəbinə çevrilib. Bu gün Qubada xalçaçılıqla bir neçə sahibkar məşğul olur. Onların hərəsinin öz tərcümeyi-halı, dəst-xətti, digərlərindən fərqli üslubu var. Əslində, hər bir Quba xalçasının məxsusi naxışları və digərlərinə bənzəməyən gözəlliyi hiss edilir.

Buna səbəb rayonda xalçaçılığın son illərdə daha sürətlə inkişaf etməsi, insanların bu sənətə marağının artması, həm də Qubanın turizm mərkəzi kimi məşhurlaşmasıdır. Bugünkü xalçaçılıq sənətində müasirliklə  qədimlik harmonik bir vəhdət təşkil edir. Xalça toxuyanlar arasında sağlam rəqabət də mövcuddur.

“Qədim Quba” Xalçaçılıq MMC də bu sırada digərlərindən öz dəst-xətti ilə seçilir. Əgər sahibkar öz işində kimlərəsə bənzəməyə çalışsa, kimlərinsə üslubunda işləsə, ona maraq azalır, alıcısı da güclü olmur. Quba xalçaçıları bunu yaxşı başa düşür və qədim ənənələrin müasir davamçıları kimi işlərinin keyfiyyətinə xüsusi fikir verirlər.

Quba xalçalarını tədqiqatçılar toxunuşuna görə 3 hissəyə ayırırlar: dağlıq, dağətəyi və aran. Dağlıq hissəyə Qonaqkənd, Cimi, Afurca kimi dağ kəndlərində toxunan xalçalar aid edilir. Dərbənddə toxunan xalçalar da Quba məktəbinə aiddir.

“Qədim Quba” müəssisəsində xalqımızın tarixi ənənələrini özündə yaşadan xalçalar toxunur. Xalçaçı qızların hər birində rəssam təfəkkürü var. Onlar hana arxasında əyləşərək ilmələri möcüzəli naxışlara çevirməyi bacarırlar. Müəssisədə 35 xalçaçı qız çalışır. İlhamə Paşayeva, Nuranə Heydərova, Şərqiyyə Məmmədxanova, Hicran Bayramova, Gülnaz Yəhyayeva, Minafər Misirxanova, Ülviyyə Əfəndiyeva və digərlərinin xalçalara vurduqları naxışlar, düzdükləri ornamentlər və qurduqları kompozisiyalar qədimliyi ilə yanaşı, həm də cazibədarlığı və gözəlliyi ilə fərqlənir. Seçilən rəng çalarları, ipliklərin təbii boyası və ilmələrin sıxlığı yeni toxunan xalılara bənzərsiz gözəllik verir. Xalçaçı qızlar zövqdən və sifarişdən asılı olaraq həm kimyəvi, həm də təbii boyanmış iplərdən istifadə edirlər. Müəssisədə təbii yolla - müxtəlif bitkilər, ağac kökləri və qabıqlar, çiçəklər və otlar vasitəsilə ipliklər boyanır. Onu da qeyd edək ki, təbii boyaqdan toxunan xalılar yüz illər boyunca keyfiyyətini, təravətini qoruyub saxlaya bilir, rəngləri də solmur, əksinə, yuyulduqca açılır.

Xalçaçı qızlar qubalıdırlar. Onların hamısı bu sənətə ürəkdən bağlıdırlar. Çoxunun anası, nənəsi xalçaçı olub, onların qanında bu sənətə irsi bağlılıq, genetik sevgi var. Bəzən oturub məsləhətləşir, bir ideyanı müzakirə edir, müxtəlif fikirlər, variantlar ortaya qoyurlar. Bir müddət keçdikdən sonra diskussiyalar ilmələrdən valehedici naxışlara çevrilir. Təcrübə göstərir ki, məhz daha çox müzakirə olunan, üstündə daha çox zəhmət çəkilən xalçalar hamını kamil bir sənət əsəri kimi heyran qoyub.

Kollektivdə bu yaradıcılıq mühiti “Qədim Qubaya digər müəssisələrdən daha üstün xalçalar toxumağa şərait yaradır. Bir kvadratsantimetrə vurulan ilmələrin sayı 40-60 arasında olur. Bu, xalçaçılıqda ən yüksək sıxlıqdır. İlmələrin sıxlığı artdıqca mürəkkəbləşir, toxucudan böyük təcrübə və diqqət tələb edir. Bir kvadratsantimetrə düşən ilmələrin sayı artdıqca naxışların konturları aydın və saf görünür. İlmələr sıxlaşdıqca adi xalça cana gəlir, sənət əsərinə, rəssam tablosuna çevrilir.

Müəssisədə toxunanQollu-çiçi”, “Pirəbədil” xalçaları müasir Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələrindəndir. “Qollu-çiçiQuba xalçalarının ən məşhuru hesab olunur. Rayonun Çiçi kəndində toxunan bu xalçanın yaranması 1000 ili üstələyir, desək, səhv etmərik. “ gül” adı ilə tanınan xalçanın naxışları xınalı gəlin barmaqları kimi zərif, sirli və gözəldir.

Bu gün müəssisə Qubada hamısından fərqlidir. Kollektiv istehsalatı daha da genişləndirmək üçün çalışır. Azərbaycan məşhurlaşdıqca bu müəssisədə toxunan xalçalar da ölkənin hüdudlarından kənara ayaq açır və kollektiv xarici bazarlarda öz layıqli yerini tutmaq üçün səylə çalışır. Müəssisədə yeni əyirici və boyaq sexləri işə salınıb ki, keyfiyyət daha yüksək olsun.   

Humayyə Məmmədovanın rəhbərlik etdiyi “Qədim Quba” 1996-cı ildə fəaliyyətə başlayanda cəmi 4 işçisi var idi. 3 il ərzində xalçaçıların sayı 150 nəfərə çatdı. İndi onlar işləri ilə qürrələnir, əməkləri ilə fəxr edirlər. Ona görə ki, xalçaçı qızların toxuduqları sənət nümunələri respublikada keçirilən yarmarkalarda, beynəlxalq sərgilərdə nümayiş olunur. Bu qızların əllərindən çıxan xalçalar müsabiqələrdə dəfələrlə qalib gəlib, Qubada isə elə bir el şənliyi, bayram olmur ki, orada yerli xalçalar sərgilənməsin.

Bu gün xalçaçılıq mədəniyyətimizin ən maraqlı sahələrindən biri kimi dövlət tərəfindən himayəyə alınıb və dəstəklənir. Xalçalar firavanlıq əlamətidir, mənzillərimizin yaraşığıdır, qızlarımızın cehizində ən qiymətli hədiyyədir. Hamımız xalçanı əsrlərin yadigarı kimi içdən gələn bir məhəbbətlə sevirik. Həqiqətən də, Quba xalçaları yamaclara naxış kimi düşən dağ kəndləri qədər gözəldir. Quba xalçaları ilə dağların və bu dağlarda yaşayan insanların  arasında ecazkarharmonik bir bağlılıq mövcuddur. Ona görə də Quba xalçaçıları çalışırlar ki, qədim ənənələri qoruyub saxlasınlar, naxışların ecazkarlığını gələcək nəsillərə çatdırsınlar.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 13 iyul.- S.6.