Dərslik fənnin cövhəridir

 

Həqiqətən də bütün ali məktəblərdə və dərs müəssisələrində dərslik və dərs vəsaitləri hər bir fənnin cövhəridir. Çünki burada çox yığcam şəkildə fənnin əsas istiqamətləri və mahiyyəti üzə çıxır, şagird və tələbələrə dürüst məlumat verilir. Bu yaxınlarda filologiya elmləri doktoru, professor Əmirxan Xəlilovun Dünya ədəbiyytına dair yeni kitabı çapdan çıxmışdır. O, BDU-da işlədiyi müddət ərzində özünü Azərbaycan, rus, eyni zamanda, antik dövr və bütövlükdə dünya ədəbiyyatına yaxından bələd olan müəllim-alim kimi göstərmişdir. İndiki dərs vəsaiti ciddi tədqiqat xarakteri ilə diqqəti cəlb edir. İlk baxışdan oxucuya elə gəlir ki, görkəmli Əli Sultanlıdan, Əkbər Ağayevdən, İsmayıl Şıxlıdan, Vəkil Hacıyevdən, Cəlil Nağıyevdən, Tərlan Novruzdan sonra yeni nə deyə bilərsən? Lakin ədalət naminə qeyd etməliyik ki, öz işinə ciddi yanaşmaqdan çox şey asılıdır. Bu mühüm tədris vəsaitində bəzi yeni və fərqli cəhətlərə nəzər salmağa çalışaq.

 

 

Məlumdur ki, antik dövrün dahisi Homer haqqında həm Avropa, həm rus, həm də Azərbaycan alimləri kifayət qədər yazmışlar. Xüsusən professor Əli Sultanlının bu sahədəki araşdırmaları, dərslik-müntəxabatları hamıya tanışdır və çox alimlərimiz, müəllim, tələbələrimiz onlardan daim bəhrələnmişlər. Bəs bu yeni dərs vəsaitində diqqəti çəkən nədir? Zənnimcə, burada Homer barədə bildiklərimizə yeni əlavələr edilmişdir. Birinci, müəllif Homerdən iki epiqram barədə ilk dəfə məlumat vermişöz tərcüməsində oxuculara təqdim etmişdir. İkincisi, tələbələrə daha asan, aydın olması üçünİliada” və “Odisseya” dastanlarının ideya-məzmununu sadə bir şəkildə şərh etmiş, Troya müharibəsində üz-üzə dayanan əks-qütbləri konkret misallar, adlarfaktlarla aydınlaşdırmışdır. Üçüncüsü, antik dövr allahlarının, əfsanəvi şəxsiyyətlərin yer, şəhər və ölkələrin adları, mənası, mahiyyəti açıqlanmış, tərəf-müqabillərin mövqeyi izah edilmişdir. Bütün bunlar imkan verir ki, oxucu-tələbə həmin dövr və qəhrəmanlar haqqında daha aydın təsəvvür əldə etsin.

Antik lirika haqqında deyilənlər də təsəvvürümüzü artırır, həm də o dövrkü poeziyaonun formaları barədə məlumat alırıq. Kitabda ən qabarıq və mühüm sayılan cəhətlərdən biri budur ki, qədim dövr filosofları barədə qısa icmallar verilmiş, onların fəlsəfi, ədəbi-bədii əsərləri təhlil edilmişdir. Burada Platonun fəlsəfi və lirik şeirləri haqqındakı qeydlər də maraq doğurur. Dərs vəsaitində Orta əsr Şərq və Qərb ədəbiyyatına dair icmallar da aktuallığı ilə fərqlənir. Müəllif haqlı olaraq Şərq-Qərb dünyasını qloballaşma şəraitində, həm də sintez şəklində götürərək elmi nəticələr çıxarmağa xüsusi cəhd göstərir. Qeyd edir ki, Şərqdən öyrənməklə Qərb xeyli qabağa getməyi bacarır. Gərək Şərq elə etsin ki, bir addım irəliyə getmək istərkən iki addım geri getməsin. Bu hissədə müəllifin şair və filosofların müdrik kəlamlarına yer ayırması, elə bilirəm ki, tələbələrə və ümumiyyətlə, bütün oxuculara faydasız deyil. Kitabda Roma ədəbiyyatından Siserona ayrılan portret-oçerk tamamilə yeni bir səhifədir. Bu barədə oxucu kifayət qədər yeni məlumat ala bilir. Siseronun əsərləri barədə ilk dəfə danışan və bunların nəşrini həyata keçirən alimlərə, ədəbiyyatşünaslara böyük qayğı və diqqətin şahidi oluruq. Müəllifin araşdırıcılıq zəhməti, ədəbiyyata, tənqid və ədəbiyyatşünaslığa dərin aşina olması digər kitablar və fəsillər üçün də səciyyəvidir. Şərq-Qərb özünəməxsusluğuna həssas yanaşmağındandır ki, italyan dahisi Danteyə ayrılmış səhifələr - mif, folklor, klassikmüasir ədəbiyyat məsələləri üzvi sintez təşkil edir və beləliklə, “keçmiş dövrün son, yeni dövrün isə ilk şairi” haqqında tam elmi-ədəbi qənaət əldə etmiş oluruq. Burada əsas yenilikİlahi komediya” və onun dilimizə tərcüməsi problemləri, dünya və Azərbaycan ədəbiyyatındakı yeri barədə söylənilən dəqiq fikirlərdir.

Daha yeni olan bir məsələ budur ki, Dantevari, italyansayağı sovet janrı ətraflı və dərindən araşdırılmışdır. Kitabın I cildində Dantenin dünya, o cümlədən Azərbaycan poeziyasına təsirsiz qalmaması inandırıcı misallarla sübuta yetirilir. H.Cavid, M.Müşfiq, Ə.Kürçaylı, A.Babayev, Ş.Aslan C.Səfərli barədə sovet yaradıcılığı ilə bağlı mülahizələr, fikrimizcə, çox aktualyeni görünür. Birinci cildin başqa bir hissəsi alman dahisi Götenin yaradıcılığında və xüsusən onun Azərbaycan, Şərq poeziyasına münasibətilə əlaqədardır. Hər bir türkə, azərbaycanlıya xoşdur ki, bir alman dahisi şərqin böyük sənətkarına - Nizamiyə, Firdovsiyə, Xəyyama, Sədi, Hafiz Şiraziyə, Nəvaiyə belə yüksək qiymət versin. Həm nəsrin, həm də şeirin dili ilə bubu kimi Şərq sənətkarlarına verilən qiymət, şübhəsiz ki, hər bir türkün şərəfi və şöhrətidir. Nə qədər özünü sadə, təvazökar göstərəsən ki, sən özün böyük ola-ola, onları özünə ustad, əsl müəllim hesab edəsən. Götenin bütün şeir və ayrı-ayrı publisist qeydlərindən aydın olur ki, o, islam dininə, o cümlədən böyük təriqət sahibi olan Məhəmmədə təkcə sərkərdə, din banisi kimi yanaşmamışdır, həm də onu müdrik bir şəxsiyyət, xalq taleyinə səlahiyyətli bir şəxs kimi qəbul etmişdir. Şərqdən dərs almış Göte bu torpağın 7 sənətkarı qarşısında səcdə etmiş, onların şəninə şeirlər yazmışdır.

Professor Əmirxan Xəlilov mütəfəkkir şairin əsərlərini, o cümlədən “Faust” poemasını təhlil etməklə kifayətlənmir, habelə onun Şərqlə münasibətlərini, H.Cavid, Lermontov, Bayron, Puşkin, Cübran, Conson, Miltons. kimi şairlərin yaradıcılığı arasında müştərək münasibətləri üzə çıxarır. Kitabda diqqəti cəlb edən bir xüsusiyyət də özünü göstərir. Bu da ondan ibarətdir ki, müəllif alman şairinin Şərq mütəfəkkirləri barəsində yazdığı şeirləri, esseləri ilk dəfə olaraq təhlilə cəlb etmişdir. Ən başlıca xüsusiyyəti isə budur ki, Şərq şairlərinə həsr olunmuş şeirlərin tərcüməsi müəllifin özünə məxsusdur. İnsaf xatirinə demək lazımdır ki, bu tərcümələr orijinalın və rusca tərcümənin əsas mahiyyətini düzgün bir şəkildə ifadə edə bilmişdir.

Dərs vəsaitində mühüm yeniliklərdən biri Homerin dünya ədəbiyyatı ilə müqayisədə təhlil olunmasıdır. Nizaminin, Ruminin, Caminin, Şekspirin, Tassonun məşhur əsərləri ilə müqayisə və paralellər xüsusi maraq doğurur.

Görkəmli alim-yazıçı Kamal Abdullanın, T.Hacıyevin, Q.Kazımovun əsas tezislərinin müdafiə olunması ilə əlaqədar mülahizələri də qeyd etmək yerinə düşər. Odisseyin Basat-Beyrək; Polifem - Təpəgöz; Edip - Buğac; Herakl - Dəli Domrul; Selcan xatun - Yelena; Sabur Qazan - Aqamemnon; Banuçiçək - Penolopa. Bütün bu ədəbi oxşarlıqlar və cüzi fərqlər Homerlə “Dədə Qorqud” müəlliflərini bir-birinə çox yaxınlaşdırır. Qədim yunan və qədim türk torpaqları, coğrafi adlar, şərhlər, adət-ənənələrin oxşarlığı və bunlar barədəki qənaətlər oxucunu ciddi düşünməyə vadar edir. Şübhəsiz, bunlar da kitabın əsas məziyyətlərindən sayılmalıdır.

Əli Sultanlının məşhur və etibarlı kitabından sonra Ə.Xəlilovun toxunduğu yeniliklər çoxdur. Buradaca qeyd edirik ki, müəllif ilk dəfə olaraq dərs vəsaitində qədim dünyanın filosofları haqqında da yığcam məlumatlar verir ki, bu da tələbələr üçün çox faydalıdır.

Sokratdan, Platondan, Aristoteldən, Buddadan, Zərdüştdən, Siserondan verilən yığcam aforizmlər, müdrik kəlamlar, təbiidir ki, gəncliyin təlim-tərbiyəsində çox yararlı sayıla bilər.

Antik dövrün lirikası da kitabda çox yığcam ifadəsini tapmışdır. Bu dövrün şairlərindən edilən tərcümələr də kitab müəllifinin bu məsələyə ciddi yanaşmasının nəticəsidir.

Dərs vəsaitində ilk dəfə olaraq Luis de KamoensTortkvatto Tasso barədə oçerkin verilməsi də yeni ədəbi hadisədir. Həm portəgiz, həm də italyan dahisininLuziada”, “Azad olunmuş Qüds” əsərlərinin kitabda geniş təhlili oxucuda böyük maraq doğurur. Bu məsələdə dahi Əlibəy Hüseynzadəyə istinad edilməsi də kitabın əsas məziyyətidir. Qərb dünyasının iki böyük sənətkarına Ə.Hüseynzadənin baxışları kitabda müfəssəl elmi ifadəsini tapmışdır. Hər iki Avropa yazıçısı və şairinin poemalarından gətirilən bədii parçalar intibah dövrünün ab-havası barədə təsəvvürümüzü daha da genişləndirir.

12 hissədən ibarət “Qərb-Şərq divanı” əsərinin “Müğənninamə”, “Hafiznamə”, “Eşqnamə”, “Təkfirnamə”, “Farsnamə”, “Xüldnamə” ədəbi bölmələri kitab müəllifi tərəfindən maraqlı elmi-bədii müşahidələrlə izah olunur. Kitabın mühüm, yeni keyfiyyəti də odur ki, müəllif özündə cəsarət taparaq “Qərb-Şərq divanı”ndan səkkiz şeir tərcümə etmişdir. Xüsusən “Hicrət”, “Züleyxa”, “Cənnət kitabı”, “Lap az şey istərəm”, “Seçilmiş xanımlar”, “Mənim oxu kitabım” (Nizami), “Eşqnamə”, “Müğənninamə” (tilsim) şeirlərinin dilimizə tərcüməsi kitab müəllifinin uğuru sayılmalıdır.

Kitabın “Əlavə” bölməsi də dərs vəsaitinin mahiyyəti ilə səsləşir. Belə ki, müəllif öz fərdi duyğularını, dünya şairlərinə bəslədiyi məhəbbəti şeirin dili ilə ifadə etmişdir. 35 bəndlik rübai kitabın əsas ruhu ilə bədii vəhdət təşkil edir. Bu, şübhəsiz ki, tələbələrin dünya dahilərinə sevgi və sayğı ilə yanaşmalarına xidmət edir.

Deyiləcək yeniliklər kifayət qədər çoxdur. Biz dərs vəsaitinin (I cildin) yalnız müəyyən bir qismi barədə danışa bildik. Yeddicildliyin II kitabında İntibah dövrü ədəbiyyatı geniş izahını tapır. Burada Aligeri Dante, Françesko Petrarka, Covani Bokkaçio, Torkvatto Tasso kimi İtaliya ədəbiyyatının görkəmli şəxsiyyətlərindən söhbət açılır və hər birinin fərdi yaradıcılıq cəhətləri elmi-bədii arqumentlərlə üzə çıxarılır.

Şübhəsiz ki, intibah dünya mədəniyyəti tarixində tamamilə yeni bir hadisədir. Elm də, poeziya da, elə bütövlükdə mədəniyyət də Şərqdən doğmuşdur. Şərqin - Doğu, Qərbin - Batı adlanmasında da məntiq elə bəlkə bundadır. Təəssüf ki, şair-filosoflar, tənqidçi-estetiklər, yazıçı-ədəbiyyatşünaslar çox vaxt bu məsələdə birtərəfli mövqe tutmuş, yalnız Avropa renessansından danışmağa üstünlük vermişlər. Kitab müəllifinin də qeyd etdiyi kimi, “Şərəfnamə”lər, “İqbalnamə”lər, “Min bir gecə”lər, “Şahnamə”lər, habelə Mövlanalar, Xəyyamlar, Sədilər, Hafizlər, Nəsimilər, Xətailər, Füzulilər yalnız Şərq hadisəsi kimi etiraf edilmişdir. Halbuki Günəş Günəşdir, o da Şərqdən doğur. Böyük Sabir demişkən, “Günəşi necə danmaqolar?!

İnsan hər şeyin meyarıdır” məntiqi ilə meydana çıxan intibah məhz realizm bədii metodu ilə sıx əlaqədardır. Mədəniyyətdə üç böyük tarixi mərhələ - intibah, maarifçilik və XIX əsr sonrakı dövrlər üçünyeni ədəbi-estetik üfüqlərə yol açdı.

İtaliya intibahı digər ölkələrin də mədəniyyətinə böyük təsir göstərir və beləliklə, Cefri Coser, Uilyam Şekspir, Defo, Svift, Bayron, Skott, Dikkens, Şou, Moyem kimi ədəbi şəxsiyyətlər meydana gəlir. Azərbaycan oxucularına təqdim olunan bu dərs vəsaiti (7 cildlik) dünyanın söz xəzinəsinə zəngin töhfələr vermiş ingilis ədəbiyyatını da nəzərimizdə yetərincə canlandırır. Müəllif İspaniya, Portuqaliya, Almaniya intibahını da əhatə etməyə çalışmışdır. Servantesə, Kameonsa, Erazma həsr edilmiş səhifələr xüsusi maraq doğurur. Ə.Xəlilov haqlı olaraq bu tezisi əsas tutur ki, intibah nümayəndələri insanı və dünyanı kəşf etmək, ensiklopedik zəkaya sahib olmaq, həyatın bütün sahələrinə nüfuz edə bilmək məqsədini qarşıya qoymuş və əsərləri ilə bunu sübuta yetirmişlər. Dünyanın materialist qavrayış, insan şəxsiyyətinin formalaşması, onun ahəngdar inkişafı üçün geniş imkanlarının açılması, hər sahədə əsaslı dönüş yaratmaq, cəmiyyətin səciyyəvi pafosunu müəyyənləşdirmək kimi məsələlər onların idealını təsdiqləyən amillər idi və çox yaxşı ki, bunlar dərs vəsaitində elmi-bədii təhlilini tapır.

Bu faydalı dərs vəsaitində XVII və XVIII əsr dünya ədəbiyyatından da maraqlı oçerklər verilmişdir. Müəllif düzgün qeyd edir ki, XVII əsrdən etibarən real düşüncə və milli azadlıq ideyaları önə keçirinsan yaradıcı qüvvə kimi tarixi arenaya daha möhkəm inamla daxil olur.

Fransız filosofu və riyaziyyatçısı Blez Paskaldan gətirilən misal da zənnimizcə, həmin dövrü düzgün səciyyələndirmək cəhətdən yerinə düşür: “İnsan indi öz üzərində daha çox düşünmə mərhələsini keçirir: İnsan, Təbiət, Yer, Allah nə deməkdir? İnsanın gəlişi və gedişini necə izah etmək olar?..”

Lope de Veqa, Nikola Bualo, Kornel, Rasin, Molyer, Con Miltondan bəhs olunan fəsillər və oçerklərdə həmin yazıçıların yaradıcılığı araşdırılır və müvafiq nəticələr çıxarılır. XVIII əsr ədəbiyyatını təmsil edənlər də öz geniş ədəbi-nəzəri şərhini tapmışdır. Xüsusilə, Volter, Didro, Russo, Monteskyö kimi maarifçilərin, habelə Şiller kimi böyük dramaturqların yaradıcılıqları Azərbaycan ədəbiyyatı ilə müqayisəli şəkildə elmi təhlilini tapır. Müəllifin bu cildlərdə dahilərin müdrik kəlamlarına yer ayırması da təqdirəlayiqdir. Sokrat, Platon, Aristotel, Konfutsi, Hz.Məhəmməddən gətirilən aforizmlər, habelə Dante, Volter kimi şəxsiyyətlərin dəyərli fikirlərinə istinad edilməsi, bizcə, yerinə düşür və gənclikdə xüsusi maraq doğura bilər. Bütün bunlarFikir-dürr, söz-mirvaridir” başlığı altında verilmişdir ki, bu da dərs vəsaitinin mühüm bir məziyyətidir.

XIX əsri də ədəbiyyat, incəsənət sahəsində geniş vüsət almış tarixi dövr kimi səciyyələndirmək olar. Antik, intibah, Maarifçilik mərhələsindən sonra bu əsrin özünəməxsus cəhətlərindən ən mühümü bu idi ki, romantizm, realizm özünün geniş inkişaf mərhələsinə gəlib çatdı. Xüsusilə, fransız ədəbiyyatının böyük təmsilçiləri hesab edilən Stendal, Balzak, Hüqo, Düma, Flober, Zolya, Mopassan kimi dahiyanə sənətkarların roman janrının inkişafındakı xidmətlərini qeyd etmək vacibdir.

Kitab müəllifinin müfəssəl tədqiqi və təhlili oxucu kütləsində geniş ədəbi-elmi təsəvvür yaradır ki, bu da dərslik və dərs vəsaitləri üçün əsas məziyyətdir. Vaxtilə Viktor Hüqo haqlı qeyd edirdi ki, XIX əsrin şair və yazıçılarının əksəriyyəti Fransa inqilabının yetirmələridir. Doğrudan da, bu tarixi hadisənin real təsirindən idi ki, görkəmli fransız ədibləri ilə yanaşı ingilis, alman, polyak, rus və digər yazıçılar üçün geniş yaradıcılıq üfüqləri açıldı və Bayron, Göte, Mitskeviç, Kuper, Uitmen, Edqar Po, Puşkin, Tolstoy, Dostoyevski, həmçinin M.F.Axundov, A.Bakıxanov kimi böyük şeir-sənət adamları meydana gəldi ki, XIX əsri bunlarsız təsəvvür etmək qeyri-mümkündür. Ə.Xəlilov III cildinÖn söz”ündə çox haqlı olaraq yazır ki, dünya ədəbiyyatının inkişaf və tərəqqisində müstəsna rol oynamış klassizm, daha sonra isə romantizm, realizm və tənqidi realizm XIX əsrin də əsl simasını təyin edən estetik meyarlardır.

Dərs vəsaitinin sonrakı cildləri (IV, V, VI, VII) XX əsr dünya ədəbiyyatını əhatə edir. Amerika ədəbiyyatından Amadu, Neruda, Folkner, Markes, Drayzer, Heminqueys. kimi görkəmlıi ədəbi şəxsiyyətlərin yaradıcılıq yollarına həsr olunan oçerklər yığcamlığı və elmi dərinliyi ilə diqqəti cəlb edir. Fransa ədəbi mühitindən geniş bəhs edən müəllif daha çox Albert Kamyü, Lui Araqon, Romen Rollan, Sartr yaradıcılığının mühüm estetik xüsusiyyətlərinə yer ayırmışdır. Bütün bu elmi-ədəbi səhifələrdə bizə məlum olan faktlarla yanaşı ayrı-ayrı mərhələlərə, hadisə və mövzulara sərbəst, fərdi yanaşma metodu özünü daha aydın göstərir. Hər şeyə ehkam kimi baxmayan müəllif, yeri gəldikcə, fikirlərini Azərbaycan ədəbiyyatı müstəvisində izah etməyə üstünlük verir, maraqlı ədəbi paralellər və müqayisələrdən çəkinmir. Elə məhz bu cəhət dərs vəsaitinin daha oxunaqlı və maraqlı olmasını təmin edir. Müəllif kitabında geniş oxucu kütləsini və xüsusən tələbələri nəzərdə tutaraq Azərbaycan üçün nisbətən yaxın və doğma olan yazıçılar haqqında təsəvvür yaratmağa önəm vermişdir. Qərb dünyası ilə yanaşı rus ədəbiyyatının da ən görkəmli ədib və şairlərinin yaradıcılığına ayrıca səhifələr həsr olunmuşdur ki, bu da ali məktəb tələbələrinin mənəvi ehtiyacını kifayət qədər ödəyə bilir. Odur ki, Ə.Xəlilov amerikan, fransız, ispan xalqlarının ədəbiyyatı ilə məhdudlaşmayaraq rusların Qorki, Blok, Mayakovski, Yesenin, Kuprin, Bunin, Bryusov kimi böyük şəxsiyyətlərinin yaradıcılığına da xüsusi oçerklər, ədəbi portretlər həsr etmişdir.

İngilis Moyem, amerikan Selincer, Sinkler, Smit, habelə Koelyo, Borxes, alman Kafka, italyan Eko, ispan Qarsio Lorka, ərəb əsilli Amerika şair və yazıçısı Cübran Xəlil və başqaları haqqında yazılan dəyərli səhifələr dərs vəsaitinin sanbalını daha da artırır.

Müəllif kitabının VI, VII cildlərində XX və XXI əsrin dahi şəxsiyyətlərinə xüsusi yer ayırmışdır. Oxucu üçün maraqlı cəhətlərdən biri budur ki, Plat Silviya, Edqar Po, Tomas Mann, Henrix Mann, Herman Hesse, Lessinq, Maria Remark, Pol Elüar, Uayld, Kiplinq barədə də oxucu geniş məlumat ala bilir. Yapon ədəbiyyatının XX əsrdə geniş vüsət almasına dair xülasədə elmi mülahizə və müşahidələr müasir estetik dəyərlər mövqeyindən diqqəti cəlb edir. Görkəmli yapon yazıçıları Haruki Murakami, Jasunari Kavabata haqqındakı oçerklər daha yeni və maraqlıdır. Müəllif bu ədəbi şəxsiyyətləri XX əsrin ən görkəmli klassikləri kimi dəyərləndirir. Onların əsərlərindən gətirilən misallar, ədəbi faktlar bu iddianı təsdiq edir. Həm də bütün bunlar dünya ədəbi müstəvisində konkret paralellər və müqayisələrlə təsbit olunur.

Yeddi cildlik dərs vəsaiti hazırlamaq və tələbələrin ixtiyarına vermək asan məsələ deyildir. Nəzərə alsaq ki, bu cildlərin hər biri 500 səhifəni əhatə ediroxucuda yetərincə təsəvvür yaradır, bunun hamısı böyük zəhmət hesabına başa gəldiyi aydın olar. Özündən əvvəl bu sahədə yazan tədqiqatçılara böyük minnətdarlıq və sayqı göstərmək Ə.Xəlilovun bütün cildləri üçün xasdır. Qədirşünaslıq həmişə ən mühüm məziyyət sayılır. Bunu professor Əmirxan Xəlilovun bu kitabının timsalında aydın görürük. Ə.Sultanlı, Ə.Ağayev, C.Nağıyev, T.Novruzov, M.Qocayev, H.Qoca, A.Məsud və onlarca digər şəxsiyyətlərə, habelə ən gənc tərcüməçi - tədqiqatçılara istinad edilməsi və onlara ehtiram, diqqət göstərilməsi hər bir müəllifin mənəvi borcudur.

Əlbəttə, bu böyük dərs vəsaitindən ətraflı danışmağa dəyər. Biz inanırıq ki, tanınmış şəxsiyyətlər, gənc alimlər, ədəbiyyatşünaslar bu barədə söhbət açacaq və müəllifin gərgin elmi əməyi layiqincə öz qiymətini tapacaqdır. Zənnimizcə, buna hər cür əsas var.

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 13 iyul.- S.6.