4. İqtidarın alternativinə çevrilə bilməyən müxalifət

 

Demokratik inkşafın Azərbaycan nümunəsi

 

 

Azərbaycanın siyasi sisteminin təkmilləşdirilməsi və müxtəlif sosial qrupların mənafelərini əks etdirən siyasi qüvvələrin tarazlığına əsaslanan siyasi sabitliyin təmin edilməsi normal fəaliyyət göstərən müxalifət institutu olmadan mümkün deyil. Lakin müxalifət bu məsul rola həm ideoloji cəhətdən, həm də praktiki baxımdan tam hazır olmalıdır.

İqtidar ilə müxalifətin qarşıdurması ilk baxışdan həmişə nüfuz, imkanlar, resurslar uğrunda, nəhayət hakimiyyətin özü uğrunda mübarizədən ibarətdir. Lakin bu mübarizə ağılla, sivil şəkildə və ən başlıcası məsuliyyətlə aparılmalıdır. Çünki sağlam qüvvələrin maraqları prizmasından baxanda həmişə milli maraqların aliliyi kimi nəcib məqsəd görünür.

 

Akademik Ramiz MEHDİYEV

 

Azərbaycanda müxalifət mövzusu bu gün ən əhəmiyyətsiz, zərrə qədər də siyasi aktuallıq kəsb etməyən, ictimaiyyətin tamamən unutduğu bir məsələdir. Sanki bu məmləkətdə müxalifət deyiləcək bir qüvvə də yoxdur. Nə onların fəaliyyəti görünür, nə partiyalarının hansısa ümumrespublika tədbiri keçirilir, nə də sırf dövlət və millət maraqları ilə bağlı hansısa bir təşəbbüs və təklifləri meydana çıxır. Qəzet səhifələrində ara-sıra qəzəbli fotolarının çapını, bəzən isə futbolla bağlı proqnozlarını, yaxud uşaqlıq xatirələrini əks etdirən silsilə müsahibələrini çıxmaq şərtilə özlərinə müxalifətçi deyən kəsimin funksionerləri ictimai-siyasi həyatdan könüllü şəkildə tədric olunublar.

İllər öncə "Müxalifətdə sonun əvvəli mərhələsi başlayıb" yazırdıq və yanılmırdıq da. İndi isə bu düşərgədə artıq elə sonun sonudur...

 

Xarici təsirin müəyyənləşdirdiyi "milli siyasət"

 

Müxalifət siyasi sistemin təməl daşlarından, sütunlarından biridir. Müxalifətsiz siyasi sistem tam deyil, yarımçıqdır. O, siyasi-ictimai mexanizm kimi hakimiyyətə nəzarət funksiyasını həyata keçirməklə yanaşı, həm də cəmiyyətdə alternativ təşəbbüslərin, fərqli təkliflərin, müxtəlif baxışların ifadəçisi olmalı, bir sözlə, iqtidarı hər an əvəzləmək potensialına yiyələnməlidir.

Bütün dünyanın qəbul etdiyi və əsrlərin sınağından çıxaraq daim təkmilləşən bu müxalifətçilik missiyası təəssüf ki, Azərbaycan timsalında mövcud deyil. Bu problemin əsas səbəbi məhz yerli müxalifətin sivil mübarizə metoduna əsaslanaraq fəaliyyət göstərə bilməməsidirsə, digər şərti isə zaman-zaman elektoratını itirərək artıq tam etimadsızlıq mühiti ilə üzləşməsidir. Dünənki xəyanətə bərabər yanlışları, bu gün milli maraqlarla uzlaşmayan əməlləri, həmçinin sabahla bağlı aydın təsəvvürlərinin və sağlam hədəflərinin olmaması müxalifətə qarşı cəmiyyətin birmənalı inamsızlığını yaradan amilllərdir. Vətəndaşların təsəvvüründə müxalifət hələ də 1991-1993-cü illərin xaos, anarxiya, böhranseparatizm dalğası ilə birbaşa assosasiya olunur, bu bəlaların yaradıcısı kimi səciyyələnir.

Təsadüfi deyildir ki, cəmiyyətdə müxalifətə yönəlik kütləvi hal alan barışmazlıq sindromu konstruktiv baxışlı müxalifətin də mövqeyinin güclənməsinə, onların elektoral baza artımına imkan vermir. Çünki xalq ümumilikdə "müxalifət" ifadəsinə, əks baxışa aqressiv mövqe sərgiləyir və hər hansı bir alternativ təşəbbüs müxalifət qismində təqdim ediləndə onu sınamadan belə imtina edir. Bu baxımdan da hətta hakimiyyətdən narazı olan, fərqli baxışa sahib insanlarımız nəinki ənənəvi müxalifətə, heç konstruktiv müxalifətə belə inanmır, onlara səs vermir, seçkilərə ya qatılmır, ya da müstəqil namizədlərə etimad göstərirlər. Son 19 il ərzində keçirilən parlament və bələdiyyə seçkilərində də hakimiyyətə real opponentlik edənlər məhz müstəqil-bitərəf namizədlər idi. Onların bu strukturlarda təmsilçilikləri isə radikalkonstruktiv müxalifətin namizədlərinin birgə sayından qat-qat artıq olub.

Göründüyü kimi, müxalifət öz elektoratını nə ideya təəssübkeşliyi baxımından genişləndirə bilir, nə də iqtidardan narazıları öz ətrafina cəlb etməyə müvəffəq olur.

Digər mühüm məqam isə müxalifətin ötən 21 il ərzində real siyasi alternativə çevrilməyi bacarmamasıdır. Bunun da səbəbi yəqin ki, onların ümumiyyətlə, siyasi səhnəyə gəlişlərinin təbii axarla baş tutmamasıdır.

Bu gün müxalifət vitrininin ön cinahında yer tutan funksionerlər 1988-ci ildə Ə.Vəzirov-V.Hüseynov (DTK sədri) duetinin birbaşa müdaxiləsi ilə siyasi səhnəyə sırınıblar. İttifaq miqyasında baş qaldıran etiraz hərəkatını Azərbaycanda nəzarətə almaq, onu konkret hədəfləri olan, böyük xalq dəstəyindən bəhrələnən və "ipə-sapa yatmayan" nüfuzlu ziyalılara, ictimai xadimlərə, professor-akademiklərə deyil, məhz məlum laborantlara həvalə etmək ssenarisi uğurla gerçəkləşdi. "Qorbaçov yenidənqurmasının yarımçıq embrionları" məlum inzibatixüsusi xidmət dəstəyilə bir anın içində "liderlərə" çevrildilər, onlar üçün real rəqib olan tanınmış ziyalılar isə bədnam qarayaxmalarla, böhtanlarla ictimai nüfuzdan salındılar.

Yəni, "gözəgörünməz əl" vasitəsilə siyasətə calanan mövcud müxalifət funksionerləri artıq 26 ildir ki, fəaliyyətlərində heç vaxt öz gücünə arxalanmayıb, siyasi potensialını formalaşdırmayıb, daim kənar hamilərə güvənib və hər siyasi mövsümdə yenilənən sponsorların buyruqlarına uyğun "mübarizə" aparıblar.

Hətta hakimiyyətləri dövründə də onları iqtidara gətirən

"9 dövlətin xeyir-duasından" kənara çıxa bilməyiblər. Hər vəzifəli şəxs bir dövlətin təəssübkeşinə, hətta casusuna çevrilib, milli mənafeyi yox, məhz maliyyə aldığı ölkənin maraqlarının ifadəçisi olub. Qarabağ cəbhəsində Azərbaycan Ordusunun hazırladığı hərbi əməliyyatların planları korpuslara, batalyonlara gəlib çatmamış xarici dövlətlərin xüsusi xidmət orqanlarının masasında olurmuş. "Əsrin müqaviləsi"nin 1993-cü ilin iyun ayında imzalanması nəzərdə tutulan ilkin variantında isə neftimiz əvvəlki 70 ildə olduğu kimi, yenə də başqa dövlətlərin əmlakı olacaqdı. Azərbaycanı bir ölkənin təhriki ilə digər dövlətin düşməninə çevirən, kənar qüvvənin tapşırığı ilə tarixi əlaqələrimiz olan dost respublikadakı hakimiyyəti legitim saymadığını bəyan edən bugünkü müxalifətin o zamankı iqtidarı birmənalı şəkildə yalnız xarici təsirlərə xidmət göstərdiyindən, xalqdan və nəticədə həm də hakimiyyətdən uzaq düşdü.

1993-cü ildən yenidən müxalifət cinahına keçən düşərgə mənsublarının siyasi istinadgahı bu dəfə də xalq olmadı. Həmin dövrdə müstəqillik yolu ilə kövrək addımlarını atan, fəqət düzgün strateji hədəflər müəyyənləşdirərək güclü və asılı olmayan dövlətə çevriləcəyinin proqnozlarını verən Azərbaycana qarşı yeni əks cəbhə formalaşdı. Bu antiazərbaycançı cəbhənin tərkibində, - indi artıq bunları gizlətməyə lüzum yoxdur, - Qərbdən Şərqə, Şimaldan Cənuba qədər xeyli dövlət təmsil olunurdu. Dünyanın yenidən bölüşdürüldüyü o dövrdə Xəzərin enerji potensilanı da öz aralarında artıq pay-püş edən fövqəldövlətlər, neft və qazı öz ölkəsi üçün "su qiymətinə" almağı planlaşdıran digər ölkələr bir anın içində Azərbaycana qənim kəsildilər. O illərdəki qiyam, çevriliş, sui-qəsd cəhdlərinin də arxasında birmənalı olaraq məhz məlum dövlətlərin xüsusi xidmət orqanları dayanırdı. Və şübhəsiz ki, bu dövlətlərin də məmləkətimizdəki emissarları xalqın hakimiyyətdən saldığı məlum düşərgə idi. Bu qüvvələr həmin şəbəkənin maliyyə təsiri altında, onların cızdıqları bütün ssenarilərdə fəal iştirak edir, təmsilçilərini hüquqazidd əməllərə, dövlətçilik əleyhinə yönəlmiş təxribatlara fəal şəkildə cəlb edirdilər.

2000-ci ilin əvvəllərindən isə antiazərbaycançı şəbəkəninin tərkibində aparıcı mövqe QHT şəbəkələrinə, beynəlxalq təsisatlara keçdi. Uzun onilliklər boyu dövlətlərin apardıqları gizli ekspansiya siyasəti artıq yeni minilliyin astanasında məhz bu qondarma qurumlar, təşkilatlar vasitəsilə aşkar həyata keçirilməyə başladı. Bu prosesdə erməni lobbisinin maliyyəsi və beynəlxalq təsir gücü də həlledici dəstək idi. Əlbəttə ki, yeni antiazərbaycançı kampaniyanın da "milli dayaqları" Azərbaycan müxalifətinin artıq "qeyri-hökümət təşkilatı və hüquq müdaifəçisi" adı altında fəaliyyət göstərən nüvəsi oldu.

Bu proses sifarişçilər və icraçılar (yəni, şəbəkə və müxalifət) arasında maliyyə bağlılığını da xeyli asanlaşdırdı və "şəffaflaşdırdı". Belə ki, artıq ölkəmizə antiazərbaycançı fəaliyyət üçün vəsait gizli yollarla yox, qrant adı ilə göndərilməyə başladı. Uzun illərdir bu QHT-lər və "hüquq müdafiəçiləri" on milyonlarla dollar həcmində qrant almışlar ki, bu vəsaitlərin təyinatı üzrə yox, məhz siyasi məqsədlər üçün xərcləndiyi faktlarla sübuta yetirilir.

 

Demokratik təkamülə qarşı zorakı avantüra

 

 "Bizə rəqib olmaq istəyənlər xarici dairələrin təlimatı ilə fəaliyyət göstərirlər. Onlar üçün xaricdən verilən vəsait, oradan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar" - Prezident İlham Əliyevin bu fikirləri müxalifətin həqiqətən də anti-milli mövqedə olduğunu təsdiqləyir.

Həmçinin onların hətta ən ümdə problemimiz olan Qarabağ itkisinisiyasi hərraca çıxarmalarını göstərir. Əslində, Qarabağ mövzusu müxalif düşərgə üçün hər zaman spekulyasiya hədəfi olub. Bu dalğa üzərində siyasətə calanıb, hakimiyyətə dırmanıb, sonra isə miyonlara sahib olublar.

Onların fəaliyyət xronologiyasına nəzər salarkən, özünü biruzə verən ilk xüsusiyyət zorakılıq, radikallıq və aqressiyadır. Müxalifət necə ki, bu gün iqtidarın apardığı demokratik təkamül prosesinə qarşı alternativ kimi məhz zorakı avantüraları təqdim edir, elə onilliklər öncə də məhz bu radikal ab-hava ilə siyasətə qədəm qoyub.

Meydan "epopeyası" zamanlarında etiraz aksiyalarının hər dəfə qəddarlıqla dağıdılması və yüzlərlə insanın xəsarət alması, 20 yanvarda özlərinin gizlənməsi, günahsız gənclərin isə sovet hərb maşınının qarşısına göndərilməsi, Qarabağ cəbhəsində siyasiləşmiş batalyonların tərkibində döyüşən minlərlə vətənpərvərin ermənilərə qarşı savaşdan çəkindirilərək siyasi avantüralar nəticəsində qurban verilməsi, hakimiyyət üzərinə tankların yeridilməsi...

- bütün bunlar müxalifət rəhbərlərinin ötən əsrin 90-cı illərinin əvvəllərində seçdikləri və bu günədək də sadiq qaldıqları siyasi xəttdir. Yəni, məqsədə bəraət qazandıran vasitə hər zaman zorakılığa meylbundan özlərinin deyil, əksinə günahsız insanların zərər görməsidir.

Bu xüsusiyyəti müfəssəl təhlil etdikdə bir fakt aydın olur: əslində, radikallıq onların yalnız xisləti deyil, həm də ölkədə ajiotajsüni gərginlik yaratmaq üçün sifarişçilərindən aldıqları tapşırıqların mahiyyətidir. Hətta hakimiyyətə xalqın dəstəyilə yox, 9 ölkənin xeyir-duası ilə gələrkən də iqtidarların uzunömürlülüyü üçün siyasi sabitlikictimai asayiş yaratmaq əvəzinə süni münaqişə ocaqları, gərginlik dalğası formalaşdırırdılar. Sanki zorən insanları etirazlarını silaha sarılmaqla bildirməyə cəlb edir, etnik qrupları qəsdən mərkəzi hakimiyyətə qarşı qaldırır, kriminal elementləri cəzasızlıq mühitilə "stimullaşdırırdılar".

Təsadüfi deyil ki, Xalq Cümhuriyyətindən müasir dövrümüzədək tarixi silsilədə ən böhranlı, məşəqqətli, çətin dövr və qardaşın-qardaşa silah qaldırdığı zaman məhz bugünkü müxalifətin hakimiyyətdə olduğu o qanlı illərdir.

Şübhəsiz ki, bütün bu zorakılıq aktlarında yüzlərlə vətəndaşımız xəsarət alıb canını fəda etsə də, bu ssenarilərin müəlliflərinin burnu da qanamadı. Və ən əsası, onları Surət Hüseynovun Azadlıq meydanında quracağı dar ağacından Heydər Əliyev xilas etdi.

Məlum düşərgə son 21 il ərzində yürütdüyü müxalifət missiyasını da məhz xaricdən verilən sifarişlərin gerçəkləşməsinə və bu məqsədlə ölkədə süni gərginlik yaratmağa həsr edib. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart qiyamlarında, həmçinin 2003-cü ilin oktyabr hadisələrində siyasi hakimiyyətdən öncə məhz dövlətə və xalqa qarşı olan qəsdlərdə antiazərbaycançı şəbəkənin tam xidmətində dayandılar. Yenə də başqalarını qurban verib, özləri qaçıb-gizləndilər! Son dövrlərin mitinqlərində isə tərəfdarlarını hüquq-mühafizə orqanları ilə süni qarşıdurmaya çəkərək onları həbsxanaya göndərsələr də, özləri heç meydanlara da gəlmədilər - evlərindən kənara çıxmadılar.

Azərbaycanda formalaşan mövcud siyasi sistemin yaradıcılarından olan, ölkənin siyasi inkişaf təmayüllərinin ideoloji aspektlərini düzgün müəyyənləşdirən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevi həm də iqtidar-müxalifət münasibətlərinin dərin bilicisi saymaq olar. Son 25 ilin bütün siyasi keşməkeşlərinin canlı müşahidəçisi olan ekspertsiyasi təlatümlərin aradan qaldırılmasında əsas yardımçı olan görkəmli dövlət xadimi kimi onun rəyləri, mülahizələri hər zaman, hətta müxalifət tərəfindən də mötəbər fikir, əsaslı münasibət olaraq qəbul edilib. Akademik Ramiz Mehdiyevin Azərbaycanın siyasi tarixinin ən dəyərli araşdırmalarını ərsəyə gətirən nüfuzlu alim kimibu proseslərə fundamental baxışları var.

"Radikal müxalifətin dəyişməz liderləri bundan nəticə çıxarmalı və başa düşməlidirlər ki, radikalizm, aqressivlik heç bir nəticə verməyəcək. Bu, dar dalandır. Bu müxalifət hətta özünün azsaylı tərəfdarlarını da itirəcək. Artıq başa düşmək lazımdır ki, həm məsuliyyətli hökumət, həm də rəqabət qabiliyyətli müxalifət fəaliyyətdə olan demokratik cəmiyyətin ən mühüm tərkib hissələridir. Lakin rəqabət hüquqa zidd texnologiyaların artmasına, ictimai asayişin pozulmasına, təcavüzkar hərəkətlərə gətirib çıxarmamalıdır" - fikrimizcə, akademik Ramiz Mehdiyevin bu fikirləri iqtidar rəsmisinin münasibətindən daha çox, məhz ölkənin ən məşhur siyasi təhlilçi-araşdırmaçısının gəldiyi düzgün qənaət, verdiyi dəqiq proqnozdur.

 

Müxalifət nə vəd edir?

 

Müxalifət iqtidarın alternatividir - bu məlum məsələdir. Və siyasi sistemin vacib qanunauyğunluğuna əsasən də onlar hakimiyyətdə bir-birilərini əvəzləməlidirlər. Amma fakt odur ki, mövcud hakim siyasi kurs 21 ildir iqtidar mövqeyindədir və hər seçkidən-seçkiyə etimad limitini daha da artırır. Təbii ki, bu artım alternativ qüvvənin, yəni müxalifətin səslərinin azalmasının təzahürüdür.

Bəs nə baş verir? 5 prezident, 4 parlament, 3 bələdiyyə seçkilərində davamlı olaraq səs itirən müxalifətin iflas səbəbi nədir?

Şübhəsiz, əsas məsələ odur ki, hazırkı iqtidar xalqın bütün istək və arzularını gerçəkləşdirərək davamlı inkişafı təmin etdiyindən heç kəs onun dəyişilməsini istəmir və səsvermə məqamında öz mövqeyini ifadə edir. Müxalifətin sürətli iflasının isə öz səbəbləri var. Burada ilkin səbəb onun antimilli fəaliyyətidir. Digər mühüm səbəb isə xalqın onların hakimiyyətləri dövründə yaşadağı məşəqqətləri unutmaması və vəziyyətin təkrarlanacağından keçirdiyi ciddi qorxudur. Bu arqumentləri müxalifət hər zaman hay-küylə qarşılayır və opponetlərinə - iqtidara keçmişdən yox, gələcəkdən bəhs etməyi təklif edir.

Əslində, bu günümüz və gələcəyimiz məhz keçmiş fəaliyyətlərimizin məntiqi davamıdır. Əgər dünən qoyduğumuz bünövrə səhv və qüsurludursa, sabah onun üzərində inşa edəcəyimiz bina da uçmağa məhkumdur.

Yaxşı, dünəni unudaq, bu günü görməzliyə vuraqancaq sabahdan danışaq. Müxalifətin bizə vəd etdiyi sabahdan...

Müxalifət nə vəd edir?

Heç nə!

Son 21 ili demirik, heç 10 ilə də toxunmuruq, elə 2-3 il ərzində müxalif cəbhədən Azərbaycanın hər hansı bir sahə üzrə inkişafına aid bir layihə verilibmi? Hüquqi dövlət quruculuğu ilə əlaqədər hansısa qanunverici təşəbbüs irəli sürülübmü? İqtisadiyyatdan siyasətə, sosial həyatdan mədəniyyətə, regional inkişafdan xarici siyasətə qədər onlarla sahə üzrə hansı alternativ baxışlar, fərqli təkliflər təqdim olunub?

Ümumiyyətlə, müxalifətin Azərbaycanın inkişaf strategiyası, dövlətimizin iqtisadisiyasi hədəfləri, Qarabağ münaqişəsinin nizamlanması, ordu quruculuğu, məşğulluq probleminin həlli, sosial infrastrukturların yaradılması, elm və təhsil sahələrində islahatlar, yaxud da siyasi sistemin və demokratikləşmə prosesinin təkmilləşdirilməsi ilə bağlı konseptual, əsaslandırılmış proqramı varmı?

Biz onu görmək, oxumaq, təhlil etmək və müzakirəyə çıxarmaq istərdik!

Müxalifət mənsubları seçkilər dövründə xalqın gözü qarşısında keçirilən debatlarda real seçkiqabağı platforma təklif edə bilmirlər, namizədlərinin perspektivdə nəyi və necə planlaşdırdığını söyləmirlər, yalnız ucuz demaqogiya ilə məşğul olurlar. Və beləliklə də, xalq müxalifətin vəd etdiyi müəmmalı (əslində, tam məlum olan) sabaha zərrə qədər də inanmır, seçiminin dəyişməzliyini bildirir!

Son 10 il ərzində ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb; yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faiz təşkil edib; 1,2 milyondan çox yeri açılıb, işsizlik səviyyəsi 5 faizə düşüb; ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın investisiya qoyulub; Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür - bunlar müxalifətin alternativinin - iqtidarın son 10 illik fəaliyyətinin ən qısa məcmusudur.

Bəs müxalifət hansı uğuru ilə öyünə bilər? Fəaliyyətində hansı artım dinamikası ilə qürurlanar? Yalnız antiazərbaycançı şəbəkədən aldığı qrantların həcmində olan  yüksəlişdən başqa hansı artım faktını xalqa göstərər?

İqtidar 2020-ci ilədək Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qoşulmasını hədəfləyir və bu məqsədə doğru inamla addımlayır.

Bəs müxalifətin 2020-ci iin Azərbaycanı ilə bağlı hədəfi, məqsədi nədir?..

Bu ritorik suallara ən doğru cavabı isə zənnimizcə, məhz akademik Ramiz Mehdiyev verir: "Əvvəlki illər ərzində bu düşərgənin sosial bazası göz qabağında əriyib gedib, çünki radikallar onilliklər boyu gərəksiz işlərlə məşğul olublar. Onlar fəaliyyət proqramının ideoloji tərkib hissəsini müəyyən edə bilməyib, islahatlar proqramına alternativ quruculuq fəaliyyəti konsepsiyasını işləyib hazırlamayıblar. Bəs bu cür qeyri-müəyyən şəraitdə onlar ardıcıllarını öz tərəflərinə necə cəlb etmək niyyətində idilər? Elektorat real ideoloji məqsədlərə, onlara nail olmağın hədəf və vasitələrinə, həyatın ayrı-ayrı sahələrində islahatların layihələrinə səs verir. İqtidar bunu həm bəyan edir, həm də həyata keçirir. Barışmaz müxalifətin dəyişməz liderləri ölkəmizin uğurlarını, islahatlar proqramının yekunlarını təkzib edir, amma əvəzində heç nə təklif etmirlər. Onların heç bir idarəçilik təcrübəsi və potensialı, elektoral dəstəyi olmadığı halda yalnız hakimiyyət istəyirlər. Axı, qeyri-real, absurd vədlər verən namizədə hansı seçici səs verər?"

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur...

 

(Ardı var)

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 17 iyul.- S.7.