Ermənilərin XIX əsrdə Şimali Azərbaycan

 torpaqlarına köçürülməsi tarixi həqiqətdir

 

Arxiv sənədlərinin dili ilə

 

 

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.

Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.

Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə belə broşürlər hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə çatdırılsın. O cümlədən, İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum deyildi. Bu məsələni mən birinci dəfə qaldıranda bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi görünürdü. Ancaq bu, reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir.

 

İlham ƏLİYEV

 

Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən biri də İrəvan xanlığıdır (1747-1828). Bu Azərbaycan dövləti XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmışdır. İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən - xanlıqlarından biri idi. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın  keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi.

İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar, çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü (1918-ci ildə Qərbi Azərbaycanda - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldıqdan sonra Göyçə gölünün adı 1930-cu ildə ermənilər tərəfindən dəyişdirilib "Sevan" adlandırılmışdır - red.) ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar.

Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda cərəyan etmişdir.

Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə - Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə"sində  oğuz türklərinin soykökündə duran Oğuz xaqanının məhz burada - Göyçə dənizi ətrafındakı torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar (bax: Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova. Bakı, 1998, s.46-47).

İrəvan xanlığının ərazisi, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx  şəkildə yaşadığı regionlardan biri idi.

XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad ("Valarşabad" toponimi Arşakilər (Arsaklılar) sülaləsindən olan Sanatürkün (Sanatrukun) oğlu Valar şahın (194-216) adı ilə bağlıdır. Uzun tarixi dövr ərzində "Valarşabad" kimi işlənmiş bu toponim erməni ədəbiyyatında təhrif olunaraq "Vağarşabad" formasına salınmışdır. Valarşabadın əsası Valar şah tərəfindən qoyulmuşdu (bax: Şopen İ.İ. İstoriçeskiy pamətnik sostoəniə Armənskoy oblasti v gpoxu ee prisoedineniə k Rossiyskoy imperii. SPb., 1852, s. 116.)) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdı (bax: İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, Bakı, 2009, s. 82-89.)

Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi.

İrəvan xanlığının ərazisində tarix boyu Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr - qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi...

Lakin XIX əsrin əvvəllərində Cənubi Qafqazın tarixində qanlı faciələr dövrü başlandı. Regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Çox çəkmədən Cənubi Qafqaz Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı müharibələr meydanına çevrildi.

Osmanlı dövləti və Qacarlar İran ilə sərhəddə yerləşən İrəvan xanlığının ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib hissəsi idi.  1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən Birinci Rusiya-İran müharibəsi zamanı İrəvan xanlığı iki dəfə (2 iyul-3 sentyabr 1804-cü il; 3 oktyabr-30 noyabr 1808-ci il) Rusiya qoşunlarının güclü hücumlarına məruz qaldı. Lakin İrəvan xanlığı Rusiyaya təslim olmadı və öz müstəqilliyini qoruyub saxlaya bildi. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadimləri olan Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) və Hüseynqulu xan Qacarın (1806-1827) başçılığı ilə doğma vətəninin müdafiəsinə qalxaraq çar qoşunlarına qəhrəmanlıqla müqavimət göstərdi. Böyük itkilər verən Rusiya imperiyasının hakim dairələri İrəvan xanlığını ələ keçirmək üçün şirnikləndirici vasitələrə əl atdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin baş komandanı general Qudoviç İrəvan sərdarının (Hüseynqulu xan Qacar - red.) qardaşı Həsən xan Qacara qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq İrəvan qalası və şəhəri istisna olmaqla bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından vəd verdi (bax: Aktı, sobrannıe Kavkazskoy Arxeoqrafiçeskoy Komissiey (AKAK), t.III, Tiflis, 1869, sənəd 447, s.239-240). Həsən xan Qacar Rusiya imperatoru adından verilən bu təklifi rədd etdi.

Çar Rusiyası Azərbaycan torpaqlarının işğalında ermənilərin köməyindən, erməni xəyanətindən dövlət səviyyəsində istifadə edirdi. Məsələn, çarın həmin dövrdə verilmiş bir fərmanına bununla bağlı ayrıca bənd daxil edilmişdi: "...Hər cür nəvazişlə erməniləri öz tərəfinizə çəkməyi xüsusi olaraq sizin ixtiyarınıza buraxıram" (bax: AKAK, t. I, Tiflis, 1866, sənəd 548, s.436).

Bütün bunlara baxmayaraq, Birinci Rusiya - İran müharibəsi zamanı Rusiya imperiyası İrəvan və Naxçıvan xanlıqlarını işğal edə bilmədi. Hər iki xanlığın yerli əhalisi olan Azərbaycan vətənpərvərləri doğma yurdun azadlığı uğrunda işğalçılara qarşı qəhrəmanlıq mübarizəsi aparıb və qələbə çaldılar.

İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyən I Nikolay İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi-strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı il oktyabrın 21-də Yermolova yazırdı: "Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin" (bax: Şerbatov M. Qeneral-felğdmarşal knəzğ Paskeviç. Eqo jiznğ i deətelğnostğ, t.II, SPb., 1890, s.122).

İkinci Rusiya - İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) Yermolova göndərdiyi 1826-cı il 1 avqust tarixli fərmanında işğalçı generala xüsusi olaraq tapşırırdı: təcili olaraq İrəvan Sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: "Allahın köməkliyi ilə Sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tutulub". Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir (bax: Zapiski Alekseə Petroviça Ermolova (1816-1827), ç.II, Moskva, 1868, s.214).

Azərbaycan vətənpərvərlərinə başçılıq edən İrəvan sərdarı Hüseynqulu xan Qacar və qardaşı, Aslanlar başı titulunu daşıyan Həsən xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı (27 aprel-23 iyun; 24 sentyabr-1 oktyabr), və Sərdarabad qalasını (16-17 aprel; 14-20 sentyabr) dörd dəfə qəhrəmancasına müdafiə etdi. Çar generalı Benkendorfun İrəvan qalasını təslim etmək tələbini rədd edən Həsən xan Qacar işğalçılara sərt və birmənalı cavab verdi "qalanı təslim etməkdənsə, onun dağıntıları altında ölməyim yaxşıdı" (bax: Potto V.A. Kavkazskaə voyna v otdelğnıx oçerkax, gpizodax, leqendax i bioqrafiəx, t.III, vıp.1-4, SPb., 1886, s.304-305). Lakin xəyanət öz işini gördü. Ermənilər İrəvan qalasını mühasirədə saxlayan Paskeviçlə əlaqəyə girdilər və azərbaycanlıların qalanın hansı hissəsində yerləşdikləri, top atəşlərini hara istiqamətləndirmək lazım olduğu barədə işğalçılara məlumat verdilər (bax: Enikolopov İ. Qriboedov i Vostok, Erevan, 1954, s.85-86).

Erməni xəyanətindən istifadə edərək İrəvan qalasını ələ keçirən və xanlığı işğal edən rus qoşunlarının baş komandanı Paskeviç bu "qələbəyə görə" qraf titulu (bax: Şerbatov M. Göstərilən əsəri, s.330), 2-ci dərəcəli Georgi ordeni, 1 milyon rubl məbləğində pul mükafatı və İrəvan qalasının ələ keçirilməsinə görə "Erivanski" titulu aldı (bax: Potto V.A. Kavkazskaə voyna v otdelğnıx oçerkax, gpizodax, leqendax i bioqrafiəx, t.III, vıp.1-4, SPb., 1886, s.591). İrəvan qalasının alınması Sankt-Peterburqda bayram edildi və bu münasibətlə  xüsusi rəsmi keçid düzənləndi. Bundan əlavə, İrəvan qalasının alınması münasibətilə xüsusi medallar təsis olundu.

İşğalçı Rusiya qoşunlarının İrəvanda törətdikləri dağıntılar və şəhərə vurduqları zərərlə bağlı V.Potto bu hadisənin canlı şahidinin dediklərini olduğu kimi qələmə alaraq yazırdı: "Qalanın cənub-şərq küncünə çatarkən divar və bürclərin dağıntısı məni heyrətə saldı. Mənə elə gəlir ki, rus mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi" (bax: Potto V.A. Göstərilən əsəri, s.516).

Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian - istinadgah məntəqəsi yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstan Respublikasının məhz azərbaycanlılar yaşayan bölgələrinə köçürdü. İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin hansı Azərbaycan torpaqlarına istiqamətləndirilməsi barədə konkret göstəriş də vermişdi: köçürülən erməniləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhalinin sayı mümkün qədər artırılsın (bax: Yenikolopov İ. Göstərilən əsəri, s.129-130). Beləliklə, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində İrandan Şimali Azərbaycana - İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni köçürüldü (bax: Qlinka S. Opisanie pereseleniə armən aderbidjanskix v peredelı Rossii. Moskva, 1831. s.131). Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi (bax: AKAK, t.VII, Tiflis, 1878, sənəd 829, s.845).

Ermənilərin İrandan və Türkiyədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu çoxsaylı arxiv materialları, xüsusilə ermənilərin köçürülməsi prosesini tənzimləyən rəsmi dövlət sənədləri - təlimatlar çox aydın sübut edir (bax: AKAK, t.VII, sənəd, 586, s.619-620; Qlinka S.N. Göstərilən əsəri, s.107.)

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən erməni mənşəli rus polkovniki Qazaros Lazaryan (Lazaryev) İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: "...Orada (yəni Şimali Azərbaycanda - red.) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz E İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin - red.) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik" (bax: Qlinka S. Göstərilən əsəri, s.107-111). Daim köçəri həyat sürməyə, yerdəyişmələrə adət etmiş ermənilərə bu dəfə təlqin edilirdi ki, "İran çörəyi yeməkdənsə, rus otu yemək daha yaxşıdır" (bax: Qlinka S. Göstərilən əsəri, s.68-69).

Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi.

 

(Ardı var)

 

Yaqub MAHMUDOV,

tarix elmləri doktoru, professor, əməkdar elm xadimi,

AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı

Azərbaycan.-2014.- 17 iyul.- S.8.