Naxçıvan şəhərində “Milli dəyərlərimiz –

Yallı” Folklor Festivalı keçirilmişdir

 

Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey-Kompleksində ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş "Milli dəyərlərimiz - yallı" Folklor Festivalı keçirilmişdir.

Əvvəlcə tədbirin aparıcısı şəhər sakinlərini və qonaqları bu əlamətdar gün münasibətilə təbrik etmiş, ümummilli liderin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra xalqımızın milli-mənəvi dəyərlərinin və folklorunun qorunub yaşadılmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırmışdır.

Festivalda çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov bildirmişdir ki, 1969-cu il iyulun 14-ü ölkəmizin siyasi həyatında çox mühüm dönüş nöqtəsi olmuşdur. Görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizdə bütün sahələrdə uğurlu inkişafın əsası qoyulmuş, respublikamızın ictimai-siyasi və mədəni həyatında yeniliklər, dəyişikliklər dövrü başlanmışdır. Buna görə də 1969-cu ilin 14 iyul tarixi ölkəmizin parlaq və işıqlı yolunun başlanğıc günü kimi qiymətləndirilir. Dahi liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həm də milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafı üçün böyük işlər həyata keçirilmişdir.

Vurğulanmışdır ki, muxtar respublikada 2012-ci ilin "Milli dəyərlər ili" elan olunması qədim diyarımızda xalq yaradıcılığının hərtərəfli inkişafına təkan vermiş, qədim xalq yaradıcılığı ənənələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından böyük rol oynamışdır.

Artıq bir neçə gündür ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümünə həsr olunmuş "Milli dəyərlərimiz - yallı" Folklor Festivalının rayon turlarının keçirildiyini bildirən Sarvan İbrahimov bu gün "Naxçıvanqala" Tarix-Memarlıq Muzey-Kompleksində festivalın yekun tədbirinin keçirildiyini qeyd etmişdir.

Sonra qədim yallılarımız ifa olunmuşdur.

Şərur Xalq Yallı Ansamblı tərəfindən "Göyçəməni", "Kafeyi", "Dönə-dönə" yallıları, "Şərur qönçələri" Uşaq Yallı Ansamblı tərəfindən "Tirmə şal", "Xələfi" yallıları, Culfa rayonunun Saltaq kənd mədəniyyət evinin "Tənzərə" yallı kollektivinin ifasında "Tənzərə" yallısı, Şahbuz rayon Yuxarı Qışlaq kənd mədəniyyət evinin "Köçəri" yallı kollektivinin ifasında "Köçəri" yallısı, Kəngərli rayon mədəniyyət evinin "Gülüm hey" folklor qrupunun "Gülüm hey" xalq oyunu tədbir iştirakçılarının alqışlarıyla qarşılanmışdır.

"Milli dəyərlərimiz - yallı" Folklor Festivalı Şərur Xalq Yallı Ansamblının ifa etdiyi "Söylə" və "Urfani" yallıları ilə başa çatmışdır.

Festivalda Şərur Xalq Yallı Ansamblı 1-ci dərəcəli diplomla, Şahbuz rayon Badamlı kənd mədəniyyət evinin yallı kollektivi 2-ci dərəcəli diplomla, "Şərur qönçələri" Uşaq Yallı Ansamblı 3-cü dərəcəli diplomla mükafatlandırılmışlar. Kəngərli rayon mədəniyyət evinin "Gülüm hey" folklor qrupuCulfa rayon Saltaq kənd mədəniyyət evinin "Tənzərə" yallı kollektivləri həvəsləndirici diplomlara layiq görülmüşlər.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 17 iyul.- S.11.