Azərbaycan Cənubi Qafqazda həm də elektrik enerjisi

 hasilatında uğurlara imza atan ölkə kimi tanınır

 

Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə malik olması vaxtilə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Bu gün Prezident İlham Əliyevin enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tamamilə ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu vəzifələrin icrası uğurla davam etdirilir.

Bütün bunların nəticəsidir ki, 15-20 il əvvəl ölkədə mövcud olmuş enerji problemləri respublikanın müxtəlif bölgələrində yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası hesabına tamamilə aradan qaldırılmışdır. Dövlət başçısının sərəncam və tapşırıqları əsasında, həmçinin dövlət proqramları çərçivəsində Azərbaycanda 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. 2006-cı ildən başlayaraq hər il təxminən 2 yeni elektrik stansiyası istifadəyə verilmişdir. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilmişdir. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır.

Cari il aprel ayının sonlarında istifadəyə verilən "Arpaçay-1" və "Arpaçay-2" su elektrik stansiyalarını buna misal göstərmək olar. 20,5 meqavat gücündə olan "Arpaçay-1" və 1,4 meqavat gücünə malik "Arpaçay-2" su elektrik stansiyalarının işə salınmasının bölgə üçün çox böyük əhəmiyyəti var. Mütəxəssislərin fikrincə, ən müasir texnologiyalar əsasında qurulmuş bu stansiyaların fəaliyyətə başlamasının muxtar respublikanın iqtisadi inkişafında rolu əvəzsizdir. Onu da qeyd edək ki, 1,4 gücündə olan "Arpaçay-2" Su Elektrik Stansiyasının anbarının su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiya əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaratmışdır. Uğurla həyata keçirilən bu layihələr regionun elektrik enerjisi ilə təminatında çox böyük dönüşə səbəb olmaqla, ümumilikdə ölkəmizin enerji təhlükəsizliyinə  əvəzsiz töhfədir. Gücü 20,5 meqavat olan "Arpaçay-1" Su Elektrik Stansiyası isə suqəbuledici qurğu, stansiya binası, tuneltransformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilmişdir. Buradakı anbarın su tutumu 150 milyon kubmetrdir. Hazırda anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılır. Stansiya binasında dünya standartlarına cavab verən otaqları və idarəetmə mərkəzi yaradılıb.

İqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının böyük bir hissəsi su elektrik stansiyaları hesabına ödənilir. Bu prosesə hazırda Şərur və Ordubad rayonlarında hər biri 36  meqavat gücündə inşa olunan yeni elektrik stansiyaları da gələcəkdə əlavə töhfə verəcək. Ümumiyyətlə, sovet hakimiyyəti illərində cəmi bir elektrik stansiyası olan muxtar respublikada indi 7 elektrik stansiyası fəaliyyət göstərir. Nəticədə Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da ildən-ilə genişlənir. 

Elektroenergetikanın sürətli inkişafının real göstəriciləri sırasında  ötən ilin sonlarında istifadəyə verilən Taxtakörpü su anbarının da xüsusi yeri var. Müasir standartlara cavab verən bu stansiyada ümumi gücü 25 meqavat olan 3 hidroaqreqat quraşdırılıb. Stansiya və açıq paylayıcı qurğunun avadanlıqları Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilib. Bu su elektrik stansiyası  şimal bölgəsi rayonlarının elektrik enerjisi ilə təchizatında mühüm rol oynayır. Taxtakörpü su anbarına yığılan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli texnikisuvarma suyu kimi də istifadə olunur. 

Naxçıvanda və ölkəmizin şimal bölgəsində olduğu kimi, Şirvan regionunda da enerji hasilatı və əhalinin elektrik enerjisi ilə keyiyyətli təminatında irəliləyişə nail olunub. May ayının əvvəllərində açılışında Prezident İlham Əliyevin iştirak etdiyi 220 kilovoltluq "Ağdaş" Elektrik Yarımstansiyası bu bölgənin iqtisadi inkişafında müstəsna əhəmiyyətə malikdir.

Yarımstansiya 2 avtotransformatordan, 2 açıq paylayıcı qurğudan, idarəetmə mərkəzindən, xüsusi sərfiyyat üçün 2 transformatordan, ehtiyat xüsusi sərfiyyat mənbəyi olan dizel-generatorundan, qəza yağ qəbuledici tutumundan, yanğından mühafizə sistemindən və digər komponentlərdən ibarətdir. Müasir tələblərə cavab verən 220 kilovoltluq bu yarımstansiyasının 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi, 220 kilovoltluq ikidövrəli "Abşeron yarımstansiyası - Mingəçevir Su Elektrik Stansiyası hava xəttinin tikintisi" layihəsi dövlət başçısının 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlərdən biridir. Fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar resurslarını tamamilə başa vurmuş 220 kilovoltluq 1-ci və 2-ci Mingəçevir hava xətləri bu layihəyə əsasən yeni xətlərlə əvəz olunmuşyeni 220 kilovoltluq "Ağdaş" yarımstansiyası inşa edilmişdir. Bu, ölkədə sayca 13-cü 220 kilovoltluq yarımstansiyadır. Yarımstansiyanın şəbəkəyə birləşdirilməsi üçün 60 kilometrdən artıq 110 kilovoltluq hava xətti çəkilmişdir ki, bu da ətraf rayonları elektrik enerjisi ilə etibarlı təmin etmək imkanlarını artırıb.

Bu layihənin icrasının başa çatması nəticəsində 500 kilovoltluq "Abşeron" yarımstansiyası ilə Mingəçevir Su Elektrik Stansiyası arasında əlaqələr güclənəcək, texniki itkilər xeyli azalacaq və ümumilikdə Aran bölgəsinin, o cümlədən Ağdaş, Göyçay, Ucar və Qəbələ rayonlarının keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Bölgələrdə olduğu kimi, Abşeron iqtisadi rayonunda da enerji hasilatı səviyyəsinin yüksəldilməsi diqqətdədir. Prezident İlham Əliyevin  Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar yerlərdə müxtəlif  tədbirlər həyata keçirilir. Artıq Bakının iki rayonunda günəş elektrik stansiyalarının tikintisinə başlanılıb. Ötən ayın əvvəllərindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni "Suraxanı" Günəş Elektrik Stansiyasının inşasına start verilib. Stansiyanın tikintisi üçün 6 hektar ərazi ayrılıb. Hazırda stansiyanın 1,5 meqavat gücə malik ilkin mərhələsinin tikintisi başa çatır. Layihənin icraçısı podratçı şirkət olan "Xəzər" Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Hazırda 80 nəfərin çalışdığı ərazidə tikinti işləri sürətlə aparılır. Onu da qeyd edək ki, stansiyada istehsal olunacaq enerji "Bakıelektrikşəbəkə" ASC-nin şəbəkəsinə qoşulacaq.

Dövlət agentliyi tərəfindən Pirallahı rayonunun enerji təchizatının yaxşılaşdırılması istiqamətində də işlər sürətlə aparılır. İkinci aydır ki, "Pirallahı" Günəş Elektrik Stansiyasının tikintisinə başlanıb. Hazırda 2 hektar ərazidə layihənin ilkin mərhələsi tamamlanmaq üzrədir. Ümumiyyətlə, stansiya ilin sonunadək tam istifadəyə veriləcək və bununla da rayonun enerji təchizatının etibarlığı artacaq.

Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub. Artıq ərazidə 80 metr hündürlüyündə ölçü müşahidə stansiyası quraşdırılıb. Quraşdırılacaq külək elektrik stansiyasının tipini, gücünü və sayını təyin etmək üçün ərazidə ölçü işləri aparılır. Ölçü işlərinin yekununa əsasən külək qurğularının yeri, gücü və sayı müəyyən olunacaq. Dövlət agentliyi tərəfindən Sumqayıt şəhərində, Abşeron, Siyəzən və Qobustan rayonlarında da yeni stansiyaların tikintisinə başlanıb.

İqtisadiyyatın əsas sahələrində sürətli inkişafa nail olan ölkəmizdə enerji hasilatına da xüsusi diqqət yetirilir. Azərbaycan artıq Cənubi Qafqazda həm də enerji hasilatında kifayət qədər təcrübəyə  malikuğurlara imza atan ölkə kimi tanınır.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 18 iyul.- S.2.