Azərbaycan-İtaliya əlaqələri uğurla inkişaf edir

 

Azərbaycan Respublikasının dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bu zaman diqqəti çəkən əsas reallıq odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf edilir.

Bu gün Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət və hökumət başçısı, xarici ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə bəyan edirlər. Çünki hər biri Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyanı təhdid edən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edir. Digər tərəfdən, Azərbaycanın gənc müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlər genişmiqyaslı və sanballıdır. Digər parametrlərlə yanaşı, bu uğurlar da ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivilmodern dövlətlərlə bir sırada dayanmasına zəmin yaradıb, respublikamızın beynəlxalq aləmdə artan imicə malik olmasını təmin edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə İtaliyaya etdiyi rəsmi səfər bunu bir daha təsdiqlədi.

İtaliya-Azərbaycan münasibətləri qədim dövrdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə - 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. 1997-ci ilin sentyabrında ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Prezident İlham Əliyevin 2005-ci və 2008-ci illərdə İtaliyaya rəsmi səfərləri, o cümlədən İtaliyanın sabiq Baş naziri Enriko Lettanın Azərbaycana səfəri qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə rəvac verib. Onu da qeyd edək ki, İtaliya Cənubi Qafqazda ilk səfirliyini 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi 2003-cü ildən fəaliyyət göstərir.

Hazırda İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Təbii ki, bu, ilk olaraq neft sahəsi ilə bağlıdır. Lakin ölkəmiz İtaliyaya yalnız enerji daşıyıcısı deyil, eyni zamanda, Azərbaycan sənayesinin bir çox məhsullarını da ixrac edir. Bakıda aparılan müzakirələrin nəticəsi olaraq bu ölkə ilə qeyri-neft sahəsində ticarətin həcminin yüksəlməsi proqnozlaşdırılır. Bir məsələni də xüsusilə qeyd etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İtaliyanın ölkəmizin ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək Azərbaycan tərəfindən hər zaman yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 13-15-də İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmək və yeni əməkdaşlıq tellərinin qurulması baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin İtaliya Prezidenti Corco Napolitano ilə görüşündə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulandı. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edildi. Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

İtaliyanın Baş naziri Matteo Renzi və Senatın sədri Pietro Qrasso ilə görüşlərdə Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu vurğulandı, iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin önəmi və energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edildi, Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirildi. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olundu, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata keçirilməsinə əminlik ifadə edildi.

Prezident İlham Əliyevin səfəri zamanı iki ölkə arasında bir neçə sənəd də imzalanıb. Bunlar "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş", "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti - İdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumu"dur. Təbii ki, bu sənədlər iki ölkə arasındakı hüquqi bazanı möhkəmləndirməklə bərabər, əlaqələrin ayrı-ayrı sahələr üzrə inkişafına xidmət edəcək.

Azərbaycanla İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri var. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə VatikandaRomada həyata keçirilən layihələr həm İtaliya rəsmiləri, həm də Roma Papası tərəfindən böyük minnətdarlıq və razılıqla qarşılanır. Prezident İlham Əliyevin Romada "Mercati di Traiano" muzeyi ilə tanışlığı və burada şəhərin meri İqnatsio Marino ilə görüş zamanı bu məsələlərə toxunuldu. Roma şəhərinin meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə toxunaraq fondun dünyada ümumbəşəri dəyəri olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar olduğunu bildirdi. İqnatsio Marino Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırladı, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə toxundu. "Mercati di Traiano" muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü bildirdi.

Görüşdən sonra jurnalistlərə müsahibə verən Prezident İlham Əliyev Azərbaycan-İtaliya əlaqələri barədə deyib: "İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır. Bu gün biz merlə müzakirələr apardıq və əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün imzalanan saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o həyatın bir çox sahələrini əhatə edir".

Prezident İlham Əliyevin İtaliyaya səfəri bir daha göstərdi ki, Azərbaycan-İtaliya münasibətlərinin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq telləri daim genişlənir. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 18 iyul.- S.5.