İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.

İqtisadiyyat və sənaye naziri tərəfindən də davamlı olaraq bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt, Siyəzən və Ağdamda vətəndaş qəbulları keçirilib. Bu qəbullarda 350-dən çox vətəndaşın müraciətinə baxılıb. Ümumiyyətlə, indiyədək iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə 20 vətəndaş qəbulu keçirilib, bu qəbullarda 1200-dək vətəndaş iştirak edib.

AzərTAc xəbər verir ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev vətəndaşlarla növbəti qəbulunu iyulun 19-da Zaqatala şəhərində keçirdi. Şəhər 2 nömrəli tam orta məktəbin binasında keçirilən qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənildi, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Vətəndaşların əksər müraciətləri yerindəcə həll edildi. Araşdırma tələb olunan, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.

Zaqatalada keçirilən qəbulda nazir Şahin Mustafayev 100-dək vətəndaşı qəbul etdi. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və digər məsələlərlə bağlı oldu. Qəbula gələn sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparıldı, onların təklifləri dinlənildi. Arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verildi.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən davamlı olaraq bölgələrdə təşkil edilən belə qəbullardan razı qaldıqlarını qeyd edərək, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

 

Azərbaycan.-2014.- 20 iyul.- S.3.