Azərbaycanda demokratiyanın əsas

meyarlarından olan söz azadlığı təmin edilib

 

Dövlət quruculuğunun dünyəvi, hüquqidemokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub.

Azad sözün aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf posesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün daim əlindən gələni edib. Azərbaycanda ən müasir tələblərə və dünya standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Hansı ki, bu uğurların başlanğıcı 21 il əvvələ gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazanmasına baxmayaraq, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz o dövrdən milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Heydər Əliyevin başladığı dövlət quruculuğunun, demokratik islahatların nəticəsində azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı və yayımı təmin edildi, həmçinin mətbuatın dövlət tənzimlənməsindən imtina olundu. Azad sözünfikir azadlığının təmin olunmasını 1995-ci ildə qəbul edilən Konstitusiya da hüquqi baxımdan təsdiqlədi. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi ilə bağlı milli mətbuatımızın tarixində ən mühüm hadisə oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" deyilən qurum ləğv olundu. Fərmanla həmçinin Azərbaycan Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardan oldu. Eləcə də sonrakı mərhələdə 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında", 2005-ci il 19 dekabr tarixli "İnformasiya azadlığı haqqında" qanunlar qəbul edildi.

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərində nəzarət funksiyasından  imtina etdi. 2003-cü ildə yaradılan və mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurası öz vəzifələrini uğurla həyata keçirir.

Heç bir dövlət mətbuata birbaşa yardım etmirya hansısa qəzetin mətbəəyə yaranmış borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin nəşriyyatda yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində bir ilkə imza atıb. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi 2001-ci ildə ulu öndər Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan 398 min manat məbləgində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005-ci və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar alması, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir.  Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə bir daha təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətbuat Şurası üçün yeni inzibati binanın, o cümlədən mətbuat işçiləri üçün dövlət vəsaiti hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına mənzillərin inşası dünya miqyasında analoqu olmayan hadisədir.

Nəticə etibarilə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Çap mediasının həcmi genişlənib. Həm mərkəzi, həm region televiziyalarının, digər elektron KİV-lərin, radioların, internet televiziyalarının, internet mediasının sayı artıb. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi iki dəfə "Jurnanalistlərin dostu" elan edib.

Azərbaycanda mətbuat və söz azadlığının təmin olunması, medianın inkişafı üçün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Təbii ki, bu gün yaranmasının 139-cu ildönümü tamam olan milli mətbuatımız da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, bütün konyunktur maraqlardan öndə dayanaraq cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq. Eyni zamanda, sağlam mətbuat bəzilərinin Azərbaycanda mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi nüfuzdan salmağa yönəlmiş fəaliyyətinə biganə qalmamalı, milli-mənəvi dəyərləri və dövlətçilik maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutmalıdır.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 22 iyul.- S.5.