Mətbuatın inkişafında xüsusi mərhələ

 

Azərbaycan milli mətbuatı XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Ümummilli lider Heydər Əliyev cəmiyyətimizin "güzgüsü" olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın da əsaslarını yaratdı.

Hələ 1970-1980-ci illərdə respublikaya rəhbərliyi dönəmində ulu öndər Heydər Əliyev yazılı mətbuat, kitab çapı ilə yanaşı, televiziyaradionun da inkişafına xüsusi diqqət ayırırdı. Televiziyanın yarandığı ötən əsrin 50-60-cı illərində onun yayımı gün ərzində iki saat idi. Lakin ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə isə 18 saata çatdırıldı. Həmçinin 1970-ci ilə qədər yerli efir məkanında videotexnikanın olmaması televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970-1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı. 1971-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş "Kadr-2" videosistemi isə montaj üçün əlverişli şərait yaratdı. 1970-ci ildən Moskva televiziyası proqramları rəngli yayımlanmağa başladı, Azərbaycan televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçə bildi. 70-ci illərin ortalarından "Kadr-3R" videomaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli elektron montajına şərait yaratdı. Eyni zamanda, 1970-1980-ci illərdə videotexnika efirə yol açdı. 1985-ci ildə Azərbaycan televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi televiziyadakı çıxışlarına görə SSRİ-də dördüncü yerə çıxdı. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində xüsusilə göstərib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.

Ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu fərmanla respublika Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş sayıldı. Həmçinin 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə tranzitar dövlət kimi müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Belə ki, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" qanun qəbul edildi. Bu, müasir Azərbaycan reallıqlarını dolğun əks etdirən, KİV-in istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəddir.

2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı" təsdiq olundu. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında qanuna əlavə və dəyişikliklər edilməsi haqqında" fərmanı ilə bir daha ölkəmizdə KİV sahəsində dövlət siyasəti xalqın maariflənməsində, ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda KİV-in qüdrətli vasitəyə çevrilməsinə, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etməyə yönəldildi.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra milli mətbuatımız keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. 2005-ci ildə "Əməkdar jurnalist" adı bərpa olundu, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalandı, həmçinin milli mətbuatımızın yaranma tarixi ardıcıl şəkildə qeyd olunması davam etdirildi. 2008-ci ildə KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildibir il sonra azad mətbuatın maddi-texniki bazasının möhkənmləndirilməsi məqsədilə fond yaradıldı. Eyni zamanda, dünyada ilk dəfə olaraq Azərbaycanda jurnalistlərin mənzil problemi həll edildi. 2010-cu ildə jurnalist şəhərciyinin salınması üçün maliyyə vəsaiti ayrıldı və 2013-cü ildə 156 jurnalistə mənzil verildi. Bütün bunları nəzərə alaraq, mətbuat işçiləri Azərbaycanın mətbuat tarixinə "qızıl hərflər"lə yazılmış addımların atılmasının təşəbbüskarı olan Prezident İlham Əliyevi iki dəfə "Jurnalistlərin dostu" seçdi.

XXI əsrin internet dövrü olduğunu nəzərə alsaq, o zaman Azərbaycan mediasının qarşısında mühüm vəzifələr durduğunu görərik. Çünki ölkəmizin əldə etdiyi nailiyyətləri heçbütün qüvvələr sevinc hissi ilə qəbul etmirlər. Bu gün Azərbaycanın güclənməsindən narahat olan dünya erməniliyi, erməni lobbisi, onların təsiri altında olan antiazərbaycançı mərkəzlər, "beşinci kolon" ölkəmizə qarşı total qarayaxma kampaniyası aparır ki, bu da son dövrlər ərzində daha da güclənib.

İnternet medianın inkişafı, sosial şəbəkələrin insanların həyatının ayrılmaz virtual elementinə çevrilməsi adları çəkilən antimilli qüvvələrin fəaliyyətinin təsirinin yox edilməsi istiqamətində milli mətbuatımızın üzərinə böyük missiya qoyur. Həmin missiyanın reallaşdırılmasında isə vətənpərvərlik, peşəkarlıq və məsuliyyət ümumi işin əsas cəhətləri olmalıdır. Hər bir jurnalist ilk növbədə vətənpərvər olmalıdır ki, sonrakı iki cəhəti reallaşdıra bilsin. Çünki vətənpərvər jurnalist siyasi mövqeyinə baxmadan Azərbaycan xalqının və dövlətinin milli maraqlarına xidmət edən yazılar dərc edəcək, antiazərbaycançı mərkəzlərin kampaniyasının alt-üst olmasına öz töhfəsini verəcək. Mətbuatımızın müəyyən hissəsinin siyasi partiyalarla bağlı olmasına baxmayaraq, ölkədaxili məsələlər elə öz aramızda müzakirə edilməli və çıxış yolu tapılmalıdır. Əks halda, Azərbaycanın daxili işlərinə qarışmaq istəyən və bundan siyasi-iqtisadi dividend əldə etmək niyyətini güdənlər demokratik ölkəmizin imicinə zərbə vurmağa çalışacaqlar. Təbii ki, nəzərə almaq lazımdır ki, nə qədər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb, eyni zamanda, Azərbaycan regionun aparıcı dövləti kimi transmilli layihələr reallaşdırır, o qədər də ölkəmizə qarşı infohücumlar artacaq. Bu mənada qeyd edilməlidir ki, hər bir jurnalist hər şeydən öncə vətənpərvər olmalı, sonra isə peşəkarlıq və məsuliyyətlə öz işinə yanaşmalıdır.

Bu gün demokratik, müasir dəyərlərə uyğun cəmiyyət formalaşdırmaq istəyiriksə, mətbuatın gücündən və imkanlarından dolğun istifadə edilməlidir. Yəni media mənsubları sosiumun çatışmazlıqlarını üzə çıxarmalı, ictimai müzakirəyə təqdim etməli və bununla da problemin ümumi razılıq prinsipi əsasında həllini ortaya qoymalıdır. Fikrimizcə, budur əsl konsolidasiyalı demokratiya, vətəndaş cəmiyyəti və müasir media.

Milli maraqlara xidmət edən vəzifələrin reallaşdırılması üçün qeyd olunan cəhətlərlə yanaşı, xalqımızın milli-mənəvi dəyərlərindən irəli gələn varislik prinsipi də qorunmalıdır. Yəni jurnalistika sahəsi daim yeniləndiyindən gənc media mənsubları ahıl mətbuat işçiləri ilə məsləhətləşməli, onların dəyərli fikirlərini almalı və cəmiyyətə xidmət amalına əməl etməlidirlər.

 

Nizami XUDİYEV,

filologiya elmləri doktoru, professor

Azərbaycan.-2014.- 22 iyul.- S.7.