«Baku Cup 2014» tennis turnirinin

 dördüncü gününün oyunları başa çatıb

 

Bakıda qadınlar arasında keçirilən WTA "Baku Cup 2014" turniri davam edir.

AzərTAc xəbər verir ki, iyulun 23-də - yarışın dördüncü günü 1/8 final oyunları keçirilib.

Bakı Tennis Akademiyasının mərkəzi kortunda keçirilən matçda yaponiyalı Misa Equçi ilə polşalı Ueszula Radvanska qarşılaşıb. Dünya reytinqində 183-cü olan yapon tennisçi 117-ci olan rəqibini hər iki setdə məğlub edib - 6:2 və 6:1. Beləliklə, turnirdə dördüncü qələbəsini qazanan Misa Equçi dörddəbir finala yüksəlib.

Səkkizdəbir finalın digər oyununda Polşa təmsilçisi Katarzina Piterlə turnirin 5 nömrəli favoriti serbiyalı Boyana Yovanovski qarşılaşıb. Dünya reytinqində 40-cı olan B.Yovanovski reytinqdə 120-ci olan K.Piteri məğlub edibmatçdan 2:0 qələbə ilə ayrılıb. O, bu qələbə ilə dörddəbir finalda iştirak hüququ qazanıb.

Mərkəzi kortda serbiyalı Vesna Dolonts ilə israilli Şayar Peyerin görüşünü Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin Sədri Oqtay Əsədov da izləyib.

İki saat davam edən matçda qalib gələn Ş.Peyer dörddəbir finala çıxıb.

Turnirin dördüncü gününün son matçında slovakiyalı Yana Çepelova ilə fransalı Paulin Parmentyer üz-üzə gəlib. Turnirin 8 nömrəli favoriti olan, dünyanın 71 nömrəli tennisçisi 21 yaşlı Y.Çepelova reytinqdə 95-ci olan 28 yaşlı təcrübəli rəqibinə məğlub olub. Paulin Parmentyer matçdan 2:0 qalib ayrılaraq növbəti mərhələyə yüksəlib.

"Baku Cup 2014"də cütlüklərin də yarışı keçirilib.

Səkkizdəbir final çərçivəsində Yanette Husarova - Klaudiya Yans-İqnaçikFrançeska Skyavone - Ştefani Föqele cütlükləri qarşılaşıb. F.SkyavoneŞ.Föqele matçdan 2:1 hesablı qələbə ilə ayrılıblar.

Növbəti oyunda Nigina Abduraimova (Özbəkistan) və Alyona Fominanın (Ukrayna) komandası yaponiyalı Misa Equçi və avstriyalı Patrisiya Mayr-Axlaytnerlə görüşüb. N.AbduraimovaA.Fomina matçdan 2:1 qalib ayrılıblar. Bu qələbə onları dörddəbir finala yüksəldib.

Birinci kortda rusiyalı Aleksandar Panova ilə ingilis Xiter Uatsonun komandası Boyana Yovanovski - Danka Koviniç cütlüyü ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 2:1 hesabı ilə qalib gələn A.PanovaX.Uatson dörddəbir finala vəsiqəni təmin ediblər.

 

Azərbaycan.-2014.- 24 iyul.- S.2.