Qaçqınların və məcburi köçkünlərin problemlərinin

 həlli dövlətin daim diqqət mərkəzindədir

 

Müsahibimiz Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli HƏSƏNOVdur

 

- Son vaxtlarda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmaları barədə məhkəmə qətnamələri olur. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılması məsələsinin məhkəmə predmeti olması nə dərəcədə düzgündür? Eyni zamanda, mütəmadi olaraq qaçqın və məcburi köçkünləri qəbul edir, səyyar görüşlər  keçirir, söhbətlər aparırsınız. Hazırda bu kateqoriyadan olan insanları daha çox narahat edən, sizə və digər dövlət orqanlarına müraciət etməyə vadar edən hansı məsələlərdir?

- Yuxarıda da qeyd etdiyimiz kimi, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində indiyədək həyata keçirilən geniş miqyaslı tədbirlərə baxmayaraq hələ də çoxsaylı məcburi köçkün digər şəxslərə məxsus mənzillərdə müvəqqəti məskunlaşıblar ki, onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Lakin bütün bunlara baxmayaraq son vaxtlar xüsusilə başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həmin mənzillərdən köçürülməsinə dair məhkəmələrə, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər edilməkdədir.

Əvvəlcə qeyd edim ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, pozulmuş hüquq və vəzifələrinin bərpasına qanunvericiliklə müəyyən olunmuş qaydada yardım etmək Dövlətqaçqınkomun əsas fəaliyyət sahələrindən biridir. Komitə yarandığı dövrdən, xüsusilə son illərdən başlayaraq bu sahədə tərəfimizdən qanunvericiliyə uyğun olaraq zəruri olan tədbirlər və hüquqi hərəkətlər həyata keçirilmiş, fəaliyyətimiz zamanı qanunvericiliyin tələbləri rəhbər tutulmuşdur.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarına tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyət formasından asılı olmayaraq 1992-98-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

Ümumiyyətlə, son vaxtlar məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdən çıxarılması ilə bağlı çıxarılan məhkəmə qətnamələrinin sayı xeyli artmışdır. Belə ki, son yeddi ildə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdən çıxarılması ilə bağlı 500-dən çox məhkəmə prosesi keçirilmişdir. Əsasən başqa şəxslərin mükiyyətində olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin çıxarılması ilə bağlı mənzil sahibləri tərəfindən məhkəmələrə daha çox müraciət edilir. Keçirilmiş məhkəmə proseslərində komitənin nümayəndələri tərəfindən məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə bu sahədə mövcud qanunvericiliyə əsasən məcburi köçkünlərin başqa yaşayış sahəsi verilmədən çıxarılmasının yolverilməz olduğu qeyd edilir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Akimova Azərbaycana qarşı" işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına qədər məhkəmələr tərəfindən ölkə Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi rəhbər tutularaq məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdən çıxarılmasına möhlət verilməsi barədə qərarlar qəbul edilmişdir. Avropa Məhkəməsinin bu qərarından sonra qəbul edilmiş məhkəmə qətnamələrinin demək olar ki, 90 faizində onların çıxarılması qərara alınmışdır. Məhkəmələr tərəfindən çıxarılma ilə bağlı qətnamələrin qəbul edilməsinə baxmayaraq komitənin  birbaşa və ya bilavasitə müdaxiləsi nəticəsində həmin qətnamələrin 99 faizinin icrası dayandırılmışdır.

Burada əsas bir məqamı qeyd etmək lazımdır ki, başqa şəxslərin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər həmin yerlərdə məskunlaşdığı zaman (1992-1998-ci illərdə) həmin yaşayış və qeyri-yaşayış sahələri dövlətin balansında olmuş, lakin sonradan müxtəlif vasitələrlə həmin əmlakları özəlləşdirərək mülkiyyət hüququ əldə etmiş və çıxarılma ilə bağlı məhkəmələrdə iddialar qaldırmışlar.

Başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində yaşadıqları üçün çıxarılma ilə bağlı qətnamələrin 95 faizi Bakı və Sumqayıt şəhər məhkəmələri tərəfindən qəbul edilmişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən başqa şəxslərə məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin çıxarılması ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar hökümət tərəfindən 32 məcburi köçkün ailəsi mənzillərdən çıxarılaraq öz daimi yaşayış yerlərinə qayıdanadək dövlət mülkiyyətinə alınmış və yaşayış üçün bütün zəruri tələblərə cavab verən mənzillərə köçürülmüşlər.

Artıq hökumət özü problemi yoluna qoymaqda maraqlıdır və demək olar ki, bu sahədə müvafiq işlər görülməkdədir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş əlavələrin 1.4-cü bəndi ilə yuxarıda qeyd edilən problemin hüquqi və sosial həlli təmin edilmiş,  Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış 1200 məcburi köçkün ailəsi üçün yaşayış evlərinin tikilməsi və mərhələli şəkildə köçürülməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda, dövlət ehtiyacları ilə əlaqədar olaraq zərurət yarandığı təqdirdə də məcburi köçkünlərin köçürülməsinə ehtiyac duyulur. Bu zaman dövlət tərəfindən tam hazır, təmirli və yaşayış üçün zəruri şərtlərə cavab verən mənzillər alınır və məcburi köçkünlər həmin mənzillərə köçürülür.

Bildiyiniz kimi, hər ay Bakı şəhərinin bir rayonunda məcburi köçkünlərin qəbulu təşkil olunur və burada qəbula gələnlərin demək olar ki,  əsas problemləri mənzil problemidir ki, bu problem də bu sahədə ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına və həmin proqrama edilmiş əlavələrə əsasən mərhələli şəkildə və ən əsası daha ağır şəraitdə yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prinsipi nəzərə alınmaqla həll  edilir.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında bu gün çöx böyük işlər görülür və istərdik bu haqda fikirlərinizi bilək.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata  keçirilməsi  davam etdirilir və qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir    Azərbaycanın dünyaya tanıdılması istiqamətində atılan addımlar öz səmərəli töhfələrini verir. Ölkə başçısının nüfuzlu beynəlxalq qurumlara, dövlətlərə səfərləri, eləcə də Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər ölkəmizi dünyada tanıdır. Azərbaycan bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanın qüdərti artdıqca işğalçı Ermənistan zəifləməyə başlayır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, dünyada erməni lobbisi, diasporu hələ də güclüdür. Ermənistanın ölkəmizə qarşı apardığı ideoloji müharibənin qarşısında Azərbaycanı dünyaya tanıtmaq istiqamətində hər kəs də öz imkanlarından istifadə etməlidir. Azərbaycan reallığını dünya ölkələri bilsinlər və davamlı inkişafımız barədə məlumatlı olsunlar.

Ölkə prezidenti möhtərəm cənab  İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı tarixi  bir çıxış oldu və dünyanın diqqət mərkəzinə çevrildi. Sessiyada bir çox vacib məsələlərdən söz açan dövlət başçısı Azərbaycanın təşəbbüsü və əsas iştirakçısı kimi reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, müstəqilliyin bərpasından sonrakı illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar və digər məsələlər barədə danışmış, deputatların suallarını cavablandırmışdır. Dövlət başçısının AŞ PA-dakı çıxışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin ölkəmizdə və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında bilgiləri, analitik mühakiməsi, prinsipiallığı, qətiyyəti çox yüksəkdir.

Eyni zamanda, cənab Prezident son 10 ildə Azərbaycanın keçdiyi uğurlu iqtisadi yola nəzər saldı və artıq Avropa üçün model ola biləcək dövlətimizin iqtisadi inkişafının günü-gündən necə irəlilədiyini diqqətə çatdırdı.

Diqqətçəkən məqamlardan biri də cənab  Prezidentin Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında bu məsələyə ikili standartlarla yanaşan beynəlxalq təşkilatların tutduqları mövqeyə münasibət bildirməsi oldu. Dövlət başçısı Avropanın mərkəzində Qərbin ikili standart siyasətini tənqid edərək Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrin icra olunmadığını bir daha vurğuladı və bildirdi ki, Azərbaycan ikili standartları qəbul etməyəcəkdir.

Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində  ərazilərimizin 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayan Prezident diqqəti Azərbaycanın bir nömrəli probleminə yönəltmiş oldu. Hesab edirəm ki, bu, tarixi bir çıxış oldu, cənab İlham Əliyevin həmin çıxışda səsləndirdiyi fikirlər həm də erməni lobbisinin iddialarını ifşa etdi və real vəziyyəti tam açıqlığı ilə Avropa ictimaiyyətinə çatdırdı.

Sessiyada müzakirələr zamanı cənab prezidentin bəzi təxribat xarakterli, yalan, qərəzli  suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi.Təcrübəli siyasətçi kimi cənab İlham Əliyev suallara layiqli cavab verdi və bildirdi ki, demokratiyadan, insan hüquqlarından danışan Avropa dövlətləri yaxşı olar ki, Azərbaycanda olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqları ilə bağlı hesabatlar hazırlasınlar və  Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasəti pisləyərək konkret fəaliyyətlə məşğul olsunlar.

Cənab Prezident bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, bizim ölkəmizin torpaqları işğal olunub, ermənilər bizim üçün və bütövlükdə bütün region üçün təhlükə mənbəyidir.Onlar nə qədər tez bu siyasətin gələcəyinin olmadığını başa düşsələr, münaqişə həllini o qədər tez tapacaq və bu gün yoxsulluq içərisində yaşayan erməni xalqı da o qədər tez firavan həyat yaşamağa başlayacaqdır.

Eyni zamanda, iyulun 7-də ölkəmizin  diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev geniş nitq söyləyərək diplomatlara növbəti tapşırıqlarını verdi, Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini vurğulayaraq bildirdi ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması Azərbaycana xarici arenada öz sözünü deməyə, maraqlarını müdafiə etməyə imkanlar açmışdır.

Cənab Prezident  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi,  o cümlədən İrəvan xanlığının tarixi Azərbaycan torpağı olması ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasını  diplomatların fəaliyyətində  ilk növbədə mühüm məsələ kimi qeyd etdi.

Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşının borcudur ki,  ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı hər bir addıma, Azərbaycanın ədalətli mövqeyinin dünyada tanınmasına dəstək versin və ərazilərimizin işğaldan azad edilməsi uğrunda mübarizədə öz köməyini əsirgəməsin. 

Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da münaqişə haqqında həqiqətlərin dünyaya çatdırılmasında böyük işlər görür.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Portalda Azərbaycan haqqında geniş informasiya əldə etmək olar. Portalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, erməni vəhşiliklərindən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır.

Heydər Əliyev Fondu bununla yanaşı hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirir, "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.

Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq müxtəlif dillərdə "Qarabağ həqiqətləri"  toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Həmçinin,  "Qarabağ həqiqətləri" oxuculara alman və macar dillərində təqdim olunub. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.

Xocalı soyqırımına həsr olunmuş mərasimlər 2005-ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayeva və başqa şəhərlərdə həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş kitablar, broşürlər çap edilir və  kinofilmlər çəkilərək dünya ictimaiyyətinə çatdırılır.      

Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət" kampaniyası  bütün xocalıların səsini dünya ictimaiyyətinə çatdırır.

Ermənistanın törətdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın böyük rolu olmuşdur.  Onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülmüş "Xocalıya ədalət" kampaniyası hal-hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkənin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb.

Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə küçələrə və parklara Xocalı adı verilir. Xocalı haqqında həqiqətlər ictimaiyyətə təqdim edilir. 2012-ci il fevral ayının 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevada Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışı olmuş, fondun vitse - prezidenti Leyla xanım Əliyeva şəhər ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı geniş məlumat vermiş və tədbir iştirakçılarına soyqırımını əks etdirən videoçarxlar təqdim edilmişdir.

Təqdirəlayiq haldır ki, dünyanın əksər ölkələrində keçirilən bu kampaniyaya həmin ölkələrin gəncləri də qoşulmuşlar. Son vaxtlar Amsterdam, Brüssel, Vyana, Vilnüs, Mexiko, Paris, Moskva və Los Ancelesdə də bu istiqamətdə tədbirlər keçirilmişdir. Xocalı soyqırımının dünyada tanınması üçün bir sıra beynəlxalq təşkilatlarda da işlər aparılır.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı  Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Öz növbəsində, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı hər il artmaqdadır.

Aparılan  məqsədyönlü  tədbirlərin nəticəsində artıq  7 dövlət - Pakistan (1 fevral  2012), Meksika (2 fevral  2012) Kolumbiya (24 aprel  2012), Rumıniya (12 fevral 2013), Çexiya (19 fevral 2013),  Bosniya və Hersoqovina  (26 fevral  2013), Peru (2013)   parlamentində və ABŞ-ın 15 ştatı (Massaçusets, Texas, Şimali Karolina, Nyu Cersi, Corciya, Men, Arkanzas, Oklahoma, Nyu Meksiko, İndiana, Tennessi, Pensilvaniya, Missisipi, Vest Virciniya, Konnektikut) bu qətliamı  soyqırımı aktı kimi tanımış və bu barədə xüsusi qətnamə qəbul etmişdir.

Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi tarixi rayonunda yerləşən "Tlakskoake-Xocalı" meydanında Xocalı soyqırımı qurbanlarına abidə qoyulmuşdur.

2011-ci ildə Xocalı soyqırımı qurbanlarına abidə Almaniyanın Berlin şəhərində ucaldılmışdır.

2013-cü ildə Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.

2014-cü il martın 27-də Ankaranın Kızılcahamam rayonunda  "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılış mərasimi olmuşdur.

Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət, Çexiya parlamenti isə  Avropa İttifaqında ilk qanunverici orqan olmuşdur. 2013-cü il  fevralın 7-də bu ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl "erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə" Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edib.

Bildiyiniz kimi, iyunun 20-də "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" adlı üç cildlik əsərin təqdimat mərasimi olmuşdur. Müəllifləri yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin olduğu üçcildliyin təqdimatı AMEA-nın İnsan Hüquqları İnstitutunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasına başlanması sayəsində dünya bu soyqırımı barədə daha ətraflı məlumat əldə etmişdir və məhz "Xocalıya ədalət" kampaniyası tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlər bu gün də davamlı olaraq bütün dünyaya çatdırılır.

Xocalı soyqırımının  beynəlxalq aləmdə tanıdılması istiqamətində  məqsədyönlü tədbirlər bu gün də davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər  artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Xocalı soyqırımı, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar, faktlar, fotoşəkillər tam  dəqiqliyi ilə diqqətə çatdırılmalıdır. Çünki Ermənistan dövləti və erməni lobbisi 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyinin qeyd edilməsi üçün bütün güc və resurslarını səfərbər edib. Düşmənlərimizin bu saxta kampaniyasının qarşısının alınması üçün ən səmərəli yollardan biri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, dünyanın  aparıcı dövlətləri və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən  tanınmasına nail olmaqdır.

Eyni zamanda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan kitablar, qısametrajlı filmlər səfirliklər vasitəsilə dünya ölkələrində nümayiş etdirilir və bu yolla dünya ictimaiyyəti məlumatlandırılır. Bu məqsədlə mütəmadi olaraq xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının nümayəndələri ilə  görüşlər keçirilir.

Təkcə son 10 il ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların nümayəndələri ilə 800-dən çox görüş keçirilmiş, həmin görüşlərdə həm münaqişə, həm də Xocalı faciəsi barədə ətraflı məlumat verilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xarici ölkələrə mütəmadi səfərlər təşkil edilir, parlamentlərdə görüşlər keçirilir, parlament üzvlərinə geniş məlumatlar verilir.

Təkcə 2012-ci ildə bu məqsədlə mənim rəhbərliyimlə nümayəndə heyətimiz  5 ölkədə (martın 5-7-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında, avqustun 22-23-də Meksika Senatının rəhbərliyi və senatorlarla, oktyabrın 1-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında,  noyabrın 6-8-də Finlandiya Parlamentində, noyabrın 22-də İspaniya Senatında, dekabrın 13-14-də Andorra Senatında) səfərdə olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsi, Xocalı faciəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədilə "Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlərin haqqında məlumat kitabı", dövlət başçısı cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı  nəşr olunmuşdur.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə görülmüş tədbirləri əhatə edən hesabat toplusu, 10 dəqiqəlik film, həmçinin məcburi köçkünlər haqqında iki dildə  "Ümid və inam"  adlı sənədli film hazırlanmışdır.

Problemin tarixi köklərinə, qaçqın və məcburi köçkünlərin mövcud problemlərinə və onların aradan qaldırılması üçün görülən işlərə həsr olunmuş genişhəcmli, 52 dəqiqəlik "Vətən həsrəti ... Sönməyən ümidlər" adlı film də hazırlanaraq bütün telekanallarda nümayiş etdirilmiş, xarici ölkələrdə yayılması məqsədilə 8 dildə 15 dəqiqəlik qısametrajlı film, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2 dildə vebsaytı hazırlanmışdır.

Bütün bunlarla yanaşı "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasında olan qaçqınlar, məcburi köçkünlər, həmçinin "qaçqın" statusu almaq niyyətində olan (3-cü ölkələrdən olan sığınacaq axtaran) şəxslər, onların sosial təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər və mövcud problemləri haqqında məlumat" hər il Azərbaycan və ingilis dillərində dərc olunur,  2012-ci ildə isə Azərbaycan, ingilis və ispan dillərində nəşr olunmuşdur.

Hazırlanmış məlumat topluları və informasiya materialları ölkəmizdə səfərdə olan xarici qonaqlara onlarla keçirilən görüşlər zamanı təqdim edilir.

Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və bu sahədə qəbul edilmiş sənəd və qərarlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilir.  Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.

İnanırıq ki, cənab İlham Əliyev bu problemi də həll edəcək, onun qətiyyətli səyləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, azərbaycanlılar öz ata-baba yurdlarına ləyaqətlə qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar.

- Əsas tənqid hədəflərinizdən biri ATƏT-in sülh danışıqlarında vasitəçilik rolunu oynayan Minsk qrupudur. Sizcə Minsk qrupu effektiv nəticəyə nail olmaq üçün, yəni hər iki tərəfi qane edəcək sülh razılaşmasını əldə etmək üçün öz fəaliyyətində nə kimi korrektələr etməlidir?

-Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev  öz çıxışlarında da bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, bölgəyə dəfələrlə səfər etmişlər. Ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.

Hesab edirəm ki bu məsələ bu gün də belədir və ATƏT-in Minsk qrupu artıq mənasız bir quruma çevrilib.

ATƏT-in Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir.

İlk növbədə ATƏT-in Minsk qrupunun üzvləri öz aralarında bu məsələni həll etməlidir, yəni  ABŞ və Fransa  bu problemin həlli üçün Rusiya ilə danışmalıdır.Təəssüf ki, həmin dövlətlər də bizə görə Rusiya ilə olan münasibətlərini korlamaq istəmirlər.

Digər tərəfdən isə ABŞ və Fransa kimi böyük dövlətlər həm region üçün, həm də dünya üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalıdırlar, Ermənistana təsir etməli və onu beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

ATƏT-in Minsk qrupunda təmsil olunmuş ölkələrdə, o cümlədən ABŞ və Fransada erməni lobbisi olduqca güclüdür və bildiyiniz kimi həmin ölkələrdə keçirilən bütün seçkilərdə ermənilər böyük təsir imkanlarına malikdirlər. Onlar da həmin diaspor təşkilatlarının mövqeyini eşidirlər və buna görə də öz ölkələrinin strateji maraqlarını erməni lobbisinin mənafelərinə qurban verirlər.  ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı Ermənistana yüz milyonlarla dollar birbaşa yardım ayırır. Bir sözlə  bu gün erməni lobbisi dünya siyasətinə çox ciddi şəkildə nüfuz edir və bu günə qədər Dağlıq Qarabağ probleminin həllinə mane olan amillərdən biri də erməni lobbisidir.

Beləliklə, ABŞ və Fransa dövlətləri onların ərazisində olan erməni lobbisinin biznes maraqlarına təsir etməklə, onları məcbur etməlidirlər ki, Ermənistan rəhbərliyinə təsir etsinlər, çünki həmin diaspor təşkilatları bu problemin həllinə ciddi maneə törədirlər.

Digər bir tərəfdən hazırda Ermənistanda hakimiyyətdə olan rejim mütləq dəyişilməidir. Əgər erməni xalqı xoş gələcək istəyirsə, buna nail olmalıdırlar. Çünki onlar azərbaycanlıların tökülmüş qanı üzərində hakimiyyətə gəliblər və neçəki bu rejim orada hakimiyyətdədir onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  probleminin həllinə getməyəcəklər.

Hesab edirəm ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü  təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Əgər bütün bunlar da alınmırsa, onda bu dövlətlər çəkilməlidirlər kənara, Azərbaycanla Ermənistan özləri təkbaşına bu problemi həll etməlidirlər. Çünki bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar.

 

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 23 iyul.- S.5.