Abşerona gözəllik verən məkanlardan biri

 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı hər yerdə olduğu kimi, Abşeron rayonunun simasında da aydın müşahidə edilir. Bu inkişafın nəticəsidir ki, Abşeron son illərdə daha müasir və yaraşıqlı görkəm almaqla ölkəmizin gündən-günə yeniləşən simasını özündə əks etdirir. Hazırda rayonun hər yerində mühüm tikinti - quruculuq və abadlıq işləri gedir. Xüsusən Xırdalan şəhəri böyük tikinti meydanını xatırladır. Əsaslı yenidənqurma işlərindən sonra yaxın vaxtlarda sakinlərin ixtirayına veriləcək Heydər parkı şəhərin simasını daha da gözəlləşdirəcək. Burada inşa olunan və möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzi isə abşeronluların ulu öndərin irsinə olan ehtiramlarının göstəricisidir.

Abşeronun yüksəlişinə, simasının yeni görkəm almasına qeyri-dövlət qurumları, tikinti şirkətləri də öz layiqli töhfələrini verirlər. Bu sırada "Zirvə İdman Kompleksi" MMC və "AAAF-İnşaat" MMC tərəfindən Xırdalan şəhərində həyata keçirilən layihələr xüsusilə diqqəti çəkir. Bu şirkətlərin ən müasir standartları əsas götürməklə apardıqları tikinti işləri son illərdə şəhərin həm inkişafına, həm də simasının  modernləşməsinə böyük təkan verib.

"Zirvə İdman Kompleksi" MMC-nin Xırdalanda həyata keçirdiyi ən böyük layihə "AAAF Park Yaşayış Kompleksi"dir. MMC-nin təsisçisi, 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında ölkəmizi ağırlıqqaldırma üzrə təmsil etmiş peşəkar idmançı Tofiq Heydərovun sözlərinə görə, Xırdalan şəhərində Heydər Əliyev prospektində salınmış "AAAF Park Yaşayış Kompleksi" həyata keçirdikləri uğurlu inşaat layihələrindən biridir. Bu layihənin əsas məqsədlərindən biri ölkəmizdə idmanın inkişafına xidmət etməkdir. Ona görə bura həm də Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasını peşəkar idmançılarla təmin edən "Zirvə" İdman Klubunun əsas təlim-məşq bazasıdır. Ən müasir standartlar səviyyəsində inşa olumuş ağırlıqqaldırma zalında xeyli sayda idmançı məşğul olur. Zalın yaxınlığında inşa edilmiş birmərtəbəli binalarda idmançıların yaşayışı üçün hər cür şərait yaradıldığından bura həm də Olimpiya kəndini xatırladır.

2006-cı ildən fəalliyətə başlayan "Zirvə" İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Klub qısa dövrdə onlarla Avropadünya çempionatlarının qaliblərini yetişdirməyə müvəffəq olub. 2013-cü ildə klubun ağırlıqqaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər, bu qələbələrlə yanaşı 7 dəfə dünyaAvropa rekordunu təzələyiblər.

Tofiq Heydərov bildirir ki, ağırlıqqaldırmanın inkişafına xidmət etmək üçün yalnız bir idman zalı ilə kifayətlənmək fikrində deyillər. Hazırda "AAAF Park"da bir böyük məşq zalı, o cümlədən ayrıca fitnes zalı olsa da yaxınlıqda 3 min nəfər tamaşaçı tutumu olan yeni ağır atletika kompleksi inşa olunur. Orijinal görkəmi ilə fərqlənəcək bu bina ilk baxışdan dağ massivini xatırladacaq. Xırdalan şəhərinə xüsusi gözəllik verəcək yeni idman kompleksində beynəlxalq səviyyəli yarışların keçirilməsi də mümkün olacaq.

Üstəlik, "Zirvə" İdman Klubunun Azərbaycanın bölgələrində böyük kompleksləri var. Lənkəran, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Masallı, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarda idmançılara ən yüksək şərait yaradılıb. Klubun beynəlxalq layihəsi olan "Zirve İnternational Sport Clubs" çərçivəsində Türkiyə, Rusiya, Boqarıstan, Moldova, Gürcüstan, UkraynaPolşada idman kompleksləri inşa etdirilib.

"Zirvə" İdman Klubunun idmanın inkişafına verdiyi dəstək yalnız bununla bitmir. Çünki komplekslə yaxından tanış olduqca burada digər idman növlərinin inkişafı üçün mükəmməl infrastrukturun yaradıldığını görmək olar. Burada diqqətimizi çəkən digər idman  qurğularından biri gimnastika kompleksi oldu. Öyrəndik ki, bu kompleks respublikamızda gimnastika üzrə ilk özəl arenadır. Qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq burada gimnastika ilə məşğul olan xeyli sayda uşaq var.  Gimnastika ilə yanaşı "Zirvə" İdman Klubunda idmanın üzgüçülük, futbol, cüdo, güləş növləri ilə məşğul olmaq üçün mükəmməl infrasturktur yaradılıb.

Qeyd etdiyimiz kimi, "Zirvə İdman Kompleksi" MMC-nin həyata keçirdiyi "AAAF Park" layihəsinin məqsədlərindən biri idmanın inkişafına dəstək göstərməkdir. İldən-ilə burada 2, 4 və 5 mərtəbəli yaşayış binaları, kotteclər və villalar inşa edildiyindən kompleks modern yaşayış massivinə çevrilib. Hazırda bu ərazidə ayrıca uşaq bağçası, məktəb və lisey fəaliyyət göstərir. Sakinlər kənara çıxmadan elə "AAAF Park"da övladlarının təlim- tərbiyəsi ilə məşğul ola bilərlər. Burada bağçaya gedən uşaqlar daha sonra avtomatik olaraq orta məktəbə və liseyə götürülürlər.

"AAAF Park" abşeronluların istirahətini, o cümlədən uşaqların əylənmək istəklərini də unutmayıb. Ərazidə salınmış parkda sakinlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən kaferestoranlar gün ərzində sakinlərin xidmətindədir. Üstəlik, qiymətlər də Bakı ilə müqayisədə xeyli ucuzdur. Kompleksin əsas devizi "Sağlamlığa xidmət" olduğundan istirahət parkında siqaret çəkmək yasaqdır. Kaferestoranlarda isə müştərilərə alkoqollu içkilər təqdim olunmur.

Burada uşaqların əylənmək imkanları da kifayət qədər genişdir. Çoxsaylı attraksionlarda, buz meydançasında, kino zalında uşaqlar əsl əyləncənin dadını çıxara bilərlər. Açıq havadakı "Limuland" Uşaq-Əyləncə Mərkəzi isə daim yeni əyləncələrlə uşaqların xidmətindədir. Yol ətrafındakı müxtəlif heyvan maketləri öz dinamikliyi və təbii səs çıxarmaları ilə parka gələn qonaqların, əsasən də uşaqların maraq və sevincinə səbəb olur. Əyləncə mərkəzində uşaqların danışıq qabiliyyətinin formalaşması, ünsiyyət probleminin aradan qaldırılması, komplekslərdən uzaq olması, səhnə mədəniyyətinə yiyələnməsi, kollektivə uyğunlaşması baxımından müxtəlif yarışmalar və oyunlar da təşkil olunur.

Daim uşaqların rahatlığını düşünən "AAAF Park" həm də yeni əyləncə məkanlarını istifadəyə verməkdə davam edir. Bu yaxınlarda hündürlüyü 35 m, hər biri 6 nəfərlik 20 kupedən ibarət olan "Günəş çarxı"nın istifadəyə verilməsi uşaqların əylənmək imkanlarını bir qədər də artırıb. Gecələr möhtəşəm işıqlanma sistemi ilə gözəl görüntülərə səbəb olan, hər kəsin zövqünü oxşayan bu attraksion Xırdalan şəhərini yüksəklikdən izləmək, xoş anlar yaşamaq imkanı verir. Qiymətin isə münasib - adambaşı cəmi 1 manat olması sakinlərin ürəyincədir.

"AAAF Park" mükəmməl bir yaşayış kompleksi olduğundan burada digər xidmətlər də həyata keçirilir. Park ərazisində dünyanın tanınmış geyim firmalarının məhsullarının satıldığı mağazalar insanlara uzağa getmədən alış-veriş etməyə imkan verir. "Sağlam ailə" tibb mərkəzi, qadın gözəllik salonu, bərbərxana, aptek, Bakıda fəaliyyət göstərən marketlər şəbəkəsinin bir mağazası, 24 saat fəaliyyət göstərən avtopark qonaqların və sakinlərin xidmətindədir. Yaxın günlərdə isə kompleksdə hotel istifadəyə veriləcək.

Göründüyü kimi, "AAAF Park" çoxfunksiyalı olmaqla Azərbaycanda tikinti sektorunun liderlərindən olan "Zirvə İdman Kompleksi" MMC-nin Abşeronda həyata keçirdiyi innovativ layihədir. Hazırda isə "AAAF Park"ın yaxınlığında "AAAF-İnşaat" MMC tərəfindən hündür mərtəbəli yaşayış binaları inşa olunmaqdadır. Arzu edənlər tam ödəniş və ya sərfəli kredit şərtləri ilə Xırdalan şəhərinin bu səfalı guşəsindən istəklərinə uyğun mənzil ala bilərlər. Burada idman qurğularının və yaşayış binalarının, xidmət və infrasturktur sahələrinin vəhdətindən doğan gözəllik Xırdalanın Azərbaycanın modern şəhərləri sırasındakı qabaqcıl mövqeyini təmin edir.

          

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2014.-31 iyul.-S.5.