Azərbaycan idmanında İLHAM ƏLİYEV missiyası

 

İrqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin edən olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmamağa, olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Çünki olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, həm də onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, imkanlarını da nümayiş etdirir.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında müstəqil və daha yaxından iştirakı üçün geniş imkanlar yarandı. Həmin dövrdə Milli Olimpiya Komitəsi qarşısında dayanan ümdə vəzifələrin həyata keçirilməsi üçün özünü kənarda qoymamalı, aparıcı rol oynamalı idi. Lakin 1997-ci ilədək bu istiqamətdə qeyd olunmalı işlər olduqca az idi və demək olar ki, nəzərə çarpmırdı. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə yalnız 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə olimpiya oyunlarına qatılması idi. Atlanta Olimpiya Oyunlarına hazırlıq işlərinin həyata keçirilməsinə də yalnız dövlət strukturları cəlb olunmuşdu.

1996-cı ildə Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, yetərli deyildi. Azərbaycan idmansevərləri və idmançıları olimpiya oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında MOK daha çox işlər görə bilər və görməlidir. Ona görə də Azərbaycanda idman və olimpiya hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaratmaq tələb olunurdu.

 

17 il əvvəl Azərbaycanda olimpiya hərəkatı yeni mərhələyə qədəm qoydu

 

MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Məlum oldu ki, istedadlı idmançılarımız, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmişdir, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. O da məlum oldu ki, MOK-un nəinki beynəlxalq idman qurumları, hətta ölkənin idman təşkilatları ilə əlaqələri yoxdur.

Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK-un İcraiyyə Komtəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.

Elə ilk günlər göstərdi ki, bu seçimdə MOK səhv etməyib. MOK-un və idmanımızın bu məsələdə daha çox qazandığı tezliklə aydın oldu. Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşqun enerji və işə bələdliklə, mövcud durumu maksimum düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yol və vasitələrini dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməyə başladı. İdmançılarla, idman mütəxəssisləri ilə ardıcıl, kollektiv və fərdi görüşüb, söhbətləşib, fikir mübadiləsi apardı. Həm də ilk görüşdəki çıxışındaca ortaya əməli plan və proqram qoydu.

Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə Azərbaycan olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Azərbaycanın olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələrin qurulması və MOK-u beynəlxalq olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək, beynəlxalq yarışların keçirilməsinin Azərbaycana salınmasına nail olmaq, beynəlxalq və qitə olimpiya komitələrinin, digər beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin əsas istiqamətləri oldu.

Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə qlobal işlər görüldü. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ildə "Bədən tərbiyəsi və idman haqqında" qanun qəbul etdi. Bu qanun idmanın inkişaf etdirilməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi.

Ölkədə idmanın ardıcıl, daimi inkişafı bilavasitə uşaqların və yeniyetmələrin idmana cəlb olunmasından asılıdır. Bir qədər əvvəl deyildiyi kimi, bu məsələ hələ 1997-ci ildə MOK-un fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olundu. Lakin təkcə uşaqları idmana cəlb etmək, idmanı təbliğ etmək azdır. Əvvəlcə idmanla məşğul olmaq üçün lazımi şərait yaratmaq, həmin şəraitdən bəhrələnib idmana gəlmiş uşaqların və yeniyetmələrin yarışlarda özlərini sınamasını təmin etmək lazımdır. Məhz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında bu məsələ 1997-ci ildə ön plana çəkildi. Respublikada yeniyetmələr və uşaqlar arasında idmanın inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Yeniyetmələr arasında idmanın inkişafı və təbliği istiqamətində MOK-un irəli atdığı ilk addım iki ildən bir Yeniyetmələrin Respublika Oyunlarının təşkili və keçirilməsi oldusa, sonra bu işlər çoxplanlı şəkil aldı. Olimpiya ideyalarının ən böyük təbliğ aparatı olan bu yarışlar tezliklə yeni perspektivlərin üzə çıxmasında, ölkə idmanının kütləviliyinin təşkilində əhəmiyyətli rol oynadı. Azərbaycanın yeniyetmə idmançılarının müxtəlif beynəlxalq yarışlara göndərilməsi, onların Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin himayəsi altında keçirilən böyük idman tədbirlərində iştirakı təmin olundu. Eyni zamanda, Azərbaycanda yeniyetmələr arasında qitə və dünya miqyaslı yarışların təşkili və keçirilməsi sahəsində işlər həyata keçirildi.

 

Sidneydə 3, Afinada 5, Pekində 7, Londonda isə 10 medal

 

Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu ali yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, eyni zamanda xalqlar arasında bərabərliyin və dostluğun qorunması, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirilməsi, əmin-amanlıq, sülh deməkdir. Bu oyunlar bütün dünyada ən populyar yarışlardır. Həmin yarışlar çərçivəsində milyonlarla insan bir yerə toplaşır. Bu mənada onlar getdikcə daha böyük ictimai-siyasi anlam kəsb edir.

Uğurları birdən-birə qazanmaq olmur. Lakin qətiyyət və iradə olan yerdə qarşıda duran məqsədlərə daha tez çatmaq mümkündür. Azərbaycan idmançılarının Sidney zəfəri bunu əyani təsdiq etdi. İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi üç il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən yay olimpiya oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. Beləliklə, cənab İlham Əliyevin MOK rəhbəri kimi fəaliyyəti 2000-ci ildə - Sidney Yay Olimpiya Oyunlarında öz parlaq təcəssümünü tapdı.

Növbəti illərdə qarşıya qoyulan məqsədlərin öhdəsindən gəlmək və yeni nailiyyətlərə imza atmaq üçün imkanlar səfərbər edildi. Aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Afina və Pekin olimpiya oyunlarına daha yüksək səviyyədə hazırlığını təmin etdi, qarşıya qoyulmuş məqsədlərə çatmaq imkanı yaratdı.

Pekindən zəfərlə dönən Azərbaycan komandasının London Olimpiya Oyunlarında daha böyük uğura imza atacağı gözlənilən idi. London Olimpiya Oyunları Azərbaycan üçün yalnız idmançılarımızın sayının artması ilə yadda qalmadı. Bu olimpiada Azərbaycan üçün daha çox ona görə yaddaqalan və əlamətdar oldu ki, olimpiya komandamız indiyədək qatıldığı olimpiya oyunları içərisində ən böyük uğuruna imza atdı. Azərbaycan idmançıları rekord sayda - 10 medal qazandılar.  Bununla da 204 ölkə arasında 30-cu yerdə qərarlaşan ölkəmiz medalların ümumi sayına görə 25-ci sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdədir. Azərbaycan olimpiyaçıları nailiyyətləri ilə Türkiyə, Belçika, Argentina, Portuqaliya, Kanada, Yunanıstan, Tailand, Bolqarıstan, İsveç, Norveç, Hindistan, İndoneziya, Serbiya kimi dövlətləri geridə qoydular. Medal əyarında da göstərici rekorddur. İdmançılarımız 14 il əvvəl - Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medal qazanmaqla ilk rekorda imza atmışdılar. O vaxt Namiq Abdullayev və Zemfira Meftahəddinova qızıl, Vüqar Ələkbərov bürünc medal qazanmışdılar. Londonda isə 2 qızıl və 2 gümüş medalla yeni rekord vuruldu. Bu dəfə  Toğrul Əsgərov və Şərif Şərifov  qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibləri oldular.

Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutdu.

London Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə Prezident İlham Əliyev deyib: "Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. London Yay Olimpiya Oyunları bunu bir daha təsdiqlədi, bir daha sübut etdi. Azərbaycan olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya Oyunlarında qazanmışdır. Bu olimpiya oyunlarında 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30-cu yeri tuta bilmişdir. Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdəyik. Azərbaycan idmançıları 10 medal qazanmışlar - ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Bu, doğrudan da, böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Bu qələbə gözlənilən idi. Biz idmançıları Londona yola salarkən onlardan böyük ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin əsası var idi. Çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışıq".

İdmançılarımız XXX London Yay Olimpiya Oyunlarında möhtəşəm uğura imza atdılar. Milli olimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazılmış bu böyük uğurla yalnız fəxr etmək olar! Şübhəsiz ki, idmançılarımız növbəti mötəbər yarışlarda da, ən əsası, Braziliyanın Rio de-Janeyro şəhərində keçiriləcək XXXI Olimpiadada da möhtəşəm qələbələri ilə yeni tarix yazacaqlar.

 

Azərbaycan beynəlxalq olimpiya hərəkatına böyük töhfə verir

 

1997-ci ildə İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra bu qurumun fəaliyyətindəki canlanma həm də maddi-texniki bazanın gücləndirilməsi ilə müşayiət olundu. Ölkədə idmanın sürətli inkişafı və onun gələcək imkanlarını genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın möhkəmləndirilməsinin əsası qoyuldu. 1997-ci ildə MOK-un özünə məxsus heç bir idman qurğusu yox idi. Komitə 1999-cu ildən  obyektlərinin tikintisinə başladı və 2000-ci ilin oktyabrında Bakıda ilk olimpiya kompleksinin açılış mərasimi oldu. 2001-ci ilin martında MOK-un inzibati binası istifadəyə verildi, dekabrda isə Maştağa qəsəbəsində daha bir Olimpiya İdman Mərkəzi öz qapılarını idmansevərlərin üzünə açdı. Paytaxtdan başlayan bu quruculuq tədricən bölgələrə doğru istiqamətləndi. Bölgələrdə olimpiya idman komplekslərinin tikilib istismara verilməsi çox önəmli rol oyanyır. Birincisi, həmin bölgələrin inkişafı, ikincisi, Azərbaycanda idman hərəkatının tərəqqisi üçün. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 40-dan çox olimpiya idman kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var. Bütün bunlar Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafına təkan verir.

Olimpiya komplekslərinin mövcudluğu olimpiya hərəkatının inkişafına töhfə verən amillərdən biridir. Göründüyü kimi, MOK Azərbaycanda idmanın, olimpiya hərəkatının, sözün əsl mənasında, möhtəşəm inzibati-idman mərkəzini yaradıb, idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə edib. Ona görə də bu gün Azərbaycanda təkcə beynəlxalq idman yarışları deyil, həmçinin idmanla bağlı böyük tədbirlər də ölkəmizə həvalə edilir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda qitə və dünya çempionatlarının keçirildiyi dövlətdir. Beynəlxalq yarışların regionlarda təşkili sahəsində də böyük nailiyyətlər qazanılıb.

 

I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar ölkəmizin böyük uğurudur

 

2012-ci ilin sonlarına doğru Azərbaycan idmansevərləri və bütövlükdə ölkə ictimaiyyəti üçün növbəti xoş idman xəbəri Avropadan gəldi. Azərbaycanda idmanın inkişafının, ölkəmizin beynəlxalq olimpiya hərəkatına verdiyi töhfələrin nəticəsi olaraq həmin il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi.

Olimpiya oyunlarına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Təsadüfi deyil ki, ev sahibliyi uğrunda çox ciddi mübarizə gedir. Ona görə də hər bir olimpiya oyunlarına ev sahibliyi edəcək ölkənin adı xeyli əvvəldən məlum olur. Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Olimpiya Oyunları isə tarixdə birinci dəfə keçiriləcək. Prezident İlham Əliyev AOK-un qərarını tarixi hadisə adlandıraraq bunu, həmçinin, ölkəmizin böyük uğuru kimi dəyərləndirib və bu oyunların yüksək səviyyədə keçiriləcəyini bildirib: "Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir".

Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

Artıq I Avropa Oyunlarına bir ildən də az vaxt qalır. Yay olimpiya oyunları üçün 6-7 il vaxt verilsə də, Azərbaycanın Avropa oyunlarına hazırlıq üçün cəmi iki il vaxtı vardı. Bundan başqa, yay olimpiya oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yoxdur. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın  üzərinə düşür. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda başa çatdıracaq. Hazırlıq işlərinin böyük bir hissəsi yerinə yetirilib. İnşa olunan digər idman obyektləri isə yaxın aylarda idmançıların ixtiyarına veriləcək.

Ölkəmiz 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına da ev sahibliyi edəcəkdir. Sözsüz ki, "Bakı-2015" ilk Avropa Oyunları Azərbaycana böyük təcrübə qazandıracaq. Lakin ən mühümü ondan ibarətdir ki, Avropa oyunlarının keçirilməsi ilə bağlı standartları ortaya Azərbaycan qoyacaq və dörd ildən bir keçirilən oyunlarda Azərbaycanın nümunəsi əsas götürüləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.-31 iyul.-S.2.