Festivalın növbəti günündə tanınmış bəstəkarların əsərləri səsləndirilib

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, iyulun 25-də festivalın proqramına uyğun olaraq “Qafqaz Resort” otelində təqdim edilən növbəti kamera konsertində tanınmış Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertdə müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları, pianoçular – Aslan Aslanov, Müşfiq Quliyev, Alfred Corto adına Paris Musiqi Məktəbinin tələbəsi, klarnet ifaçısı Səddam Novruzbəyov, Madrid Kraliça Sofiya adına Ali Musiqi Məktəbinin tələbəsi, skripka ifaçısı Kamran Quliyev çıxış ediblər. Musiqiçilər gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıblar.

Konsertdə İoqannes Bramsın, Frits Kreyslerin “Sevgi iztirabları”, “Reçitativ və skerzo”, Arnold Malkolmun sonata, Sergey Raxmaninovun əsərlərindən parçalar səsləndirilib.

Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcəklər.

 

Azərbaycan.-2014.-26 iyul.-S.7.