Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisinin 28 may tarixli bəyanatına cavabı

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunması ilə bağlı Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisinin 28 may tarixli bəyanatını Azərbaycanın müstəqil məhkəmə instansiyalarının işinə müdaxilə və təzyiq kimi qiymətləndirir və tam şəkildə qəbulolunmaz hesab edir.

Adları sadalanan şəxslər vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə mühakimə olunmuşlar və bu şəxslərin cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilmişdir.

Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə son zamanlar müşahidə olunan yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə dəvət edir.

 

Azərbaycan.-2014.- 1 iyun.- S.1.