AzərTAc ilə Səudiyyə Press Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu Səudiyyə Ərəbistanı Krallığının kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir

 

Səudiyyə Ərəbistanı Krallığının kütləvi informasiya vasitələrində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində mayın 30-da AzərTAc ilə Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə materiallar yayılmışdır.

"Məkkə" qəzeti yazır ki, Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseynin və AzərTAc-ın baş direktoru Aslan Aslanovun imzaladıqları Anlaşma Memorandumunda tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə mübadiləsi, üzv olduqları beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Səudiyyə Ərəbistanının nüfuzlu gündəlik "Əl-Riyad" qəzetində dərc olunmuş məqalədə AzərTAc ilə SPA arasında Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanır, Abdullah bin Fəhd əl-Hüseyn və Aslan Aslanov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin iqamətgahında keçirilən görüş haqqında ətraflı məlumat verilir. Bildirilir ki, səfir dostqardaş ölkələr olan Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin möhkəm zəmin üzərində inkişaf etdiyini diqqətə çatdırmış, imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd etmişdir.

Səfirə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasında müzakirə olunacaq məsələlər, 2016-cı ildə Azərbaycan paytaxtında təşkil ediləcək V konqresbu tədbirdə beynəlxalq quruma sədrliyin AzərTAc-a keçəcəyi barədə ətraflı məlumat verilmişdir.

Həmçinin Səudiyyə Ərəbistanının "Əl-Şərq", "Aleqt", "Dar Əl-Əxbar" qəzetlərində, Səudiyyə Press Agentliyinin, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) saytlarında və digər informasiya portallarında da AzərTAc ilə SPA arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası, bu çərçivədə baş tutmuş görüşlər barədə fotoşəkillərlə müşayiət olunan informasiyalar yayılmışdır.

 

AzərTAc

Azərbaycan.-2014.- 1 iyun.- S.5.