Geoarxeologiya - keçmişə fərqli bucaq altında baxış

 

Bu gün arxeoloqlarımızın sorağı respublikamızın yaxın-uzaq bölgələrindən gəlir. Aparılan arxeoloji qazıntılar nəticəsində yeni maddi mədəniyyət abidələri aşkarlanır, onlar müasir üsullarla tədqiq olunur, qədim keçmişimiz haqqında zəngin bilgilər əldə edilir.

Ötən əsrin 80-ci illərində baş geoloq kimi çalışdığım Azərbaycan Geologiya İdarəsinin Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasının Qoşqarçay axtarış dəstəsi Qoşqar dağının şimal-qərb yamaclarında mis yatağında filiz ehtiyatlarının dəqiqləşdirilməsi üzrə geoloji-kəşfiyyat işləri aparırdı. Buldozer düşərgə üçün yer hamarlayarkən təsadüfən qədim bir insan qəbrini aşkarladı. Bu, Tunc dövrünə məxsus qutu qəbir idi. İri sal daşlarla oval şəklində əhatələnmiş qəbrin içində üç təbəqədə yerləşdirilmiş səkkiz müxtəlif ölçülü, qara rəngli, geniş boğazlı küp vardı. Gildən hazırlanmış, üzləri şirələnməmiş həmin küplər naxışsız idi, amma yaxşı qalmışdılar. Onların içərisi torpaqla dolmuşdu, ən aşağı qatdakı nisbətən iri küpün içində torpaqqarışıq bir neçə əşya vardı: tuncdan hazırlanmış xəncər,  nizə ucluğuüç ədəd  göbələk şəkilli xırda düymə; ucuz əlvan daşlardan 23 ədəd boyunbağı muncuğu; sümükdən hazırlanmış iki ədəd kiçik, boruşəkilli, üstü naxışlı muncuqüç ədəd insan dişi. Nə demək idi bu maraqlı tapıntılar nədən xəbər verir? Xəncər və nizə ucluğu, yanında da boyunbağı - kişi qəbridir, yoxsa qadın? Küpün içində cəmi üç diş vardı, bəs skeletya onun qalıqları niyə yoxdur? Suallar çox idi.

Arxeologiyaya uşaqlıqdan həvəsim olsa da, geoloq idim və mənaca ziddiyyətli olan bu maddi əşyalara görə qəbrin kimə məxsusluğu və digər suallar barədə tək fikir söyləyə bilməzdim. Azərbaycan Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutuna gedib əşyaları oranın iki əməkdaşına göstərdim. Bu maddi nümunələrin tədqiqində yardımçı olmalarını xahiş etdim. Amma həmin arxeoloji obyekt onlar üçün o qədər də maraq kəsb etmədi. Dedilər ki, belə qutu qəbirlər Azərbaycan, xüsusən qərb bölgəsi üçün yeni deyil, Gədəbəy-Xocalı mədəniyyətinə aid onlarca bu tipli qəbirlər öyrənilib tədqiq edilmişdir. Amma hər halda, böyükya kiçikliyindən, yeniya eyniliyindən asılı olmayaraq, hər bir arxeoloji obyektin öz yeri, öz dəyəri var. Bəlkə də başqa səbəblər üzə çıxmışdı, ən azından vəsait ayrılması üçün kimlərisə inandırmaq, ekspedisiya təşkili üçün sənədlər düzəltmək və s. mərhələləri keçmək lazım idi. İndi hazırda dövlətimiz tərəfindən kifayət qədər dəstəklənən ArxeologiyaEtnoqrafiya İnstitutu vəsait və imkan tapıb o yerlərə arxeoloji ekspedisiya göndərə bilər. Həmin ərazidə ölkəmizin Albaniya tarixinə aidxeyli maddi mədəniyyət abidələri mövcuddur və onların hamısı öz inadkar tədqiqatçılarının yolunu gözləyir.

Amma bu yazının  məqsədi arxeologiya deyil, geoarxeologiyadır və nə üçün ölkəmizdə bu sahə zəif inkişaf edir. Geoarxeologiya - yer elmlərinə məxsus tədqiqat üsullarından istifadə etməklə, arxeoloji məsələlərin öyrənilməsidir. Bunu yer elmlərinin arxeologiyaya dəstəyi və ya qədim keçmişə fərqli bucaq altından baxışı kimibaşa düşmək olar. Yer elmləri deyəndə isə ilk növbədə, geologiya, coğrafiya və onların törəmələri olan geomorfologiya, geokimya, paleontologiya, mineralogiyas. elmlər nəzərdə tutulur.

Məlumdur ki, son elmi yeniliklər, adətən, öyrənilmə predmeti eyniya müxtəlif olan elmlərin qovuşuğunda, təmasında baş verir. Yer, texniki elmlər, humanitartibb elmlərinə və ya əksinə, nüfuz edərək bir-birlərini zənginləşdirir. Bu zaman yeni elm sahələri meydana çıxır, nəticədə insanlar özləri və ətraf mühit haqqında daha dolğun informasiya əldə etmiş olurlar. Bu baxımdan arxeoloji tədqiqatların aparılmasında təbiət elmləri, onların metod və yanaşmaları kifayət qədər əhəmiyyətli rol oynayır. Təəssüf ki, respublikamızda bu sahə ilə məşğul olanbir laboratoriya var, nə də mütəxəssis. Halbuki Avropa ölkələrində, hətta Rusiyada, Qazaxıstanda və digər keçmiş sovet respublikalarının bir neçəsində artıq bu məsələlərlə yaxından məşğul olurlar. Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalara və peşəkar mütəxəssis kadrlara malikdirlər.

Mən hələ 1981-ci ildə Daşkənd şəhərində geologiya üzrə bir aylıq ixtisasartırma kursunda oxuyarkən qazaxıstanlı cavan bir arxeoloqun bizim kursda iştirakından xeyli təəccüblənmişdim. Sən demə, onu bir geoarxeoloq kimi yetişdirmək üçün "Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları" kursuna ezam ediblərmiş. Qazaxıstanda geoarxeologiya üzrə tədqiqatlar məşhur alim Alan Medoyevin adı ilə bağlıdır və hazırda onun yaratdığı məktəbin davamçıları bu sahədə ciddi axtarışlar aparmaqla qazax xalqının qədim tarixinin öyrənilməsinə öz layiqli töhfələrini verirlər.

Bu yaxınlarda internet səhifələrində arxeoloqlarla geoloqların birgə əməkdaşlığının müsbət nəticəsinə dair maraqlı bir yazı oxudum. Rusiyanın Uzaq Şərqində tapılan obsidiandan (dəvəgözü) hazırlanmış primitiv daş alətlərin ibtidai insanların haradan əldə etdikləri arxeoloqlar qarşısında bir sual olaraq qalırdı. Çünki dəvəgözü və ya vulkan şüşəsi, həqiqətən, o yerlərdə yox idi. Nəhayət, geoloqlarla birgə tədqiqatın nəticəsində məlum olmuşdur ki, həmin obsidianlar ancaq Yaponiyanın Xokkaydo adasından gətirilə bilər, belə ki, izatop analizləri Uzaq Şərqdə tapılan daş alətlərin və Xokkaydo adasında yayılan obsidianların eyni tərkibə və xüsusiyyətlərə malik olduğunu göstərmişdir.

Başqa bir misal: bu gün İtaliyanın dünyaca məşhur arxeoloji muzeyi olan qədim Pompey şəhərini ziyarət etməyə hər il yüz minlərlə turist gəlir. Tarixdən dəqiq bəllidir ki, vaxtı ilə çiçəklənən bu şəhər eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində darmadağın olmuş, bütün şəhər əhalisi ilə birlikdə qalın vulkan külü altında qalmışdır. Arxeoloqlar geoloqların, vulkanoloqların və digər elm sahələrinin mütəxəssislərinin birgə səyi nəticəsində bu  dəhşətli vulkanın tükürpədən faciəvi nəticələri xırda detallarına qədər öyrənilmişdir.

Bəs, görəsən, biz ölkəmizin ərazisində tapılmış Daş dövrünə aid obsidiandan hazırlanmış əşyaların haradan olmasını bilirikmi? Ötən əsrin 60-cı illərində geoloqlarımız Kəlbəcər rayonunda zəngin obsidian (dəvəgözü) yatağının olduğunu aşkarlamışlar - bəlkə o, elə həmin yataqlardandır? ya insanlıq tarixinin ən dağıdıcı zəlzələlərindən biri - 1139-cu ildə baş vermiş və 230 min insanın məhvinə və Kəpəz dağının zirvəsinin qoparaq Göygölün yaranmasına səbəb olmuş Gəncə zəlzələsi haqqında nədən əlavə bir şey bilmirik? Yaxudüçün Tunc dövrünə aid metal əşyaların tərkibindəki metalların, xüsusən misin mənşəyi, hansı yatağa mənsubluğu barədə araşdırmalar aparmamışıq? Axı, KiçikBöyük Qafqaz dağlarında bizim kifayət qədər irili-xırdalı mis və digər metal yataqlarımız mövcuddur. Müasir tədqiqat üsullarının, o cümlədən izotop analizlərinin köməyi ilə, onların fiziki-kimyəvi xüsusiyyətlərini, mineraloji tərkiblərini tutuşdurmaqla həmin əşyaların hansı yatağa məxsus  xammaldan hazırlanmasını müəyyən etmək olar. Bu da qədim dövrlərdə ölkəmizdə primitivolsa, dağ-mədən və metallurgiya işinin aparılması haqqında tutarlı informasiya əldə etməyə və dəqiq elmi fikir yürütməyə imkan verər.

Yuxarıda qeyd etdiyim kimi, hələ ötən əsrin 80-ci illərində Qoşqar dağının ətəklərində geoloji-axtarış işləri apararkən təxminən 5 yerdə qədim şlak (ərimiş filiz) topasına rast gəlmişdik və hətta onlardan götürdüyümüz sınaqlarda spektral analizlə az miqdar qızıl və mis təyin etmişdik. Bəlkə o qəbirdən tapdığımız tunc əşyalar buradakı filizlərin metallarından hazırlanıb? - bilmirik. Suallar çoxdur. Onları açmaq üçün sahə institutlarının birində arxeoloq və təbiət elmləri üzrə mütəxəssislərdən ibarət geoarxeologiya şöbəsi yaratmaq məqsədəuyğun olar. Cənubi Qafqazda qədim metallurgiyakeramika məsələlərinin öyrənilməsi məqsədilə bu yaxınlarda AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu Almaniyanın Dağ-Mədən MuzeyiGürcüstan Milli Muzeyi ilə bağlanmış əməkdaşlıq memorandumu əsasında Almaniya tərəfini bu işlərə cəlb etmək və onların təcrübəsindən bəhrələnmək də mümkündür.

Bir faktı da qeyd edək ki, 2007-ci ildən UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınmış Qobustan Milli Tarixi-Bədii Qoruğu haqqında zəngin informasiya toplansa da, bilgilərimiz yetərli deyil. Bura gələn turistlərə ancaq petroqliflərdən (qayaüstü rəsmlərdən), Qavaldaşdan, Anazağadans. danışılır. Bəlkə bir az dərinə gedib Qobustanı və ətraf əraziləri, xüsusən də dənizin altında qalmış yaşayış məskənlərimizi Xəzər dənizinin inkişafı və bu yerlərdə geniş yayılmış palçıq vulkanlarının aktivlik tarixi ilə birlikdə öyrənək? Bunun üçün bu işə geoloqlar, geomorfoloqlar, iqlimşünaslar, paleocoğraflar, paleobotaniklər və digər mütəxəssislər cəlb olunmalı və ərazi kompleks şəkildə hərtərəfli öyrənilməlidir. Onda üst paleolitdən, təxminən 35 min il əvvəldən başlayaraq bu yerlərdə yaşamış qədim insanlar bu gün susuz, quru olan daşlıqlarda nə üçün məskən salmışlar, burada nə yemişlər, nə içmişlər, o dövrlərdə buralarda ekosistem necə idi, nədən çıxıb getmişlər? Tədqiqatlar nəticəsində bu kimi suallara daha aydın cavablar tapmaq mümkündür.

Kim bilir, bəlkə bizim əcdadlarımız - ilk türkdilli insan qəbilələri Qobustan ərazisində formalaşmış, sonralar dənizin səviyyəsinin qalxması və ya palçıq vulkanlarının aktivləşməsi səbəbindən bu yerləri tərk edərək Xəzərin şimalından və cənubundan keçib, gündoğana tərəf hərəkət etmiş, Orta Asiyaya, oradan da Uzaq Şərqə, Çinə gedib çıxmışlar. Neçə əsrlərdən sonra isə onlar gen yaddaşlarının təsiri ilə geriyə, əzəli yurd yerlərinə - Qafqaza qayıtmışlar. İlk baxışda fantastik görünən bu ehtimalda bəlkə bir həqiqət var? Dənizin səviyyəsinin qalxması möhtəşəm Xəzər xaqanlığının məhvinə səbəb olmadımı? Fikrimcə, bütün araşdırmaları tək arxeologiyanın öhdəsinə buraxmaq doğru deyil. Biz dərin arxeoloji problemlərə kompleks yanaşmaqla onları təbiət elmləri üzrə mütəxəssislərlə birgə tədqiq edib öyrənməklə dolğun nəticələr ala bilərik.

Ümid edirik ki, AMEA-nın müvafiq qurumları bu çağırışa müsbət reaksiya verəcək, tariximizin daha qədim və qaranlıq qatlarına  işıq düşməsinə yardımçı olacaqlar.

 

Rəşid FƏTƏLİYEV,

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Neftkimya şöbəsi müdirinin müavini, geologiya-mineralogiya elmləri namizədi

Azərbaycan.-2014.- 1 iyun.- S.6.