Ömrümüzün sevinc payı

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

 

Körpə qığıltısını ən gözəl himn, ana laylasını ən əziz nəğmə adlandıranlar heç bir ritorika və pafosa yol verməyiblər. Uşaq insan ömrünün bəzəyi, ailənin səadəti, xalqın sabahıdır. "Uşaqlar bizim gələcəyimizdir" deyimiçox səslənmiş olsa belə, həmişə, bütün zamanlarda aktual və mənalıdır.

Azərbaycan ailəsində körpə xüsusi önəm kəsb edir. Xalqımız uşaq sevən xalqdır. Adi sözlərlə desək, Azərbaycan evində, Azərbaycan ailəsində ən yaxşı nə varsa - hamısı uşaqlara yönəldilir, gələcəklə bağlı bütün arzu-niyyətlər uşaqlara məhəbbətdən qaynaqlanır. Biz uşaqları sevir, bəsləyir, qoruyuruq.

Körpə sahibi olmaq Azərbaycan ailəsinin ən böyük arzusudur. Körpə - dəyəri heç bir var-dövlətlə ölçülməyən nemətdir, əvəzolunmaz varlıqdır. Təsadüfi deyil ki, bu gün hər cavan Azərbaycan ailəsində ən azı iki uşaq, yaxud buna istək, arzu var.

Statistikaya görə isə hazırda ölkədə dünyaya uşaq gətirmək yaşında olan qadınların hərəsinə orta hesabla 2,3 uşaq düşür. Keçən il Azərbaycanda 172,7 min körpə doğulub.

Odur ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə hər il  geniş tədbirlərlə qeyd olunur. Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmişdir. Bu təkliflər bəyənilərək həmin vaxtdan sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr olunması barədə qərar qəbul edilmişdir. Beləliklə, hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Azərbaycan Respublikası 1992-ci il iyulun 21-dən BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına qoşulmuşdur. 1998-ci il mayın 19-da isə uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə "Uşaq hüquqları haqqında" qanun qəbul edilmişdir.

Uşaqların yüksək qayğı ilə əhatə olunması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindəndir. Uşaqların təlim-tərbiyəsinin daim təkmilləşdirilməsi məsələsini Azərbaycan dövləti, Prezident İlham Əliyev daim diqqət mərkəzində saxlayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşır. Heydər Əliyev Fondunun uşaqların hərtərəfli inkişafına, keyfiyyətli təhsil almasına, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmasına yönəldilmiş önəmli layihələri hər kəsə yaxşı məlumdur.

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir.

Təqdirəlayiq haldır ki, ölkədə körpə ölümü halları ildən-ilə azalır. Məsələn, 2013-cü ildə hər 1000 diri doğulan körpəyə hesabı ilə ölüm səviyyəsi 2000-ci ilə nisbətən 16,4-dən 10,8-ə düşmüşdür. Keçən il eləcə də 5 yaşa qədər uşaq ölümü əmsalı hər 1000 nəfər diri doğulan körpəyə hesabı ilə 2000-ci ilə nisbətən 2,4 dəfə  azalmışdır.

Çox təəssüf ki, erməni vandallarının ölkəmizə təcavüzü nəticəsində yüzlərlə uşaq işgəncələrə məruz qalmış, süngüyə çəkilmiş, yandırılmış, valideynlərindən məhrum edilmişdir. Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günündə həmin balaca oğlan və qızlara qarşı törədilmiş cinayətlər, onların tapdalanan hüquqları barədə həqiqətləri dünya ictimaiyyəti daha uca səslə söyləməlidir. Doğulduğu kənddən, şəhərdən - isti yuvasından pərən düşmüş minlərlə günahsız uşağın haqqı tələb olunmalı, onların bu vəziyyətə düşməsində günahkar olanlarla haqq-hesab çəkilməlidir.

Hər bir körpə dünyaya ata-anasının, nənə-babasının arzu-kamı kimi gəlir. O, təkcə bir ailənin deyil, bütün xalqın və bəşəriyyətin övladıdır. Yuxarıda xatırlatdığımız deyimdəki mənanı bir qədər də genişləndirərək vurğulayaq ki, uşaqlar dünyanın gələcəyidir. Uşaqlar ömrümüzün bəzəyi, sevinc payıdır. Onlara yalnız sevinc və xoşbəxt gələcək bəxş etməyə borcluyuq.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 1 iyun.- S.8.