Bakıda Azərbaycan Gənclərinin VII Forumu keçirilir

 

İyunun 2-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin VII Forumunun rəsmi açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, 2 minədək gəncin bir araya gəldiyi Forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların təmsilçiləri, tələbə gənclər təşkilatlarının sədrləri, ali təhsil müəssisələrinin rektorları iştirak edirlər.

Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən Forum iştirakçıları onların məzarları üzərinə güllər qoymuşlar.

Heydər Əliyev Sarayında keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd etmişdir ki, Foruma hazırlıq məqsədilə bütün rayon və şəhərlərdə gənclərin konfransları keçirilmişdir. Konfranslarda VI Forumdan keçən dövr ərzində görülən işlərə nəzər salınmış, qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Bununla yanaşı, Foruma 1783 nümayəndə seçilmişdir. Hazırda onlardan 1739-u tədbirdə iştirak edir. O, iştirakçılarını sayını əsas götürərək Forumun səlahiyyətli olduğunu bildirmişdir.

Qeyd edilmişdir ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilmişdir. 1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ulu öndər Heydər Əliyev ilk Forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Forum Azərbaycanın müasir ictimai-siyasi tarixində layiqli yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan vermişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Forumun iştirakçılarına təbrik məktubunu oxumuşdur (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

Sonra əvvəlki forumlardan bəri gənclərlə bağlı görülən işlərə dair hesabat xarakterli sənədli film nümayiş etdirilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov ötən Forumdan bu günədək görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

Vurğulanmışdır ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu ali toplantı Azərbaycanda aparılan gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirmiş, Ümummilli Liderin birinci Forumdakı nitqi növbəti illər üçün fəaliyyət proqramına çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti sahəsində müstəqillik illərində mühüm addımlar atılmış, böyük uğurlar qazanılmışdır.

Məruzədə gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələrinə, eləcə də dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə edilməsinin dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olduğu diqqətə çatdırılmışdır.

Nazir məlumat vermişdir ki, XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir. Lakin hazırda Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat və qabaqlayıcı cavab verir. Hazırda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, 2012-2013-cü illərdə Dövlət Proqramının müvafiq bəndlərini icra etmək üçün 5 qrant müsabiqəsi elan edilmiş, ümumi büdcəsi 11 257 124 manat təşkil edən 327 layihə maliyyələşdirilmişdir. Azərbaycan hökuməti Dövlət Proqramının həyata keçirilməsi üçün 80 milyon vəsait ayırmışdır.

Azad Rəhimov demişdir ki, VI Forumdan ötən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilmiş, onlardan 254-ü ölkə səviyyəli, 89-u beynəlxalq tədbir olmuşdur. Bu tədbirlərdə hər il orta hesabla 200 mindən artıq gənc iştirak etmişdir. Bu müddətdə 6 mindən çox gənc isə beynəlxalq mübadilənin iştirakçısı olmuşdur.

Nazir bildirmişdir ki, ötən il iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Gənclər üçün Prezident Mükafatı” təsis edilmiş, hər biri 10 min manat olmaqla 6 mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlara təqdim edilmişdir. Bundan əlavə, Bakıda Gənc Alimlərin Beynəlxalq Forumu keçirilmişdir. Bu beynəlxalq tədbirdə 95 ölkədən 400-dək gənc alimdoktorant iştirak etmişdir.

Azad Rəhimov onu da demişdir ki, nazirlik tərəfindən 2006-2014-cü illərdə təşkil edilən “Məzun yarmarkaları”na 5 minə yaxın vakant yeri çıxarılmış, gənclərdən 1500 nəfəri daimi, 500 nəfəri isə mövsümi və ödənişli staj işlərinə cəlb olunmuşdur. Tələbələrə sosial dəstək məqsədilə Dövlət Proqramında nəzərdə tutulan “Azərbaycanın tələbə kartı” hazırlanmış və təmənnasız paylanılmışdır. Eyni zamanda, ötən dövrdə Dövlət Proqramının icrası nəticəsində gənclər siyasətinin normativ-hüquqi bazası təkmilləşdirilmişdir. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər Fondu təsis edilmişdir. Fondun gənclərin ictimai təşəbbüslərinin artırılması sahəsində xüsusi rolu olmuşdur. Qısa müddətdə Gənclər Fondunda qrant müsabiqələrinin keçirilməsi üçün aydın, şəffaf, operativ idarəetmə və qiymətləndirmə sistemi yaradılmışdır.

Nazir çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə gəncləri haqqında dediyi bu sözlərlə tamamlamışdır: Müasirlikkreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyasının bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. O, müstəqil Azərbaycan gənclərinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən ilk Forumundan 18 il keçdiyini, Ulu Öndərin daim gənclərin himayədarı olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ümummilli lider Heydər Əliyevin sağlam düşüncəli yeni nəslin formalaşmasında xidmətlərini xatırlatmış, gəncliyimizin bu günUlu Öndərin xatirəsini minnətdarlıq hissi ilə yad etdiyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Azərbaycanda dövlət tərəfindən gənclərə həmişə diqqət və qayğı göstərildiyini bildirmiş, ölkəmizin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə Naxçıvan gəncliyinin rolunu diqqətə çatdırmışdır. O, Azərbaycanın bütün şəhər və rayonlarından gəlmiş gənclərin bu tarixi tədbirdə böyük ümid, yeni baxış və maraqlı təşəbbüslərlə iştirak etdiklərini demişdir. Bildirmişdir ki, Forumda hökmran olan işgüzar və təşəbbüskar şərait daha müsbət nəticələrin əldə olunmasına imkan yaradacaqdır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsini rəisi Raqif Abbasov çıxış edərək Forumun əhəmiyyətindən, eləcə də rəhbərlik etdikləri təşkilatların reallaşdırdıqları layihələrdən danışmışlar.

Çıxış edənlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratdığını vurğulamışlar. Bildirilmişdir ki, bu proqram dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə gənclərimizin rolu qeyd edilmişdir.

Sonra Forumun bölmə iclasları başlamışdır. Bölmə iclaslarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında rolu, habelə gənclərin sahibkarlıq fəaliyyətlərinin inkişafı, yaradıcı gənclərə dəstək kimi mühüm məsələlər müzakirə olunacaqdır.

İyunun 3-də keçiriləcək yekun iclasında isə qətnamə və Forum iştirakçılarının Azərbaycan gənclərinə müraciəti qəbul ediləcəkdir.

 

Azərbaycan.-2014.- 3 iyun.- S.6.