Uğurların nümayiş etdirildiyi, perspektivlərin müzakirə olunduğu məkan

 

Bu gün Bakıda XXI Beynəlxalq "Xəzər neft və

qaz, neftayırma və neft kimyası" sərgisi açılır

 

Bu gün Bakı Ekspo Mərkəzində XXI Beynəlxalq Xəzər neftqaz sərgisi açılır. Ötən 20 ildə olduğu kimi, sərgi bu dəfə də dünya neft sənayesinin lider şirkətlərini və aparıcı mütəxəssislərini bir araya gətirib. Təşkilatçılar qismində İTE Qruponun tərəfdaşı - İteca Caspian şirkətləri çıxış edirlər.

Dünən bu tədbirə  həsr olunmuş mətbuat konfransında qeyd edildi ki, XXI Beynəlxalq Xəzər neftqaz sərgi və konfransı əlamətdar dövrdə - "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümü ərəfəsində keçirilir. Belə ki, Xəzər neft-qaz sərgisi Azərbaycanda ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1994-cü ilin may ayında olmuşdu.

İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon mətbuat konfransında məlumat verdi ki, bu il sərgidə  dünyanın 29 ölkəsindən 400-dən çox şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxu xeyli əvvəldən dünyanın tanınmış şirkətləri tərəfindən tutulub. Onların arasında "Əsrin müqaviləsi"nin, ondan sonra həyata keçirilən layihələrin iştirakçıları olan ARDNŞ, BP, "Statoyl", TPAO, "LUKoyl" və digər şirkətlər var. Sərgidə eləcə də Azərbaycan bazarında indiyədək olmayan və Xəzəryanı regionda biznesini genişləndirmək istəyən debütant şirkətlər də iştirak edirlər. Sərgi onlar üçün böyük işlərə başlamaqda platforma rolunu oynayır.

E.Stroon Azərbaycan dövlətinə, Energetika Nazirliyinə və ARDNŞ-yə sözügedən tədbirin keçirilməsinə göstərdikləri hərtərəfli dəstəyə görə  minnətdarlığını bildirdi.

Sərginin meneceri Tofiq Kərimov əlavə etdi ki, iştirakçıların 35 faizi yerli şirkətlərdən ibarətdir. Bu il tədbirin baş sponsoru qismində ARDNŞ çıxış edir. Qızıl sponsorlar isə BP Azərbaycan və "Baker Hughes" şirkətləridir. Sərginin bir sıra gümüş sponsorları da var.

İkinci ildir ki, Beynəlxalq Xəzər neftqaz sərgisi çərçivəsində BP şirkəti özünün "Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki  tərəfdaşları ilə birlikdə "Alıcı ilə tanış ol" sərgisi də keçirir. Burada mühəndis-texniki işlər, tikinti, maddi-texniki təminat, müxtəlif işgüzar xidmətlərin göstərilməsi kimi sahələr üzrə ixtisaslaşan yerli şirkətlərlə ünsiyyət qurulacaq.

Məlum olduğu kimi, hər il sərgi ilə yanaşı, konfrans da keçirilir. Konfrans  bu iliki gün - iyunun 4-5-də olacaq. Konfrans "JW Marriott Absheron Baku" hotelində keçiriləcək. Konfransın 30-dan çox ölkəni təmsil edən 500-dən artıq nümayəndəsi var. Proqrama müxtəlif ölkələrin dövlət strukturlarının 50-dən çox nümayəndəsinin, neft-qaz sənayesinin aparıcı ekspertlərinin və iri şirkətlərin rəhbərlərinin çıxışları daxil edilib.

Bu barədə ətraflı məlumat verən konfransın meneceri Nigar Muradxanlı tədbirdə "Əsrin müqaviləsi"nə həsr olunmuş xüsusi iclasın keçiriləcəyini də bildirdi. Burada eləcə də günün aktual mövzusu olan "Şahdəniz-2", TANAP və TAP layihələri ətrafında geniş söhbət açılacaq. Bütün bunlarla yanaşı, konfransda həmçinin neft-qaz sənayesinin son yenilikləri müzakirə olunacaq.

Beləliklə, 21-ci dəfədir Azərbaycanda baş tutan Beynəlxalq Xəzər neftqaz sərgisində də hasilat, emal, daşıma və maddi-texniki təchizat, habelə servis xidmətləri sahəsində qabaqcıl texnologiyalar nümayiş olunacaq. Tədbir eləcə də neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərinin müzakirəsi üçün geniş bir məkana çevriləcək.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 3 iyun.- S.8.