Cavabları bəlli və məlum olmayan suallar

 

"Bizə saxta təbəssümlər lazım deyil. Bizə səmimi tərəfdaşlar lazımdır. Biz öz  dostluğumuzu dəfələrlə sübut etmişik və səfir Morninqstar bunu yaxşı bilir.  Azərbaycan xalqı adekvat münasibət gözləyir". - Bu sözləri Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın   "Azadlıq" radiosunun müxbirinə verdiyi müsahibəyə münasibət bildirərkən  demişdir.

Adıçəkilən müsahibədə bir sıra mətləblərə toxunularaq aydınlıq gətirilmiş, Azərbaycandakı mövcud vəziyyət, dövlət siyasətinin vacib məqamları, müstəqil  xarici siyasətin başlıca prinsipləri, dost ölkələrlə əlaqə və münasibətlər, dostluq və  əməkdaşlıqdan gözləntilərimiz və digər məsələlər əksini tapmışdır.

Səfir Morninqstarın fikirləri nə qədər qərəzli, Azərbaycanın  daxili  işlərinə  müdaxilə  cəhdi, hadisələrə qeyri-obyektiv yanaşma və öz maraqları nöqteyi-nəzərində  qiymətləndirmə istəyindən doğursa, akademik Ramiz Mehdiyevin cavablarında bir o qədər real faktlara arxalanma, baş verənləri qanunların aliliyi və hüquqi cəhətdən təhlil  və qiymətləndirmə, üstəlik, strateji əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin də  tərəflərin bir-birinə köməyinin konkret misallar əsasında şərhi və dəyərləndirilməsi  niyyəti öndə dayanır.

***

Deyirlər siyasətdə səmimiyyət olmur!

Qətiyyən razılaşmıram!

Baxır həmin siyasəti kimin müəyyənləşdirib, necə həyata keçirilməsinə.

Digər tərəfdən, əgər siyasətdə məkr və saxtalıq varsa, səmimiyyətin də mövcudluğu  vacibdir. Yoxsa  fəlsəfənin  əksliyin  vəhdəti və mübarizəsi qanunu işləməzdi.

Bütün hallarda Azərbaycan öz daxili və xarici siyasətində müstəqil, səmimi   dövləti maraqları əsas tutandır. Və bunu həmişə açıq şəkildə bildirib.

Əgər ona münasibətdə kimsə belə deyilsə, bu daha  Azərbaycanın təqsiri sayılmır!

***

Azərbaycanın xarici siyasətinin əsasını da Heydər Əliyev siyasi kursu təşkil edir. Bu  kursun mahiyyətində Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmək, ərazi  bütövlüyünə nail olmaq, xalqın arzu və istəklərini gerçəkləşdirərək maraqlarını təmin  etmək əsas yer tutur. Azərbaycan dövləti heç zaman bu istəklərini gizlətmir! Qonşuları  ilə dost münasibətləri saxlamağa çalışır, heç bir dövlətin daxili işlərinə müdaxilə etmir  və başqalarının da onun işinə qarışmasına yol vermir! Qarşılıqlı maraqları təmin edən  ikitərəfli münasibətlərin inkişafını üstün tutur.

Sözü ilə əməli bir olan, dediklərini yerinə yetirən Azərbaycan səmimiyyət göstərməklə bərabər, heç zaman dostları üçün əlindən gələni əsirgəməyib. ABŞ-da 11 sentyabr terroru baş verəndə dərhal öz köməyini təklif edərək Amerikanın yanında  olduğunu göstərib.

Akademik Ramiz Mehdiyevin AzərTAc-a verdiyi müsahibədə səfir   Morninqstarın ölkəmizlə bağlı baş verən hadisələrə qərəzli yanaşmasını ifşa  edərək  cavablandırması çərçivəsindən kənara çıxmaqla dünyada Azərbaycanın  yeri, mövqeyi və yeritdiyi siyasətlə bağlı çox dəyərli fikirlər də səsləndirilmişdir.

Həmin fikir və arqumentlər oxucuda və hər bir vətənpərvər Azərbaycan  vətəndaşında qürur doğurmaqla bərabər, müəyyən suallar da yaradır. Odur ki, səfirə (və onun kimi düşünənlər varsa, onlara da) bir sıra suallar ünvanlamaq  istərdik. Təbii ki, həmin suallar hər iki müsahibədə toxunulan mövzular   məsələlərlə bağlıdır.

***

Akademik Ramiz MEHDİYEV:

"Bu müsahibənin kontekstindən çıxış edərək deyə bilərəm ki, səfir əndazəni aşmışdır. O, özünü Azərbaycanda qarışıqlıq salmaqla hökmranlıq edən bir qubernator zənn  etmişdir".

 "Biz yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq  əzmindəyik və buna hazırıq, dövlətlərarası münasibətlərin başqa  formaları bizim  üçün  qəbuledilməzdir".

Sual:

1. ABŞ-da və Qərbi Avropada icazəsiz mitinq və küçə yürüşü keçirənlərlə necə  rəftar olunur? (Hələ Quantanamoda baş verənləri demirik).

2. İqtidarı tənqid etmək, yaxud fikrini bildirmək üçün ancaq mitinq və küçə yürüşləri  keçirilməlidir? Məgər söz deməkdən ötrü çap, elektron mediası və sosial şəbəkə azlıq  edir?

3. Doğrudanmı "molotov kokteyli" ilə küçə yürüşünə çıxmaq istəyənlərin qarşısı  alınmalı deyil? Şüar səsləndirməklə zorakılıq və iğtişaş törətmək, vətəndaşların   dövlətin əmlakına ziyan yetirmək başqa-başqa şeylər deyilmi?

 Akademik Ramiz MEHDİYEV:

"Azərbaycan torpaqlarının 20  faizini işğal etmiş Ermənistan təkcə Azərbaycanın  ərazi bütövlüyü üçün başlıca təhlükə deyil, həm də regionda barıt çəlləyidir. ABŞ-da bu barədə narahat olmalıdırlar, nəinki bizim qonşumuzun kim olması barədə. Erməni  işğalçıları bizim torpaqları tərk edib getməyincə regionda hərbi münaqişənin  başlanması təhlükəsi qaçılmazdır".

"Yaxud, nə üçün ABŞ Ermənistana təsir göstərmir ki, o Azərbaycanın işğal olunmuş  torpaqlarını tərk etsin? Axı, elə hallar məlumdur ki, ABŞ-ın mənafeyi bunu tələb  edəndə dərhal praktiki fəaliyyətə başlayıb".

Sual:

1. Nə vaxtadək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz düşən  kimi "tərəfləri öz aralarında razılığa gəlməyə" çağıracaqlar? Belədə ATƏT-in Minsk  qrupu nədən ötrü yaradılıb?

2. Haçanadək işğal edənlə işğala məruz qalan fərqləndirilməyəcək, işğalçıya heç bir təzyiq göstərilməyəcək? Məgər hüquqda oğru ilə malı oğurlanan bərabər tutulur, quldur  ilə zərərçəkən məsələni "öz aralarında" həll  edirlər?

3. ATƏT-in Minsk qrupu həmsədrlərinin mənasız görüşləri, nəticəsiz danışıqları, turist səfərləri nə zamanadək davam edəcək? Məcburi köçkünlər daha nə qədər  gözləməlidirlər?

Akademik Ramiz MEHDİYEV:

"ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına hər il maddi yardım göstərir.  Müxtəlif məlumatlara görə, 1988-ci ildən bəri bu tanınmamış rejimə 83 milyon dollar  məbləğində maddi yardım ayrılmışdır. Faktiki yardımın həcmi isə 40 milyon dollar  olmuşdur. Bundan  əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard  dollardan artıq maliyyə yardımı göstərmişdir".

"Keçən il ABŞ Konqresinin Alt Komitəsi qondarma "Dağlıq Qarabağ  Respublikası"na maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon  dollara çatdırmağı təklıf etmişdi".

Sual:

1. Niyə ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı Ermənistana yüz  milyonlarla dollar yardım ayırır?

2. Niyə bu qondarma rejimin ABŞ-da nümayəndəliyi var?

3. Niyə terrorçu rejimin başçılarının ildə bir neçə dəfə Amerikada marafon  keçirməsinə və milyonlarla dollar pul yığılmasına şərait yaradılır?

4. Bütün bunlar ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın imicinə kölgə  salmırmı?

Akademik Ramiz MEHDİYEV:

"Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda diplomatik fəallaşması  barədə səfirin sözləri təəccüb doğurmaya bilməz. O, elə belə də deyir: Ukrayna  böhranından sonra Dağlıq Qarabağ probleminin həlli məsələsində bizim mövqeyimiz  daha əhəmiyyətli olmuşdur. Beləliklə, o etiraf edir ki, ABŞ Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indiyə qədər lazımınca səy göstərməmişdir".

"Qərb birdən-birə ayılmışdır ki, Ukraynanın ərazi bütövlüyü məsələsində beynəlxalq  prinsipə riayət edilməlidir. Azərbaycana münasibətdə bu prinsip, eləcə   "təcavüzkar" ifadəsi nədənsə bütün beynəlxalq sazişlərdən və beynəlxalq təşkilatların sənədlərindən pozulur".

Sual:

1. Azərbaycan Ukrayna hadisələrini təhlil edərək düzgün nəticə çıxarmalı deyilmi?

2. Rəngli inqilablar və "ərəb baharları" hansı dövlətə və xalqa xoşbəxtlik gətirdi?   "Beşinci  kolonlar"ın  köməyi ilə  törədilən belə inqilablara yol vermək olarmı?

3. Hazırda Azərbaycanın öz problemlərinin həllində özündən başqa güvənə biləcəyi  bir  qurum, "etibarlı dostu" varmı?

Akademik Ramiz MEHDİYEV:

"Qeydiyyatdan keçmiş beynəlxalq təşkilatlarla yanaşı, qeydiyyatdan keçməmiş  təşkilatlar da fəaliyyət göstərir. Təbii ki, onların fəaliyyəti şübhə doğurur".  "Qeydiyyatdan keçmiş beynəlxalq QHT-lərin maliyyə hesabatı  praktiki  olaraq  yoxdur.  Xarici donorlardan alınan qrantların və ianələrin çox hissəsinin nəyə xərclənməsi  əslində məlum deyildir. Bu  məsələdə şəffaflıq  yoxdur".

"Qüvvədə olan qanunvericiliyə görə, yerli və xarici QHT-lərin  gəlirləri və xərcləri   barədə informasiya dövlət sirri və ya kommersiya sirri ola bilməz. Onlar hər il  Maliyyə  Nazirliyinə müvafiq hesabat təqdim etməli, nazirlik isə qanunun tələblərinin yerinə  yetirilməsinə ciddi  nəzarət  etməlidir. Bütün  sivil  ölkələrdə bu cür qayda vardır".

Sual:

1. Nəyə görə bəzi beynəlxalq QHT-lər öz fəaliyyətlərini şəffaf qurmurlar və maliyyə yoxlamalarından qorxurlar?

2. Nəyə görə bəzi beynəlxalq QHT-lər aldıqları qrantın və əlavə vəsaitlərin məbləğini  gizlədir və müvafiq qaydada vergi ödəməkdən yayınırlar?

3. Niyə görə bəzi QHT-lər dövlət əleyhinə yönələn casusluq fəaliyyəti göstərəndə  buna göz yumulmalı və qarşısı alınmamalıdır?  Bunun demokratiyaya dəxli varmı?

Akademik Ramiz MEHDİYEV:

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşıyır, o cümlədən  səhiyyə və təhsil sahələrində "ASAN xidmət"in yaradılması buna sübutdur. Bu,  dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı  mübarizə sahəsində son onilliyin ən əhəmiyyətli institusional islahatıdır. O, Qərbin özü  üçün də nümunə ola bilər".

"Azərbaycan ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə yaradılmış Açıq  Hökumət Tərəfdaşlığına qoşulmuş birinci ölkədir. İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı, "Transparency İnternational" kimi ixtisaslaşdırılmiş beynəlxalq  təşkilatların  əksəriyyəti  Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti  yüksək  qiymətləndirmişdir".

"Preventiv tədbirlərə gəldikdə isə, təkcə 2013-  ildə  korrupsiya ilə bağlı 201 iş, 2014-cü ilin ilk beş ayı ərzində isə 66 iş məhkəməyə verilmişdir. Gördüyümüz kimi, bu  məsələdə də səfirin rəyi  qərəzlidir".

Sual:

1. Azərbaycandan başqa hansı dövlətdə nazirlər hər ay ardıcıl olaraq vətəndaşların  ayağına gedərək bölgələrdə qəbul keçirirlər?

2. Elektron müraciətlərin qəbulu məmur-vətəndaş təmasının qarşısının alınmasına,  beləliklə,  rüşvətxorluğun və korrupsiyanın aradan qaldırılmasına kömək etmirmi?

3. Hansı ölkədə vətəndaşların bu qədər razılıqla qarşıladıqları "ASAN  xidmət" var?  Niyə bəziləri onun fəaliyyətini görmək istəmirlər?

***

Hazırda dünyada baş verən ziddiyyətli proseslərlə bağlı Azərbaycanın bu günü  sabahı ilə bağlı məlum olan məsələlər də var, cavabı qaranlıq qalan suallar da!

Biz haradan haraya gəldiyimizi unutmamalıyıq!

Müstəqillik dövründə hansı  uğurlara imza atılıb, anarxiyadan sabitliyə, totalitarizmdən demokratiyaya, sosializmdən bazar iqtisadiyyatı münasibətlərinə, dərin iqtisadi böhrandan  düşünülmüş, sürətli və davamlı inkişafa necə çatdığımızı, müharibənin birinci  mərhələsini uduzmuş ölkədən Cənubi Qafqazın ən güclü dövlətinə necə  çevrildiyimizi hər bir Azərbaycan vətəndaşı gözəl bilir. Bu inkişaf bir sıra  beynəlxalq qurum, təşkilat və bankların illik hesabatlarında da əksini tapıb.

Nəhayət, Azərbaycana, onun paytaxtı Bakıya səfər edən hər bir əcnəbi gözləri ilə  görür!

Məlum olmayanlar isə ikili standartların    zaman aradan qaldırılacağı, BMT-nin  dörd məlum qətnaməsinin haçan icra olunacağı, iyirmi il əvvəl yaranmış ATƏT-in  Minsk qrupunun nə vaxt üzərinə  qoyulmuş  vəzifəni  icra  edəcəyi, beynəlxalq  hüququn  gücdən üstün tutulacağı vaxtın çatacağı andır!

Xoşbəxtlikdən Azərbaycan kimisə, yaxud nəyisə durub gözləmir, kimdənsə kömək  umsa da, hərəkətsiz dayanıb arxayınlaşmır!

Çalışır öz taleyini özü həll etsin!

Öz problemlərini çözməklə özü məşğuldur!

Dövlət xalqa güvənir!

İqtidar monolit komanda kimi fəaliyyət göstərir!

Məqsəd birdir: müstəqilliyi daim möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, xalqın rifahını durmadan yüksəltmək!

Yol birdir: Heydər Əliyev siyasi kursu!

Xalqın inam və etibar ünvanı da  vahiddir:  Prezident İLHAM ƏLİYEV!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 3 iyun.- S.8.