Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı 157 nömrəli məktəbin şagirdləri Müasir Rusiya Tarixi Muzeyində keçirilmiş tədbirdə iştirak etmişlər

 

Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı general Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri Moskvadakı Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyinin binasında keçirilmiş bayram tədbirində iştirak etmişlər.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyi və Rusiya Mədəniyyət Fondunun “Açıq tarix dərsi” Beynəlxalq Proqramlar Müdiriyyəti tərəfindən təşkil edilmiş bayram tədbirində Xilaskar İsa Məbədi Bazar günü məktəbinin yetirmələri və Y.Nikulin adına internat məktəbinin şagirdləri də iştirak etmişlər.

Muzeyin giriş qapısında uşaqları “Domisolka” Uşaq Teatrının gənc artistləri və şən klounlar – Rumyantsev (Karandaş) adına sirk məktəbinin şagirdləri qarşılamışlar.

Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Tatyana Şumova və Müasir Rusiya Tarixi Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nikita Anikin tədbir iştirakçılarını bu gözəl bayram – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik etmişlər. Onlar qeyd etmişlər ki, bu gün həm də Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyinin və “Açıq tarix dərsi” Beynəlxalq Proqramlar Müdiriyyətinin innovasiyalı təhsil proqramına start verilmişdir. Proqramın əsas məqsədi muzey ekspozisiyası bazasında uşaqları müasir tarixin mühüm hadisələri və əlamətdar günləri ilə tanış etməkdir. T.Şumova demişdir: “Builki bayram bir qədər qeyri-adidir. Bu gün siz həm də yeni, çox maraqlı bir proqramın - “Açıq tarix dərsi” proqramının ilk iştirakçıları olacaqsınız. Siz öz rəsmlərinizi və inşa yazılarınızı layihənin təşkilatçılarına göndərə bilərsiniz. Qalibləri prizlər və maraqlı səfərlər gözləyir”. T.Şumova Beynəlxalq Proqramlar Müdiriyyətinin uşaq layihələrinin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və nümayəndəliyin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirmişdir.

Uşaqlar muzeyin zallarına tamaşa edəndən sonra muzeyin İngiltərə klubunun kamera zalına dəvət edilmişlər. Burada Akademik Musiqi Kollecinin uşaq musiqi məktəbinin şagirdləri rus və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etmişlər.

Bayram şənliyinin iştirakçılarına tədbirin təşkilatçıları adından hədiyyələr təqdim edilmişdir. Sonda Azərbaycan şirniyyatı və çay süfrəsi açılmışdır.

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2014.- 3 iyun.- S.9.