Gələcək əməkdaşlıq üçün işgüzar platforma

 

 

Beynəlxalq Xəzər neft və qaz sərgisi bu dəfə dünyanın 400-dən cox şirkətini bir araya gətirib. Bakıda 21-ci dəfədir keçirilən, işgüzar görüşlər üçün etibarlı platformaya çevrilən bu tədbir artıq region çərçivəsindən çıxaraq beynəlxalq əhəmiyyət daşıyır. Sərginin və eyni adlı konfransın açılışı münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun, Norveç Krallığının Baş naziri Erna Solberqin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdikləri təbrik məktubları deyilənləri bir daha təsdiq edir.

Sərgi bir neçə ildir yeni inşa edilmiş Bakı Ekspo Mərkəzində keçirilir. Binanın məhz sərgilərin keçirilməsi üçün tikilməsi və daxilində bunun üçün hər cür şəraitin olması tədbirin səmərəsini daha da artırır. İstər sərgiyə ilk dəfə gələn, istərsə də "veteran" şirkətlər salonlarda istədikləri qədər sahə götürüb öz nailiyyətlərini nümayiş etdirə bilir, gələcək əməkdaşlıq üçün ətraflı müzakirələr aparırlar.

Builki sərginin baş sponsoru qismində ARDNŞ çıxış edir. Qızıl sponsorlardan biri isə Azərbaycanda ən iri neft-qazixrac layihələrinin əməliyyatçısı olan BP-dir. Sərgi iştirakçıları bu iki şirkəti obrazlı olaraq hazırda Azərbaycanın həyata keçirdiyi dünya miqyaslı layihələrin "sükançı"sı adlandırdılar.

Təbii ki, ARDNŞ-ninBP-nin sərgi salonundakı pavilyonları da genişdir və həm mütəxəssislərin, həm də sərgi tamaşaçılarının diqqətini cəlb edir.

Prezident İlham Əliyev sərginin açılışındakı nitqində ARDNŞ-BP əməkdaşlığına böyük önəm vermişdir: "Mən BP şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. BP bizim ən böyük investorumuzdur, ən böyük tərəfdaşımızdır. İyirmi ildir bu tərəfdaşlıq uğurla davam edirbu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, bundan sonra ən azı 20 il, bəlkə ondan da çox BP-SOCAR əməkdaşlığı, tərəfdaşlığı Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcəkdir".

Bu gün Azərbaycanın neft-qaz sənayesində ARDNŞ və BP ilə dünyanın ən tanınmış şirkətləri etibarlı tərəfdaşlıq edir. Onların bir çoxu sərginin də daimi iştirakçısıdır.

"Statoyl"un stendləri qarşısında ayaq saxlayırıq. Norveçin dünya şöhrətli bu şirkəti çoxdandır Azərbaycandadır. "Azəri-Çıraq-Günəşli"dən (AÇG) başlayaraq ölkəmizdə bir çox uğurlara imza atıb. Xatırlatmaq kifayətdir ki, "Statoyl"un AÇG-də 8,6, BTC-də 8,71, "Şahdəniz"də 15,5 və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) 15,5 faiz iştirak payı var. Üstəlik, o, CQBK-nın kommersiya operatorudur.

Elə buradaca "Statoyl-Azərbaycan" şirkətinin prezidenti Tangi Kosmao ilə həmsöhbət oluruq. O bildirir ki, şirkətin əməkdaşları sərgiyə xoş əhval-ruhiyyə ilə gəliblər. Çünki "Şahdəniz-2" layihəsi çərçivəsində böyük işlərə qoşulublar:

- Biz 21 sərginin əksəriyyətində iştirak etmişik. Sərgiyə gələnlərin sayı ona marağın böyük olduğunu göstərir. Tədbirin keçirildiyi məkan çox gözəldir və beynəlxalq standartlara uyğundur. Burada işgüzar görüşlər üçün hər cür şərait yaradılıb. Deyəcəyim əsas söz isə budur ki, Azərbaycan sabit ölkədir. Ötən 20 il ərzində müqavilələr sabit olub. Bu, investisiya üçün vacib şərtlərdən biridir. Bu şərt "Statoyl" kimi bir şirkət üçün çox önəmlidir. Çünki belə olduqda şirkət öz fəaliyyətini az qala 30 il qabağa hesablaya bilir. Mən 5 ilə yaxındır Azərbaycanda işləyir və yaşayıram. Azərbaycanın çox böyük neft-qaz tarixi var. Bu sahədə danışıqlar aparanda təcrübəli insanlarla danışdığını dərhal hiss edirsən.

Pavilyonların birində isə "GDF SUEZ E AND Abşeron B.V." şirkətinin direktoru Hayke Liboldla tanış olduq. Öyrəndik ki, GDF SUEZ hasilat və kəşfiyyat sahəsində 18 ölkədə fəaliyyət göstərən bir şirkətdir. Şirkətin dünyada 1700-dən çox işçisi var. GDF SUEZ Hollandiyada birinci ofşor qaz istehsalçısı, Norveçdə fəaliyyət göstərən 9 hasilat operatorundan biri, Almaniyanın 4-cü qaz istehsalçısı sayılır.

Müsahibimiz bildirdi ki, şirkət beynəlxalq səviyyəli qazma əməliyyatları nümayiş etdirir. Yüksək təzyiqli və yüksək temperaturlu quyularda, dərinsulu hövzələrdə, üfüqi qazma sahəsində zəngin təcrübə toplayıb. Şirkət mükəmməl SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) göstəricilərinə nail olub. Aberdindəki Qazma Tədris Mərkəzi (ADEC) isə şirkətin dünyadakı bütün filiallarına dəstək verir. GDF SUEZ Azərbaycanda SOCAR və "Total"la birlikdə "Abşeron" layihəsində tərəfdaşlıq edir.

H.Libold neft-qaz sahəsinə aid belə sərgilərin keçirilməsini vacib sayır. Çünki müxtəlif ölkələrdən gələn şirkətlər Azərbaycanda qurmaq üçün ətraflı məlumat əldə edirlər. Çoxdandır Azərbaycanda işləyən şirkətlər də onlarla öz təcrübəsini bölüşə bilir. Konkret olaraq builki sərgi çox maraqlı təşkil edilib. Təsadüfi deyil ki, 5 ildir Azərbaycanda işləyən şirkət artıq dördüncü dəfədir sərgidədir. O, yeni layihələrə qoşulmaq, yeni tərəfdaşlar tapmaq istəyindədir.

Maraqlıdır ki, Hayke xanım qısa müddətdə Azərbaycan dilini də öyrənməyə müvəffəq olub. Rus dilini mükəmməl bilən bu xanım ara-sıra fikrini azərbaycanca ifadə edir və zarafatından da qalmayaraq deyir ki, gələn sərgidə müsahibələrini Azərbaycan dilində verəcək.

Bakı Ekspo Mərkəzində, necə deyərlər, sərgi sərgiyə qovuşub. Burada paralel olaraq Xəzər regionunda enerji sənayesi nailiyyətlərinin nümayişi üzrə yeganə ixtisaslaşdırılmış tədbir - 4-cü Xəzər Beynəlxalq EnergetikaAlternativ Enerji ("Caspian Power - 2014") sərgisi də keçirilir. "Caspian Power" "ITE Group Plc." şirkətinin energetika üzrə aparıcı sərgilər silsiləsinə daxildir. O, eləcə sənaye sərgiləri arasında özünü brend kimi sübut edə bilib. Sərgi getdikcə yeni avadanlığın nümayişi energetika mütəxəssislərinin konstruktiv dialoqu üçün münasib meydança kimi daha geniş tanınır. Təbii ki, "Caspian Power"in nüfuz qazanmasında onun Beynəlxalq Xəzər Neft Qaz Sərgisi ilə bir meydançada keçirilməsi az rol oynamır.

Beynəlxalq Xəzər Neft Qaz Sərgisi ilə yanaşı, hər il eyni adlı konfransın keçirilməsi , son illərdə bu dəstəyə "Caspian Power"in qoşulması da, BP-nin sərgi daxilində "Alıcı ilə tanış ol" sərgisini təşkil etməsi 20 il əvvəl start götürmüş tədbirin daha uzunömürlü olacağından xəbər verir.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 5 iyun.- S.6.