“Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda Beynəlxalq elmi konfransda bu qədim diyarın tarixindən söhbət açılmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə foyedə akademiyanın Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil edilmiş kitab sərgisi ilə tanış olmuşbu qədim diyarın müxtəlif tarixi mərhələlərini əks etdirən videogörüntüləri seyr etmişlər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, elmimüasir inkişafı haqqında ətraflı məlumat vermişdir. Akademik bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən, ölkəmizdə keçirilən yubiley tədbirləri geniş mənada Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşməsinə və möhkəmləndirilməsinə uğurla xidmət edən mükəmməl bir dövlət siyasətini özündə cəmləşdirir. Akif Əlizadə bütün tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş Naxçıvan diyarının ölkəmizə ümummilli lider Heydər Əliyev kimi böyük dövlət xadimi bəxş etdiyini xüsusi vurğulamışdır.

Akademiyanın rəhbəri bu torpağın Əcəmi Naxçıvani kimi dahi memar, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi səviyyəsində qüdrətli ədiblər, Nəsrəddin Tusi, Nəcməddin Naxçıvani, Məhəmməd ibn Hinduşah Naxçıvani, Yusif Məmmədəliyev, Həsən Abdullayev, Məmməd Cəfər Cəfərov, Möhbalı Qasımov, Abbas Zamanov kimi alimlər də yetişdirdiyini, Azərbaycanda dövlətçiliyin, elminictimai fikrin inkişafında qədim diyarın böyük xidmətləri olduğunu diqqətə çatdırmışdır.

Akademik Akif Əlizadə bu gün ölkəmizin digər bölgələri kimi, muxtar respublikanın da sürətlə inkişaf etdiyini xüsusi vurğulamışdır.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Naxçıvanın muxtariyyət statusu əldə etməsi Azərbaycan dövlətçiliyinin nailiyyəti kimimövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, Azərbaycan dövlətçiliyi tarixində Naxçıvanın xüsusi yeri vardır. Naxçıvan tarixin ən müxtəlif dövrlərində, minilliklər boyu Azərbaycanın cənub-qərb ərazilərinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi uğrunda həmişə mübarizə aparmışdır.

Akademik İsa Həbibbəyli qeyd etmişdir ki, 1918-ci ildə qurulan Naxçıvan Türk Respublikası bu diyarın muxtar respublika statusu qazanmasına zəmin yaratmışdır. Ötən əsrin əvvəllərində Nəriman Nərimanovun, Behbud ağa Şahtaxtinskinin, Kazım Qarabəkir Paşanın və başqalarının böyük xidmətlərini xatırladan vitse-prezident bildirmişdir ki, Naxçıvan misilsiz tarixi nailiyyətlərə imza atmışdır.

Müasir dövrdə ulu öndər Heydər Əliyevin dönməz iradəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üç rəncli bayrağın Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsinin ölkəmizdə müstəqil dövlətçiliyə misilsiz tarixi xidmətin ifadəsi olduğunu diqqətə çatdıran akademik Naxçıvan MR-in yaranmasının və keçdiyi şərəfli yolun Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti olduğunu bildirmişdir.

İsa Həbibbəyli Naxçıvanı möhtəşəm Yeni Azərbaycanın parlaq bir əsəri kimi səciyyələndirmiş, bu gün ölkə rəhbərliyinin diqqət və qayğısı, muxtar respublika rəhbərliyinin yorulmaz fəaliyyəti nəticəsində daha da inkişaf etdiyini qeyd etmişdir.

Sonra Ərzurum Universitetinin tarix bölümünün müdiri, professor Yavuz AslanQars müqaviləsi və Naxçıvanın muxtariyyət məsələsi”, rusiyalı professor Yuri KuznetsovunRusiya mənbələrində və Moskva müqaviləsində Naxçıvan”, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası müstəqillik dövründə”, AMEA-nın Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin “Naxçıvan ədəbi mühiti: tarixmüasirlik” mövzularında məruzələri dinlənilmişdir.

Konfransda Behbud ağa Şahtaxtinski nəslinin davamçısı, görkəmli diplomat Aleksis Şahtaxtinski və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov çıxış edərək muxtar respublikanın müasir inkişaf yolundan danışmışlar.

Tədbiri yekunlaşdıran akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə çapa hazırlanan məqalələr toplusunun yubileyə sanballı töhfə olacağını diqqətə çatdırmışdır.

Konfransda Milli Məclisin deputatları, Türkiyə və Rusiyadan olan tarixçi alimlər, elmi ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının müxtəlif tarixi mərhələlərini əks etdirən slaydlar nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2014.- 6 iyun.- S.7.