Uğurlu xarici siyasət strategiyası

 

Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə, tolerantlığın və dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınır, eləcə də beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən, regionda sərmayədar ölkə və qlobal böhran şəraitində belə davamlı inkişaf edən dövlət olaraq dünyanı heyrətləndirir.

Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. Respublikamız regionun nəqliyyat-logistika mərkəzinə çevrilmiş, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başlamış, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü olmuşdur. Respublikamız həm özünün tərəqqi və yüksəliş dinamikası, həm də brendləri ilə dünyada tanınır. Ötən illər ərzində Azərbaycanda olimpiya hərəkatı geniş vüsət almış, nəhəng, müasir idman infrastrukturları yaradılmış, idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mühüm beynəlxalq yarışlarda böyük uğurlara imza atmışlar. Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən ölkə kimi tanıtmışdır.

Dünya artıq Azərbaycanı öyrənir, Azərbaycandan nümunə götürür.

Azərbaycan Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilib. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.

Prezident İlham Əliyev beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə sübut edir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan  mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir.

Azərbaycanda heç bir kənar təsir və diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmiş "ikili standartlar"ı neytrallaşdırır, Azərbaycanı beynəlxalq səviyyədə söz sahibinə çevirir.  Azərbaycanın hücum diplomatiyasını, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "The Business year: Azerbaijan-2014" nəşrinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycanın inkişaf dinamikasından, xarici siyasət strategiyasından bəhs edib və əsas istiqamətləri göstərib. Əli Həsənov bildirib: "Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. Bunun bariz nümunəsi kimi 2012-ci ildə Azərbaycanın güclü rəqabət şəraitində 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar. Azərbaycan bu qurumda iki illik fəaliyyəti ilə təsdiq etdi ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, tam müstəqil siyasət yürüdən hər bir dövlət öz nümunəsini ortaya qoya və dünyada humanist dəyərlərin, ədalət prinsipinin, sülh və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələr verə bilər. Deməli, tam müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin öz səsi, mövqeyi olan, rəyinə hörmətlə yanaşılan nüfuzlu subyektinə çevrilmişdir ki, bu da cəmi 20 ildir dövlət müstəqilliyini əldə etmiş bir ölkə üçün çox böyük uğur hesab oluna bilər".

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu tarixi hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

Respublikamızın dünya siyasətində əsas söz sahibi olan ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz də tamamilə məntiqə uyğundur. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində BMT-nin 193 üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirakçısına çevrildi.

Rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələr son vaxtlar intensivləşib. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadi və siyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda dəstəklənmişdir. Xatırladaq ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır. Eyni zamanda, 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Azərbaycanın sülh danışıqları nəticə verməyəcəyi təqdirdə münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır.

Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 7 iyun.- S.3.