Türkdilli dövlətlər arasında əməkdaşlıq geosiyasi zərurətə çevrilib

 

İlham ƏLİYEV: "Mən çox şadam ki, biz üzv olduğumuz

təşkilatlarda bir-birimizi dəstəkləyirik"

 

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 10 ildə ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də əlaqələrin gücləndirilməsinə üstünlük vermişdir.

Hələ 2006-cı ilin sentyabr ayında Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu təsdiqləmişdir. Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması və bu qurumun birinci sammitinin 2009-cu ildə Bakıda keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Milli Məclisdə keçirilən sammitdə türk dövlətlərinin əməkdaşlığı istiqamətində mövcud potensialdan daha səmərəli istifadənin vacibliyi vurğulanmışdır. Nəhayət, Türkdilli ölkələrin - dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX zirvə görüşü münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından böyük əhəmiyyət kəsb etmişdir.

Türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsində Naxçıvanda keçirilən IX zirvə toplantısında qəbul edilən qərarlar da xüsusi önəm daşıyır. Bakıda Türk PA-nın Baş Katibliyi yaradılmışdır. Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında isə türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılması qərara alındı. Ötən müddətdə bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsi türkdilli ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdrmaq baxımından mühüm əhəmiyyət daşıyır. Türkdilli ölkələrin Əməkdaşlıq Şurası geniş coğrafi arealı əhatə edən türk dünyasının problemlərinin həllinə, xalqlarımızın bir-birinə daha sıx bağlanmasına imkan yaradır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.

Türkdilli dövlət başçılarının görüşündə 2009-cu ildə Naxçıvan Zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf yolu keçdiyi xüsusi qeyd olundu və görüləcək işlər barədə geniş fikir mübadiləsi aparıldı. Zirvə toplantısında Türkiyə Prezidenti Abdullah Gül türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr də səmərəlidir və bu da, öz növbəsində, ikitərəfli münasibətlərin inkişafına xidmət edir.

Dövlət başçısı İlham Əliyev zirvə toplantısındakı çıxışında ötən illərdə əldə edilmiş uğurlardan danışdı: "Bir il bundan əvvəl Qəbələ şəhərində Qırğızıstandan şuraya sədrliyi təhvil almışıq və il ərzində çalışmışıq ki, şuranın işi uğurlu olsun. Hesab edirəm ki, il ərzində görülən işlər bizim birliyimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə ki, növbəti dövr üçün Türkiyəyə sədrlik işində uğurlar arzulayıram. Keçən il ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam etmişdir. Bu gün, sadəcə olaraq, bir neçə məqamı qeyd etmək istərdim. İl ərzində BMT Məclisi çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Bu, şuranın siyasi məsələlərinin həlli üçün önəmli bir addım idi. Eyni zamanda, iqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir. Diaspor təşkilatlarının fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Çox şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır. Əminəm ki, bu fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır".

Türkdilli dövlətlərin, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması vacib məsələdir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvipak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. 20 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türkdilli dövlətlərin daha da yaxınlaşması və beynəxalq təşkilatlar çərçivəsində bir-birilərinin maraqlarını müdafiə etməsi təqdir ediləsidir.

Prezident İlham Əliyev zirvə toplantısında bu məsələlərə də toxunub: "Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük. Eyni zamanda, ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır. Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısının yekununda birgə Bəyannamə imzalandı və Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərar qəbul olundu. V zirvə toplantısının Qazaxıstanda keçirilməsi barədə razılaşma əldə edildi. Beləliklə, budəfəki zirvə toplantısı türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların olduğunu bir daha üzə çıxardı.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 10 iyun.- S.2.