Forum gənclər siyasətinin uğurla həyata keçməsinə böyük təkan verəcək

 

Seymur ORUCOV: "İnanmıram ki, dünyada gənclərinə

 Azərbaycan qədər sahib çıxan ikinci dövlət olsun"

 

İyunun 2-3-də Bakıda Azərbaycan Gənclərinin VII Forumu keçirildi.  Forumda keçən 3 il ərzində dövlət gənclər siyasətinin prioritet sahələrində qazanılmış uğurlardan danışıldı, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələr, Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olundu və təkliflər səsləndirildi. Yekun iclasında qətnamə qəbul edildi. Qətnamədə deyilir ki, forum Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətini yeni mərhələdə gənclərin gələcək inkişafını əsaslandıran fəaliyyət kimi qiymətləndirir və dəstəkləyir. Dövlət başçısının gənclərlə keçirdiyi görüşlər bütün cəmiyyətdə rəğbətlə qarşılanır. Forumda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət də qəbul edildi.

Gənclərin VII forumu, ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərə dövlət dəstəyi  və digər məsələlərlə bağlı toplantıda iştirak etmiş YAP Gənclər Birliyinin sədri Seymur Orucova müraciət etdik.

- Artıq Azərbaycanda gənclər forumunun keçirilməsi xoş bir ənənəyə çevrilib. Məlumdur ki, Gənclər forumu ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Onun gənclərlə bağlı həyata keçirdiyi siyasət 1993-cü ildən başladı. Ulu öndər  Prezident seçilməzdən əvvəl də gənclərlə görüşlər keçirirdi. Bu isə ondan xəbər verirdi ki, ulu öndər gənclərə çox güvənir. Həmin vaxt Azərbaycan müharibə şəraitində idi, bir iqtisadi sistemdən digərinə keçirilirdi. Daxilixarici siyasət iflasa uğramışdı və gənclər də, təbii ki, bunun acısını çəkmişdi. Vəziyyətdən çıxmaq üçün gənclərin də bir yerə toplanması, bir hədəfə vurması lazım idi. Ulu öndər Heydər Əliyev bunun üçün də gənclər forumunun keçirilməsi təklifini irəli sürdü. Məqsəd onların fikirlərini bilmək, problemlərini öz dillərindən eşitmək, buna uyğun müvafiq tədbirləri görmək idi.

Azərbaycan dövləti  bu tədbirlərə nə qədər əhəmiyyət verir. Bu gün forumlarda qaldırdığımız məsələlər 15 il öncə toxunduğumuz mövzulardan fərqlidir. Çünki Azərbaycanda gənclər siyasəti  bu gün başqa müstəviyə keçib. Gənclərin bir çox problemləri həll olunubindi yalnız uğurlardan, gələcək hədəflərdən danışırıq.

Forumda qaldırılan məsələlər Azərbaycan gəncliyinin gələcək  hədəfləri və həyata keçirəcəyi işlərdən ibarət idi. Xüsusilə də beynəlxalq əlaqələrin daha da genişlənməsi məsələsi müzakirə mövzusu oldu. Sevindirici hal odur ki, artıq bölgələrdə də gənclərə münbit şərait yaradılıb və onlar öz təşəbbüslərini reallaşdıra bilirlər. Gənclər mərkəzlərini misal göstərmək yetərlidir. Onu da deyim ki, hər rayonda YAP-ın Gənclər Birliyinin mərkəzləri fəaliyyət göstərir.

Forumda deyildi ki, bu gün Azərbaycanda bu sahə ilə bağlı uğurlu çox görülür. Xüsusi qabiliyyətə malik gənclərin önə çəkilməsi, idmana, mədəniyyətə, və digər sahələrə həvəsi olan gənclərlə bağlı hər cür şərait yaradılır. Gənclər də bu şəraitdən çox yaxşı bəhrələnirlər.

- Azərbaycanda gənclər siyasətinin yeni mərhələsi başlanıb. Dövlətin gənclərə göstərdiyi dəstək və qayğı ilbəil artır. Gənclərimiz buna adekvat cavab verə bilirlərmi?

- Mən Azərbaycanın gənclər siyasətini dövlətin əsas siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirirəm. Bu siyasəti iki hissəyə bölmək olar: 1991-1993 və 1993-cü ildən sonrakı dövrdə olan siyasət. İlk dövrlərdə Azərbaycanda gənclər siyasəti, demək olar ki, yox dərəcəsində idi. 1993-cü ildən sonra Azərbaycanda gənclər təşkilatlandı. Bir çox qanunlar qəbul edildi və ölkə rəhbərliyi bu istiqamətdə əlindən gələni əsirgəmədi. Hazırda Azərbaycan gəncliyi seçkili orqanlarda, idarəetmə orqanlarında və bir çox sahibkarlıq fəaliyyətində aktiv iştirak edir.

2003-cü ildən - cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı dövrdən ölkədə gənclər siyasəti yeni mərhələyə qədəm qoydu. Zamanın tələbinə uyğun olaraq gənclər siyasətinə göstərilən qayğı geniş vüsət aldı. Bu gün Azərbaycan gənclərinin səsi dünyanın bir çox elm, təhsil mərkəzlərindən gəlir, ölkəmizdə, o cümlədən dünyanın ən böyük şirkətlərində gənclərimiz məsul vəzifələr tuturlar. Azərbaycan gəncləri idman sahəsində də çox böyük nailiyyətlər əldə ediblər. Düşünürük ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları zamanı gənclərimiz təşkilati işlərdə fəallıq göstərəcəklər.

Hədəflərimiz böyükdür, əsas uğurlarımız isə hələ qabaqdadır. Prezident İlham Əliyevin gənclərə olan diqqətini hər zaman hiss edirikona adekvat addımlar atmağa qərarlıyıq. Azərbaycan gənclərinin uğurları çoxdur və istərdik ki, Azərbaycan gəncliyinin elmə olan həvəsini daha da yüksəltmək üçün elmlə bağlı təşəbbüslər artırılsın, yeni proqramlar qəbul edilsin. Gənclər elmlə bağlı məsələlərlə ciddi məşğul olsunlar. Hazırda Azərbaycanda gənclər təşkilatlanıblar və ictimai birliklərdə, QHT-lərdə fəaliyyət göstərirlər. Onlar üçünheç bir məhdudiyyət yoxdur.

- YAP Gənclər Birliyinin yeni hədəfləri barədə nə deyə bilərsiniz?

- Gənclər Birliyinin hədəfləri partiya rəhbərliyinin qarşımızda qoyduğu məsələlər və gənclərin öz təşəbbüslərinin həyata keçirilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda  gənclər siyasəti  dövlət  siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Həmin gənclər təbəqəsinin böyük bir hissəsini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyidir. 1995-ci ildən bugünədək  250 mindən çox gənci öz sıralarında birləşdirən Yeni Azərbaycan  Partiyası  hər zaman ulu öndər Heydər Əliyevin yaratmış olduğu azərbaycançılıq məfkurəsini, milli siyasət strategiyasını dəstəkləmiş və hər an dövlətin gənclər arasında əsas dayağı olmağa çalışmışdır.

Hazırda dünyanın bir çox siyasi partiyaları ilə sıx münasibət quran, siyasi birliklərdə təmsil olunan Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ölkəmizdə, həm də regionda ən böyük gənclər təşkilatıdır. Yarandığı gündən hər zaman YAP Gənclər Birliyi öz fəaliyyətini  Partiyanın tövsiyə və tapşırıqlarına uyğun şəkildə quraraq bir çox uğurlu layihələrin və tədbirlərin iştirakçısı olmuş, kreativ ideyalarla seçilmişdir. 2013-cü ilin dekabr ayına olan statistikaya görə birliyimizin üzvlərinin sayı 247654 nəfərdir. Onların 51 mindən çoxunu ictimai-siyasi fəaliyyətini YAP-la bağlayan tələbə gənclər təşkil edir.  Keçən il Gənclər Birliyi sıralarına 17789 nəfər yeni üzv qəbul edilmişdir. Gənclər Birliyi üzvlərinin böyük əksəriyyəti ali təhsillidir, 176 nəfəri fəlsəfə doktorudur.

Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ictimai, sosial, mədəni, siyasi xarakterli layihələrdə uğurla iştirak edən YAP gəncləri dövlətin daxilixarici siyasətinin gənclər arasında təbliği, gənclərin qarşılaşdıqları problemlərin həllinə həssas münasibət, onların məşğulluğunun, asudə vaxtlarının səmərəli təşkili və ümumilikdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində üzərinə düşən missiyanı layiqincə  həyata  keçirməyə çalışırlar.

YAP Gənclər Birliyinin  uğurlarından danışarkən 2013-cü ildə ölkəmizdə keçirilən Prezident seçkilərini də xatırlatmaq istərdim. YAP gəncləri seçki prosesinin bütün mərhələlərində çox fəal iştirak etmişlər. Bu il də YAP Gənclər Birliyi gənclərin maarifləndirilməsi, dünyagörüşünün artırılması, vətənpərvər ruhda tərbiyə olunması,  həmçinin  gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif  layihələr  və tədbirlər həyata keçirilməkdədir. Bu layihələr bir çox sahələri əhatə edir və hər bir  layihə gənclərimizin öz istedadlarını  və bacarıqlarının üzə çıxarılmasında müsbət rol oynayır. YAP Gənclər Birliyi istər sosial, mədəni,  ictimai və xeyriyyə  sahəsində hər zaman  yeni layihələri ilə öndə olubdur. Bir sözlə, gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının  ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində müsbət təkan verir.

- Hansı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

- YAP  Gənclər  Birliyinin aktiv və istedadlı  gənclərin üzə çıxarılması istiqamətində həyata keçirdiyi ən böyük layihələrindən biri 2007-ci ildən həyata keçirdiyi Yay və Qış məktəbləridir. Hər il 600 nəfər gəncin iştirakçısı olduğu bu layihə gənclərimiz üçün yeni stimul yaradır və dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün güclü gənclik ordusu formalaşdırır.  Bu il isə iyul ayından başlayaraq Yay məktəbinə 800 nəfər gəncin iştirakını təmin  etmək istəyirik. Bunun 50 faizini region gəncləri təşkil edəcək.

YAP gənclər Birliyi, eyni zamanda, region gəncləri ilə də sıx əməkdaşlıq edir və mütəmadi olaraq görüşlər təşkil edir. Hər bir regionda bazası olan YAP Gənclər  Birliyi  təkcə Bakıda deyil, həmçinin bölgələrdə də öz ətrafına sağlam əqidəli gənclər toplaya bilmişdir. Bu məqsədlə iyun ayının 12-də Mingəçevirdə "İnternetin bu günü və gələcəyi" mövzusunda konfrans keçiriləcək. İyun ayının 17-də isə Naftalan gəncləri ilə görüş təşkil olunacaq.

Uğurlarımız içərisində xüsusilə sosial və xeyriyyəçilik layihələrimizi vurğulamaq istərdim. Bütün keçən illər ərzində YAP gəncləri xeyriyyə aksiyaları həyata keçirir,  qocalaruşaqlar evlərinə baş çəkir, onları heç vaxt unutmur.

- YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- Biz təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da  fəaliyyətimizi genişləndirmişik. YAP Gənclər Birliyi Asiya Siyasi Partiyası (İCAPP), Avropa Xalqlar Partiyası, Avropa Demokratik Tələbələr Birliyi, YEPP təşkilatı ilə sıx əməkdaşlıq edir.  Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə əməkdaşlıq daha da genişlənmiş və bu əlaqələrin təzahürü olaraq həm türkiyəli gənclərin Azərbaycana, həm də YAP gənclərinin Türkiyəyə səfərləri təşkil olunmuşdur. YAP Gənclər Birliyinin nümayəndələri Almaniya, Türkiyə, Gürcüstan, Rumıniya, İsrailbir sıra xarici ölkələrdə səfərdə olmuş orada keçirilən görüşlərdə ölkəmizi uğurla təmsil etmişlər.

Sentyabr ayında Belçikada beynəlxalq tədbirdə iştirak edəcək və beynəlxalq əlaqələrimizə yenidən baxacağıq. Çünki Avropa Parlamentində seçkilər keçirilib yeni heyət seçilib. Onların parlamentariləri ilə görüşləri, əlaqələri genişləndirəcəyik. Eyni zamanda, onları Azərbaycana dəvət etməyi nəzərdə tutmuşuq.

Biz, həmçinin Yay məktəblərinə beynəlxalq Yay məktəbləri statusu vermişik. Səbəbi isə odur ki, birliyimizin beynəlxalq əlaqələri genişlənməkdədir və bir çox ölkələrin iqtidar partiyalarının gənclər təşkilatları, Beynəlxalq Tələbələr Birliyi ilə sıx münasibətimiz var. Yay məktəblərinə həmin qurumlardan gənclər də dəvət etmək niyyətindəyik. Qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını düşünürük. Gələn qonaqlar ölkəmizin bölgələrindəki inkişafla, təbiətinin gözəlliyi ilə tanış olacaqlar.

- Bu ilin dekabr ayında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Əvvəlki bələdiyyə seçkilərində fəallıq nümayiş etdirən YAP gəncləri builki seçkilərə necə hazırlaşır?

- Partiyanın rəhbərliyi bu məsələdə hər zaman bizə dəstək göstərib və keçən bələdiyyə seçkilərində siyahıda çoxsaylı gənclər təmsil olundular. Düşünürük ki, bu il əvvəlkindən daha çox gənc bələdiyyə seçkilərində iştirak edəcək. Hesab edirik ki, hər zaman Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyən Azərbaycan xalqı bu seçkilərdə də YAP-ın gənclərinə dəstək olacaq. Bələdiyyələrdə gənclərin təmsil olunması çox müsbət haldır. Çünki gənclər seçki prosesində və kiçik ərazilərin idarə olunmasında təcrübə toplayırlar və onlar gələcəkdə Azərbaycanın çiçəklənməsi üçün, inkişafı üçün öz töhfələrini verəcəklər. Çünki bir millətin mövcudluğu üçün sağlam gəncliyinin olması vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Necə ki, hər dəfə gənclər qarşısında çıxış edən Prezident İlham Əliyev: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram"- deyə müraciət edir, elə biz də gənclər olaraq dövlətimizə, cənab Prezidentimizə güvənir və hər zaman da bu siyasətə dəstək olmağa hazırıq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 10 iyun.- S.3.