Azərbaycan milli kitabxanaşünaslığına yeni töhfə

 

Əməkdar elm xadimi, professor Abuzər Xələfovun elmi-tədqiqatçılıq fəaliyyətində yeni dərsliklərin yaradılması prioritet təşkil edir. Ölkəmizdə kitabxanaşünaslıq - informasiya elmlərinin və ali kitabxanaçılıq təhsilinin yaranması və formalaşması da məhz bu görkəmli alimin adı ilə bağlıdır.

Bu günlərdə A.Xələfovun "Kitabxanaşünaslığın tarixi və metodologiyası" adlı yeni dərsliyi nəşr olunmuşdur. Dərslikdə kitabxanaşünaslığın tarixi, təkamül yolu, metodoloji istiqaməti konkretləşdirilmişdir.

Dünya kitabxanaşünaslığı elmi-tədqiqat mərkəzlərində və yüksək ixtisaslı kadrlar hazırlayan ali məktəblərdə bu problemin ayrıca fənn kimi öyrənilməsi alimləri, mütəxəssisləri, peşəkar kitabxanaçıları bilavasitə tədqiq etdikləri elmin tarixi, onun keçdiyi yol, müxtəlif dövrlərdə cəmiyyətin inkişafına müvafiq yeniləşməsi və elmiləşməsi, habelə yeni yaranan elmi-metodik innovasiyalarla tanış olmaq imkanı verir. Ona görə də "Kitabxanaşünaslığın tarixi və metodologiyası" fənni ali məktəblərin kitabxanaçılıq-informasiya fakültələrində əsas ixtisas fənni kimi keçilir. Bu fənnin kitabxanaşünaslığın nəzəriyyəsinin yaranmasında, yeni müddəaların praktikaya tətbiqində, bir çox ideya və anlayışların formalaşmasında mühüm və həlledici amil olduğundan, kitabxanaşünaslıq kompleksinə daxil olan bütün fənlərin elmi-nəzəri və metodoloji əsası kimi kitabxanaçılıq-informasiya fakültələrinin həm bakalavr, həm də magistr pilləsində tədrisi zəruridir.

Dərslik 7 fəsildən və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir . Fəsillərdə materiallar (qədim dövrlərdə kitabxanaşünaslığın meydana gəlməsi, orta əsrlərdə,  XIX-XX əsrlərdə kitabxanaşünaslıq, Azərbaycanda kitabxanaşünaslıq və kitabxanaşünaslığın metodologiyası) xronoloji ardıcıllıqla verilmişdir. Dərslikdə Azərbaycan kitabxanaşünaslığının özünəməxsus xarakterik xüsusiyyətlərinin daha ətraflı işıqlandırılması zəruriliyi nəzərə alınaraq bu mövzu ayrıca fəsil kimi işlənmişdir. Dərslikdə fəsillərin xronoloji qaydada, həmçinin cəmiyyət, mədəniyyət və elm tarixinin dövrləşməsinə müvafiq işlənməsi onun zamanla, baş verən proseslərlə əlaqələndirilməsinə, çıxarılan elmi nəticələrin daha mükəmməl və real olmasına kömək etmişdir. Kitabxanaşünaslığın metodologiyası bölməsində isə bu sahənin humanitar elm kimi mahiyyəti, metodologiyası, statusu geniş şərh edilmiş, obyekti, predmeti, metodikası, sosial funksiyaları, elmlər sistemində yeri, əlaqələri, kitabdan ictimai istifadənin təşkilində rolu və vəzifələri haqqında elmi ümumiləşdirmələr aparılmışdır .

Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyətinə, tələbələrinə, magistrlərinə, doktorantlarına ünvanlanmış bu dərs vəsaiti kitabxanaşünaslığın tarixi və metodologiyası sahəsində mövcud olan boşluğu doldurmaq üçün olduqca əhəmiyyətlidir. "Kitabxanaşünaslığın tarixi" fənninə dair rus mənbələrində göstərilir ki, Rusiya istisna olmaqla, dünyanın heç bir ölkəsində hələlik bu problem ayrıca tədqiqat obyekti olmamış, dünya kitabxanaşünaslığının ümumiləşdirilmiş tarixi hələ də yazılmamışdır. Dərslikdə əsasən rus mənbələrindən və xarici dillərdə olan ədəbiyyatın rus dilinə tərcümələrindən istifadə edilmişdir .

Qeyd etdiyimiz kimi, 7 fəsildən ibarət olan bu kitabda orta əsrlərdə kitabxanaşünaslığın elm kimi formalaşması, Qərb ölkələrində kitabxanaşünaslıq fikirlərinin necə meydana gəlməsi, təşəkkülü və inkişafı, kilsə və monastr kitabxanaları, Şərq ölkələrində və  Rusiyada kitabxanaşünaslıq, intibah, reformasiyamaarifçilik dövründə bu sahədə görülən işlər, yeniliklər,  oxucuları kitabxana probleminin yaranma və inkişafı tarixi ilə yaxından tanış edir.

Birinci fəsildə ŞumerAssuriya kitabxanalarının tarixi məsələləri də aydınlaşdırılır, görkəmli  Amerika şumerşünası Samuel Kramerin "Tarix Şumerlərdən başlayır"  əsərində ilk kitabxanaşünaslıq fikirlərinin yaranması, dünyada kitabxanaçılığın inkişafında Assuriya kitabxanalarının tarixi rolu, qədim Nineva kitabxanası haqqında məlumatlar öz əksini tapmışdır. Burada, həmçinin qədim Yunanıstanda və Romada kitabxanaşünaslıq fikirləri, o dövrdə ən çox yayılmış yazı materialı olan "papirus"un istehsalı, böyük yunan alimləri Evkilidin, Aristotelin şəxsi kitabxanaları, tarixi İskəndəriyyə kitabxanası, onun fəaliyyəti, fondu barəsində mükəmməl məlumatlar toplanımışdır.

Dərslikdə XIX əsrdə kitabxanaşünaslığın inkişafına təsir göstərən amillərdən biri, ən əsası yeni kitabxanalar şəbəkəsinin, xüsusilə elmi, ümumi, universitet kitabxanalarının təşkili və onların oxuculara xidmət prosesində yeni forma və metodlarının meydana çıxma səbəbləri və elmi yanaşma formalarına geniş açıqlama verilmişdir.

XIX əsrdə kitabxanaşünaslığin inkişafında Almaniyanın xüsusi mövqeyə malik olması, bu tarixi dövrdə kral, universitet kitabxanalarının fəaliyyətini tənzimləyən nizamnamələrin tərtibi və kitabxanaşünaslığın müstəqil statusa malik elm kimi qəbulu nəzərə çatdırılıb. Bundan başqa, dərslikdə İngiltərə kitabxanaları, əsasən də Britaniya muzeyi kitabxanası, görkəmli ingilis kitabxanaşünasları və onların kitabxana işi sahəsindəki dəyərli əsərləri haqqında materiallar öz əksini tapmışdır. Bu fəsildə XIX əsrdə dünya kitabxanaşünaslığında baş verən proseslərin qısa təhlili əsasında yaranan mənzərənin ümumiləşdirilməsi, sistemləşdirilməsi əsasında daha çox diqqəti kitabxana işinin təcrübəsində yaranan, getdikcə təkmilləşən, sistemləşən forma və üsullarının daha əsaslı elmi bazaya söykəndiyi, kitabxanaşünaslığın isə nəzəri, elmi fikirlərlə zənginləşdiyi, fundamental kitabxanaşünaslıq elminə çevrildiyi göstərilmişdir.

Dərsliyin V fəsli Azərbaycanda kitabxanaşünaslıq fikrinin meydana gəlməsi, təşəkkülü və inkişafına həsr edilmişdir. Fəsil 13 bölmədən ibarətdir.

Ayrıca bir bölmə Azərbaycan xalqının ilk yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"a həsr edilmişdir. Fəslin daxilində Azərbaycanda ərəb xilafəti dövründə kitabxanaşünaslıq, dini-məscid və mədrəsə kitabxanaları, həmçinin müqəddəs kitabımız Qurani-Kərim barəsində müfəssəl məlumatlar verilmişdir. VIII bölmədə dahi Azərbaycan şairi N.Gəncəvinin kitabkitabxana haqqında dəyərli fikirləri öz əksini tapmışdır. Bu bölmədə professor A.Xələfov Marağa rəsədxanasının tərkibində kitabxananın yaranmasının görkəmli Azərbaycan alimi N.Tusinin adı ilə bağlı olduğunu, onu kitabxana işini, təşkili məsələlərini bilən bir şəxs kimi vurğulamışdır.

Dərsliyin VI fəsli tamamilə müasir dövrdə kitabxanaşünaslığın bir elm sahəsi olduğunu səciyyələndirir. Burada A. Xələfov kitabxanaşünaslığın humanitar elm olmasını konkret sübutlarla əsaslandırır.

Yaşadığımız informasiya cəmiyyəti şəraitində dünyanın qabaqcıl ölkələrində ənənəvi kitabxana işinin informasiyalaşdırılması prosesi daha geniş yayılmağa başlayıb. Təsadüfi deyil ki, bu proses UNESCO-nun informasiya cəmiyyətində kitabxanaların yeri, rolu haqqında bəyanatında "Kitabxanalar informasiya cəmiyyətinin ürəyi" adlandırılmışdır. Dərslikdə informasiya cəmiyyətinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq aparılan islahatlar, yenidənqurmalar və yeni  texnologiyaların tətbiqinə, kitabxana işinin məzmununda müasir proseslərinin formalaşmasına, oxuculara xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə, ən nəhayət, yeni forma və metodların meydana gəlməsinə səbəb olmuş, habelə ənənəvi kitabxanaçılıqla yanaşı elektron kitabxanaçılığın geniş tətbiqinə şərait yarandığı diqqətə çatdırılmışdır.

Dərsliyin sonunda kitabxanaşünaslığın metodologiyası və metodikası, kitabxanaşünaslığın elmi metodikası, bu sahədəki tədqiqatların təşkili, kitabxanaşünaslığın elmlər sistemində yerirolu barədə məlumatlar verilmişdir. Dərslikdə kitabxanaşünaslıq qanunları dialektikanın qanunları ilə əlaqələndirilmiş, kitabxana nəzəriyyəsində və praktikasında anlayış məfhumu ətraflı şərh edilmiş, həmçinin dərsliyin adında əks olunmuş metodmetodologiya anlayışlarına aydınlıq gətirilmişdir. Bir sözlə, böyük bir tarixi dövrü araşdırmalı olan müəllif dünya kitabxanaşünaslığına dair rus və Azərbaycan dillərində çapdan çıxmış zəngin materialların öyrənilməsi və təhlili əsasında uzun əsrlərdən bəri kitabxanaçılıq fikirlərinin keçdiyi beş min illik təkamül və inkişaf yolunu ardıcıl şəkildə izləmiş, onun tədricən müstəqil kitabxanaşünaslıq elminə çevrilməsi prosesinin qanunauyğunluqlarını elmi-nəzəri cəhətdən əsaslandırmışdır. İnanırıq ki, bakalavrlar, magistrantlar, doktorantlar, tədqiqatçı-mütəxəssislər, ictimaiyyətin nümayəndələri "Kitabxanaşünaslığın tarixi və metodologiyası"ndan daha çox faydalanacaqlar.

 

Elçin ƏHMƏDOV,

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya

fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2014.- 10 iyun.- S.5.