Dünya futbolunun unudulmazları arasında yer alan azərbaycanlı

 

Futbol üzrə dünya çempionatları tarixində azərbaycanlı hakimböyük uğurlara imza atıb. Tofiq Bəhramov (1925-1993) Nikolay Latışevdən sonra dünya futbol çempionatında hakimlik edən ikinci sovet hakimi olub. Onun ən böyük uğuru 1966-cı il dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyununda olub.

Bu final mundialın bütün tarixi ərzində ən maraqlı və dramatik oyunlardan biri olub. Bəhramov matçın yan xətt hakimi idi.

Əsas vaxt heç-heçə (2:2) başa çatıb. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olunub. 110-cu dəqiqədə ingilislərin hücumçusu Herst topu almanların qapısına göndərir. Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir. Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək adamı tapır. Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - sovet hakimi Bəhramovun deyəcəyini göstərir. O isə bayrağı yellədərək mərkəzi göstərməklə ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurur.

Almanlar onu əhatəyə alaraq bu qərara etiraz edirlər, lakin Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünün üçüncü qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatır.

Oyundan sonra İngiltərə Kraliçası Bəhramova Qızıl fiti (o vaxtadək bu mükafat yalnız meydan hakimlərinə verilirdi) və Qızıl ilahənin kiçik modelini təqdim edir. Bu gün yeni Uembli stadionunun muzey vitrinlərinin birində Tofiq Bəhramovun bürüncdən tökülmüş heykəli yerləşdirilib.

Tofiq Bəhramov eyni zamanda Avropa kuboklarının finallarında hakimlik edən ilk sovet arbitri olub. Bundan başqa 1972-ci ildə o, Argentinanın İndependyente və Hollandiyanın Ayaks komandaları arasında qitələrarası kubok uğrunda oyunu da idarə edib.

 

Azərbaycan.-2014.-10 iyun.-S.6.