Ağdaş sənaye şəhərinə çevrilir

 

Dövlət başçısının rayona səfəri işgüzarlığı daha da artırıb

 

Sosial-iqtisadi inkişaf tempinin artırılması üçün Ağdaş rayonunda əhəmiyyətli tədbirlər həyata keçirilir. Yol infrastrukturu layihələrinin icrası, tikinti, abadlıq-quruculuq işləri rayonun simasını tamamilə dəyişib. 2014-cü ilin ilk ayları Ağdaşda bir çox obyektin inşasının başa çatması, istifadəyə verilməsi ilə də əlamətdardır. 11 yaşayış məntəqəsini birləşdirən 34 kilometr uzunluğunda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu əsaslı təmir olunub. Bu yol 20 min nəfər əhalinin xidmətindədir. Ləki dəmir yolu vağzalının yeni binasının tikintisi də görülən işlər sırasındadır.

2014-cü ilin 1 may günü ağdaşlılar üçün daha əlamətdar oldu. Ölkə Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfər etdi. Dövlət başçısının ilk qatıldığı tədbir Ağdaş şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimi oldu. Şəhərin yeni inzibati ərazisində tikilmiş mərkəz ikimərtəbəli binada yerləşir. Burada uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif yaradıcılıq dərnəkləri və kompüter kursları, internet-klubinformasiya texnologiyaları otaqları, rəqs, rəsm və heykəltəraşlıq studiyası, konfranskinozallar, sərgi salonu, xalq sənətkarlığı emalatxanası (xalçaçılıq və toxuculuq) və elektron kitabxananın fəaliyyəti nəzərdə tutulub.

Mərkəzin açılışı zamanı mərasim iştirakçıları qarşısında çıxış edən Prezident İlham Əliyev demişdir: "Mən Ağdaş rayonunda dəfələrlə olmuşam. Bu dəfə də burada görülən işlərlə tanış olacağam. Biz bu gün ilk növbədə, Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Bu, gözəl hadisədir. Möhtəşəm mərkəzdir. Həm memarlıq, həm də daxili dizayn baxımından göz oxşayır. Bu gözəl mərkəz bir memarlıq abidəsidir. Eyni zamanda, mərkəzdə yerləşən studiyalar, dərnəklər, əlbəttə ki, onun funksional əhəmiyyətini də artıracaqdır".

Ağdaşa göstərdiyi qayğıya görə həmin görüş zamanı dövlət  başçısına minnətdarlıq edən M.Şeyxzadə adına Texniki, Təbiət və Humanitar Təmayüllü Liseyin direktoru Şəhla Hacıbalayeva söhbət zamanı bildirdi ki, ölkə rəhbərinin bölgələrə səfəri yerli sakinlər üçün qürurverici olmaqla yanaşı, insanların məsuliyyətini, işgüzarlığını daha  da artırır: "Dövlətimizin yüksək qayğısı sayəsində əhəmiyyətli layihələr icra olunur, təhsil, mədəniyyət ocaqları istifadəyə verilir. Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışı da bu qayğının təzahürüdür. İnanırıq ki, bu mərkəz gənclərimizin ən sevimli məkanlarından biri olacaq. Bu gün bizim qarşımızda duran əsas məsələ müstəqil Azərbaycanın gənclərinə ulu öndərimizin vətən yolunda gördüyü böyük işləri hərtərəfli aşılamaq, onlarda vətən sevgisinin, vətənpərvərlik ruhunun daha da yüksəlməsinə nail olmaqdır".

Ağdaşa səfəri çərçivəsində Prezident İlham Əliyev rayon icra hakimiyyətinin, YAP  Ağdaş rayon təşkilatının yeni inzibati binalarının, Ağdaş Meyvə Emalı Zavodunun, Ləki dəmir yolu vağzalının yeni binasının, Gilan Yem Emalı  Zavodunun, 34 kilometrlik Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, 220 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyasının açılışlarında iştirak etmiş və Heydər parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Sakinlərlə görüş zamanı dövlət başçısı xüsusi vurğulamışdır ki, üçüncü Dövlət Proqramının icrası nəticəsində sosial infrastrukturla, ümumiyyətlə, infrastruktur layihələri ilə bağlı heç bir problem qalmamalıdır: "Ağdaşda infrastruktur layihələri icra edilir, qazlaşdırma aparılır. Kəndlərin əksəriyyəti qazlaşdırılıbdır. Növbəti illərdə Ağdaşda qazlaşdırma 100 faizə çatmalıdır. İçməli su layihələri icra edilir. Əminəm ki, bu məsələ də yaxın gələcəkdə tam şəkildə öz həllini tapacaqdır. Kənd yolları tikilir. Yəni, insanların normal yaşaması üçün bütün şərait yaradılır və şəhər də gözəlləşir, abadlaşır.

Bu gün Azərbaycan elə bir səviyyədədir ki, hər bir rayon mərkəzi, hər bir şəhər dünyanın aparıcı şəhərlərindən geri qalmamalıdır. Çünki Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradırıq və yaratmalıyıq".

2012-ci ildən başlayaraq Ağdaşda sakinlərin mənalı istirahəti, ağsaqqalların, gənclərin və azyaşlı uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün 7 hektar ərazini əhatə edən Heydər parkında yenidənqurma və tikinti-quraşdırma işləri aparılıb. Milli memarlıq üslubu ilə müasirliyin uzlaşmasına xüsusi fikir verilib. Parkda 2 süni göl, 11 fəvvarə tikilib, işıqlandırma sistemi yaradılıb. Müxtəlif attraksionlar, anauşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodromsair fəaliyyət göstərir.

İlin əvvəlindən rayonun TofiqiAralbir kəndlərinin hər birində 220 şagirdlik, Qarağan-Şıxlar və Qülbəndə kəndlərində 180 şagirdlik, Ərəbşəki kəndində isə 80 yerlik yeni məktəb binalarının tikintisinə başlanılıb.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar rayonda mühüm tədbirlər görülür.

Yeni istifadəyə verilən Gilan Yem Emalı Zavodu toyuqmal-qara yemi istehsalı üçün nəzərdə tutulub. Burada il ərzində orta hesabla 250 min tonadək yem istehsal olunması planlaşdırılıb. Layihənin icrası tam başa çatdırıldıqdan sonra zavodda 100 yeni yeri yaradılacaqdır.

Ağdaş Meyvə Emalı Zavodunda isə ilkin mərhələdə il ərzində 200 tona yaxın quru meyvənin emal edilməsi mümkün olacaqdır.

Hər iki sənaye müəssisəsinin fəaliyyətə başlaması rayonda heyvandarlıq və quşçuluq məhsullarının, eləcə də meyvə və tərəvəz istehsalının artımını təmin edəcək, əhalinin məşğulluq imkanlarını artıracaqdır.

Ağdaşda "Şirvangöl" istirahət mərkəzinin tikintisibaşa çatdırılıb. Ərəbocağı kəndində isə heyvandarlıq kompleksinin tikinti işləri davam edir. Kompleksdə hazırda 1274 baş ətlik və südlük mal-qara var.

Sahibkarlar tərəfindən 1000 hektara yaxın sahədə biyan istehsalı və onun emalı müəssisəsinin, yeni bazar kompleksinin tikintisi davam etdirilir.

Qeyd etmək lazımdır ki, rayon iqtisadiyyatının müxtəlif sahələrinin davamlı inkişafı sahibkarlığa göstərilən dövlət qayğısı ilə şərtlənir. Bu qayğıdan rayon ziyalılarından əməkdar müəllim Tənzilə Şıxıyeva, ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev, gənclər adından Anar Şahmuradov və digərləri razılıqla danışaraq bildirdilər ki, dövlət başçısının rayona hər səfərindən sonra uğurlar artır, insanların rifahının daha da yaxşılaşması istiqamətində gərəkli tədbirlər görülür.

Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı zamanı sakinlərlə söhbəti zamanı Prezident İlham Əliyev demişdir: "Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, xalq üçün işləyirəm, yaşayıram. Mənim başqa amalım yoxdur. Bu bölgələrdə, ucqar rayonlarda belə inkişafı, belə gözəl işləri görəndə ürəyim sevinir. Mənim üçün ən böyük mükafat sizin yaxşı yaşamağınızdır".

 

Telman NƏZƏRLI,

Azərbaycan.-2014.- 11 iyun.- S.3.