Qırğızıstan Azərbaycan ilə müxtəlif sahələrdə

 əməkdaşlığın inkişafında maraqlıdır

 

İyunun 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Qırğızıstan Respublikası parlamentinin - Joqorku Keneşin sədri Asılbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, O.Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) tədbirləri çərçivəsində ikitərəfli əlaqələrin ənənəvi xarakter aldığını vurğulamış, belə görüşlərin münasibətlərin inkişafına xidmət etdiyini söyləmişdir. Qeyd etmişdir ki, Azərbaycan çoxəsrlik tarixi kökləri olan xalqlarımız arasındakı dostluğun daha da dərinləşməsinə böyük önəm verir. Əlaqələrimizin yeni müstəvidə inkişaf etməsində dövlət başçılarının görüşləri böyük rol oynamışdır. Son illər dövlətlərarası münasibətlərin intensiv xarakter alması gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır.

Milli Məclisin sədri ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

O.Əsədov Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini söyləmişdir. Qırğızıstanın qanunverici orqanında da belə bir qrupun yaradılmasının zəruriliyi vurğulanmışdır.

Görüşdə qeyd edilmişdir ki, deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər.

Milli Məclisin sədri TürkPA-nın Bakıda keçiriləcək 5-ci plenar iclası barədə danışmış, bu təşkilatın türk dünyasının birliyinə və inteqrasiya proseslərinə, xalqların daha da yaxınlaşmasına xidmət etdiyini vurğulamışdır.

Joqorku Keneşin sədri Asılbek Jeenbekov ölkəmizə səfərindən və burada gördüyü inkişafdan məmnun olduğunu söyləmişdir. O, ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu demişdir.

Görüşdə TürkPA-nın 5-ci plenar iclasına hazırlıq məsələləri, parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 12 iyun.- S.1.