Milli təfəkkür məbədi

 

Bu günlərdə Heydər Əliyev Mərkəzinə gəlib-gedənlərin ardı-arası kəsilmir. Ən müxtəlif təşkilatların nümayəndələri, yaxın-uzaq yaşayış məntəqələrinin sakinləri əllərində gül-çiçək dəstə-dəstə gəlir, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər.

Gəncə çayının sahilində səfalı guşədə ucaldılmış Heydər Əliyev Mərkəzi Göygöl rayonunda hamının iftixar yerinə çevrilib. Burada ən müxtəlif tədbirlərin keçirilməsi üçün hər şərait yaradılıb. Aktkonfrans zalları, rəsm, xalçaçılıq, tikiş dərnəkləri və s. fəaliyyət göstərir. Mərkəzdə, həmçinin, elektron kitabxana, fotostudiya, şahmat zalı, muğam otağı və 3D kinoteatrı var.

Bu mərkəz cari ilin yanvar ayında Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb. Orijinal üslubda inşa edilmiş bu mərkəz Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından çox mühüm əhəmiyyət kəsb edir. Rayon təhsil şöbəsinin müdiri Elbrus Atayev deyir ki, qabaqcadan tərtib olunmuş cədvəl əsasında Azərbaycanın ən yeni tarixi və Heydər Əliyev irsinin öyrənilməsi üçün müntəzəm məşğələlər keçirilir. Ən bilikli, bacarıqlı tarix müəllimləri dərs deyir.

Biz mərkəzdə olarkən rayonun bir sıra yerlərindən, o cümlədən uzaq dağ kəndi sayılan Kərəmlidən yuxarı sinif şagirdləri gəlmişdi. Maraqlı, məzmunlu eksponatlarla tanış olan gənclər iftixarla deyirdilər ki, məktəbimizin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. YAP-ın sıralarına yenicə qəbul olunmuş bir dəstə oğlan və qız ulu öndərin Göygöl rayonuna tarixi səfərlərini əks etdirən fotostendlərə maraqla baxırdılar.

Mərkəzin geniş həyətində sıraya düzülmüş bir dəstə çağırışçı gənc vətənə, torpağa, ulu öndər Heydər Əliyevə sədaqət andı içirdilər. Yaxınlıqdakı yaraşıqlı guşədə isə "Heydər Əliyev-91" mövzusunda kitab sərgisi nümayiş olunur.

Günün ikinci yarısında Heydər Əliyevin doğum günü şərəfinə keçirilən inşa yazı işlərinin, rəsm əsərlərinin və müxtəlif idman yarışlarının qaliblərinə diplomlar və fəxri fərmanlar verildi. Elbrus Atayev dedi ki, Balçılı kənd orta məktəbinin 9-cu sinif şagirdi Aysel Məlikzadə "Heydər Əliyev məktəblilərin gözü ilə" respublika müsabiqəsinin qalibi olub, onun yazı işinin kitabda dərc edilməsi nəzərdə tutulub.

Heydər Əliyev mərkəzində ictimai-siyasi həyatımızın hər sahəsi üzrə maraqlı tədbirlər keçirilir. Bu müqəddəs guşə ulu öndərin siyasi irsinin öyrənilməsi ilə yanaşı, onun gələcək nəsillərə ötürülməsi baxımından da çox vacibdir. "Tərəqqi" medalı ilə təltif olunmuş Xaqani adına məktəbin müəllimi Tariyel Ağayev dedi ki, bu işıqlı, nurlu mərkəz rayon sakinlərinin and yerinə çevrilib. Bu, əsl təlim-tərbiyə ocağı, milli təfəkkür məbədidir.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 12 iyun.- S.1.