Bakıda Türkdilli Ölkələrin Parlament

 Assambleyası Şurasının V iclası keçirilmişdir

 

TürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçmişdir

 

İyunun 12-də Azərbaycan Respublikası Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının V iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri iştirak etmişlər.

İclası TürkPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək açaraq qurumun ötənilki fəaliyyəti barədə məlumat vermişdir.

Cəmil Çiçək bildirmişdir ki, son iki həftə ərzində türk dünyası üçün önəmli tədbirlər keçirilir. Belə ki, ötən həftə Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı təşkil edilmişdir. Bu gün isə TürkPA Şurasının V iclası keçirilir. Bu tədbirlər ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin təcəssümüdür.

Ötənilki iclasda TürkPA-ya sədrliyin Qırğızıstandan Türkiyəyə keçdiyini xatırladan C.Çiçək bildirmişdir ki, birillik gərgin fəaliyyətdən sonra bu gün sədrliyi Azərbaycan qəbul edir. Beləliklə, quruma üzv dörd ölkənin hər biri artıq TürkPA-ya sədrlik etmiş olur. Bundan sonra üzv dövlətlər artıq ikinci dəfə sədrlik dövrünü həyata keçirəcəklər.

C.Çiçək demişdir: “Bu gün biz burada özümüzü doğma yurdumuzda, evimizdəki kimi hiss edirik. Bakını Ankaradan, Bişkekdən və Astanadan ayırmırıq, bu şəhərlərin hər birini öz vətənimiz hesab edirik. Biz bütün türk dövlətlərində yaşayan uşaqların xoşbəxt, təhlükəsiz şəraitdə böyüməsini arzu edirik. Məqsədimiz türk dünyası uşaqlarına aydın gələcək verməkdir. Ölkələrimiz arasında ortaq dilə, dinə, tarixə və mədəniyyətə əsaslanan qardaşlıq əlaqələri çox güclüdür. Biz ortaq potensialımızı görəcəyimiz gözəl işlərlə daha da yüksəklərə qaldırmaq istəyirik”.

Sonra TürkPA-ya sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə keçmişdir.

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədrinə ötən dövrdə səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmişquruma sədrliyi qürur hissi ilə qəbul etdiyini vurğulamışdır.

Oqtay Əsədov bildirmişdir ki, sədrliyi dövründə TürkPA-nın məqsədlərinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi bütün lazımi işlərin görülməsinə çalışacaqdır.

Milli Məclisin sədri Qazaxıstan Respublikası Parlamenti Məclisinin yeni seçilmiş sədri Habibulla Yakupovu TürkPA Şurasının üzvü kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir.

Qeyd edilmişdir ki, artıq beş ildə ikinci dəfədir assambleyanın əsas tədbirləri Bakıda keçirilir. Bu dövrlərdə görülmüş işləri nəzərə alaraq demək olar ki, təşkilat çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin dərinləşməsinə şərait yaradır.

TürkPA-nın nüfuzlu bir parlament təşkilatına çevrildiyini deyən O.Əsədov qurumun fəaliyyətinin xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin yaradılmasına və inkişafına xidmət etdiyini bildirmişdir. İkitərəfli və çoxtərəfli əlaqələrin gündən-günə dərinləşməsi təşkilatın fəaliyyətinin səmərəli olduğunu sübut edir.

Azərbaycan Milli Məclisinin TürkPA-ya sədrliyi dövründə görəcəyi işlər barədə məlumat verən O.Əsədov demişdir: “Assambleyanın əsas işlək orqanları kimi komissiyaların fəaliyyətini qeyd etmək istəyirəm. Ötən dövrdə qurumun dörd daimi komissiyasının iclasları keçirilmiş, hesabat məruzələri və tövsiyə qərarları hazırlanmışdır. Bu sənədlər müxtəlif məsələlərə dair ortaq mövqeyimizi formalaşdırmışdır. Lakin qarşıda duran vəzifələr komissiyaların strukturunda dəyişikliklər edilməsi zərurətini yaradır. Hesab edirəm ki, komissiyaların yenidən təşkili qurumun səmərəliliyini daha da artıra bilər.

Biz TürkPA-nın ekspert potensialının artırılmasına xüsusi diqqət yetirəcəyik. Ekspertlər səviyyəsində görüşlərin keçirilməsinə ilk dəfə Türkiyənin təşəbbüsü ilə başlanılmışdır. Biz bu ənənəni davam etdirəcəyik. Azərbaycan parlamenti TürkPA-nın hüquqi bazasının təkmilləşdirilməsi işini də nəzarətdə saxlayacaqdır. Plenar iclas bu məsələnin tətbiqi ilə bağlı katibliyə təlimat verəcəkdir. Ümid edirəm ki, katiblik payızın əvvəllərinə qədər məsələ ilə bağlı hesabat hazırlayacaqdır. Bizbu hesabata uyğun olaraq lazımi addımlar atacağıq”.

TürkPA-ya üzv dövlətlər arasında təhsil və mədəniyyət sahələrində də əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülməli işlərin çox olduğunu deyən O.Əsədov türk dilində təcrübəli və yüksək ixtisaslı tərcüməçilərin hazırlanmasının vacibliyini vurğulamışdır.

Sonra Oqtay Əsədov şura iclasının gündəliyini təqdim etmişdir. Bildirilmişdir ki, gündəlikdə 12 məsələ vardır.

Gündəlik qəbul olunduqdan sonra Cəmil Çiçək Türkiyə tərəfinin təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.

Cəmil Çiçək bildirmişdir ki, quruma sədrliyi dövründə üç məsələyə xüsusi önəm verilmişdir. Aparılmış araşdırmalar nəticəsində bu məsələ ilə bağlı bir sıra çatışmazlıqların mövcudluğu məlum olmuşdur. Bu çatışmazlıqların aradan qaldırılması məqsədi ilə TürkPA-nın maliyyə sənədi hazırlanmışdır. Bu sənəd görüləcək işləri nizamlamaq üçün ilk addım olmuşdur.

Diqqətə çatdırılmışdır ki, önəm verilmiş digər məsələ türk dünyası ölkələrində fəaliyyət göstərən təşkilatlar ilə əməkdaşlığın qurulması olmuşdur. Bu məqsədlə müxtəlif sahələrdə fəaliyyət göstərən bir sıra qurumlarla əməkdaşlıq əlaqələri yaradılmışdır. TürkPA-nın daha da gücləndirilməsi üçün bu cür əməkdaşlığın qurulması çox önəmlidir.

C.Çiçək vurğulamışdır ki, qarşıda duran digər vacib məsələ qurumun fəaliyyət planını hazırlamaq idi. Bu vəzifə də yerinə yetirilmişdir - fəaliyyət planı hazırlanmış və icra edilmişdir.

İclas işini gündəlikdə duran digər məsələlərin müzakirəsi ilə davam etdirmişdir.

 

Azərbaycan.-2014.- 13 iyun.- S.1.