İşığın düşmə bucağı

 

Arvadlarımız tərbiyə tapmayınca, təhsil, elmkamala yetməyincə  övladlarımıza qayda ilə tərbiyə verib zəlalətdən və qaranlıqdan, həbsxanalardan və s. millətlərin töhmət və sərgüzəştlərindən qurtarıb işığa çıxara bilməyəcəyik.

 

Xədicə xanım

ƏLİBƏYOVA

 

Azərbaycan tarixində maarifçilik ictimai-siyasi bir hərəkat olaraq M.F.Axundzadə, A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, H.Zərdabi və başqa ziyalıların simasında  XIX əsrin əvvəllərində çiçəklənməyə başladı. Onların xoş məramı yaşadıqları əsri, zamanı işıqlandırsa da, qaranlıq qalan sahələr hələ çox idi. Mustafa bəylə Xədicə xanımın irsinin yorulmaz tədqiqatçılarından olan Fərrux Ağasıbəyli haqlı olaraq qeyd edir ki, "Əkinçi" qəzeti Azərbaycanda mətbuat ənənəsini, ictimai fikirdə mətbuat vasitəsilə milli ideyaların inkişafının bünövrəsini qoydu. Bu qəzetin ömrü qısa olsa da, qaranlıqda çaxan şimşək kimi ətrafı işıqlandıra bildi. Bu işıqdan 35 il sonra Azərbaycan mətbuatının payına yeni bir işıq düşdü".

Azərbaycanın hər yerində vəkil, eyni zamanda yazıçı, publisist, dramaturq kimi tanınan Mustafa bəy Əlibəyov (1872-1943) 1907-ci ildə Azərbaycanda ilk ali təhsilli qadın həkim-ginekoloqlardan biri olan Xədicə xanımla (1884-1961) ailə qurduçox keçmədi onlar birlikdə 1911-ci ilin soyuq yanvarında həftədə bir dəfə şənbə günləri nəşr olunan "Təbiyyəti-ətfalə", yəni uşaqların tərbiyəsinə, ədəbiyyata, təbabət və evdarlığa dair qadın qəzetinin nəşrinə başladılar. 68 sayı işıq üzü görən bu məcmuənin hamisi Hacı Zeynalabdin Tağıyev, məsul katibi isə bu böyük xeyriyyəçinin həyat yoldaşı Sona xanım idi. H.M.Qafqazlı məcmuənin o dövr üçün əhəmiyyətini belə ifadə edirdi: "Vəkil Mustafa bəy Əlibəyov və onun həyat yoldaşı Xədicə xanım Əlibəyova nadan adamların, mədəniyyət və maarif düşmənlərinin, xalqı zülmətdə saxlamağa səy edən ictimai quruluşunhakim dairələrin təzyiqi altında, çox çətin bir şəraitdə "İşıq" adlı qadın qəzetini dərc etməyə başladılar". Həmin dövrdə Kiyevdə təhsil alan məşhur ziyalılardan yazıçı Y.V.Çəmənzəminli qəzetin nəşri xəbərini böyük sevinc hissi ilə qarşılayaraq yazırdı: "Arvadlarımızın zülmət içində yaşadığı bir zamanda onlar üçün öhdəyə götürdüyünüz qəzetə nəşri böyük və müqəddəs bir vəzifədir. Bu böyük vəzifəni lazımınca ifa edib məqsədə nail olmaq da çox hünər, çox cəsarət istəyir".

 

"Bizə ən yaxşı anaları

verinbiz ən yaxşı

adamlar olacağıq"

 

Qəzet müəlliflərindən biri "Gələcəyimiz kimlərdir?" məqaləsində alman ədiblərinin birindən bu sözləri misal gətirərək analıq şərəfinin aliuca olmasından bəhs edirdi. Lev Tolstoyun "...tərbiyə bir adamın o biri adamı özünə oxşatmaq istəməsidir" fikri bəlkə də "işıqçı"ların - Şəfiqə Əfəndizadə, Səkinə Axundova, Sara Vəzirova, Həmidə Cavanşir, Şəhrəbanu Şabanzadə, Sona Axundova, Maral Mahmudzadə, Nabat Nərimanova, Əminə Batrişina, Çayqıraqlı Həyat xanım, Xuraman Rəhimbəyzadə, Asya Axundova və başqalarının  fəaliyyətini və amalını anlamaq baxımından daha əhəmiyyətlidir. Qəzetin qaldırdığı problemlər ətrafında o vaxt qadın yazarlardan biri düşüncələrini şeirlə belə ifadə edirdi:

 

Elmsiz vəhşi olub dünyadə

               nadan ağlaram,

Xanə olmuş, vallahi, bizlərə

               zindan, ağlaram.

 

Böyük Hüseyn Cavid isə həmin qəzetdə dərc olunan "Qadın" şeiri ilə sanki bu mövzunu davam etdirirdi:

 

Ağla, həp ağla dedim, pək yanlış.

Ağlamaqdan nə çıxar, sanki çalış.

Oluyor iştə hüququn payimal,

Çalış, öyrən, ara yol, həqqini al.

 

XX əsrin əvvəllərindən başlayaraq qadın azadlığı ideyası bir sıra mətbu orqanda - "Kaspi", "Şərqi-Rus", "Həyat", "İrşad", "Tərəqqi", "Molla Nəsrəddin", "Füyuzat"da olduğu kimi, bu qəzetdə də əsas yerlərdən birini tuturdu. "İşıq" qəzetinin əsas tədqiqatçılarından A.Qasımova "Azərbaycanda ilk qadın mətbuatı: "İşıq" qəzeti" kitabında qeyd edir ki, qəzetin başında dayanan Mustafa bəylə Xədicə xanım bir tərəfdən elm və mədəni tərəqqi yoluna çıxmağa, fanatiksaxtakar dindarlara inanmamağa, ev həbsxanasından azad olmağa çağırır, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandıran, köhnə adət-ənənələri yaşatmağa çalışanlara öz səhifələrində yer ayırırdı. Xədicə xanım qadına yalnız o qədər təhsil verməyin tərəfdarı idi ki, o, ana kimi öz övladına yetərincə tərbiyə verə bilsin. Xədicə xanım öz məqalələrində dövrün nadanlıqdan doğan ağrı-acısını çox gözəl bir dillə ifadə edirdi: "Zira, avara və sərgərdan oğullarımız Sibir səhralarında və həbsxanalar küncündə çürüyürlər. Divanxanalardakı xidmətlərin ən kiçiyində çalışır, dilmanc, mirzə, yasavuldan yuxarı qalxmırlar. Bunlara səbəb isə müsəlman xanımların tərbiyəsizliyidir".

Bir faktı da vurğulamaq lazımdır ki, Xədicə xanım qadın intibahı dedikdə, ancaq onların təhsil alması, övladlarına tərbiyə verməsi kimi cəhətləri nəzərdə tuturdu: "...Xanımın öz vəzifəsi onu evdə qalmağa məcbur edir. Xanım gərək evi idarə etsin, uşaq saxlasın, müxtəsəri, evin bütün ehtiyacına göz yetirsin. Belə olan surətdə xanımı heç kim həbs etməyib, xanımın öz vəzifəsi onu həbs edib".

Məsələyə belə yanaşma isə "İşıq"la bəzi mətbu orqanlar, xüsusilə "Molla Nəsrəddin" məktəbinin nümayəndələri arasında soyuqluq yaradır, bəzən qarşıdurmalara gətirib çıxarırdı. Bunları Mirzə Cəlilin özünəməxsus atmacalarından da aydınca sezmək olur: "Doğrudur, Bakıda çıxan "İşıq" qəzeti müsəlman qardaşlarımızı işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırır".

"Qeyrətli müsəlman övrətləri heç vaxt gərək şlyapa örtməsin. Əbian millətində rəsm və adət olunmuş libası (çadranı) kamali-fəxrlə örtməyi təbəq böyüklükdə örtdükləri şlyapadan yaxşı olur. Müsəlman xanımları üçün şlyapa məsələsi yüz il bundan sonrakı məsələdir"  deyən Xədicə xanım Əlibəyovanın mövqeyi "Molla Nəsrəddin" jurnalı tərəfindən qadınları mütiliyə və itaətə çağırış kimi qiymətləndirilirdi: "Təəccüb etməli deyil ki, hələ indiyə kimi eyləyə bilmirik ki, teatr işində də özgələrə möhtac olmayaq. Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın bir kənarda. Müsəlman qızına nə biz, nə də "İşıq" izin verir ki, elə teatr oyunbazlarının içinə girib səhnədə oynasın".

"Molla Nəsrəddin" jurnalı o vaxt hətta üz qabığında Xədicə xanımın müasir geyimdə şəklini dərc etmişdi. Şəkildə Xədicə xanım çadralı qadınları göstərir və deyirdi: "Bax müsəlman xanımları belə ismətli və namuslu olmalıdır".

Xədicə xanım hətta M.Ə.Sabirin də tənqidinə tuş gəlmişdi. Şairin "Dörddilli qırmanc" satirasında əsas tənqid hədəfləri Zaqafqaziya Müsəlmanları İdarəsinin müftisi N.Ə.Qayıbov və "İşıq" qəzetinin redaktoru Xədicə xanım Əlibəyovadır:

"İşıq" qəzetəsi müdirəsi Xədicə xanım deyir ki: "Müslümə övrətləri məsturə olmaq istəriz - iştə söz, iştə əməl, iştə müvafiq bir məqam". Lakin müsəlman qadınlarının məsturə, yəni örtüklü olmasını istəməklə Xədicə xanım Azərbaycan qadınının tamamilə qaranlığa bürünməsini istəmirdi. Bu, həm də o dövrdə get-gedə qloballaşan dünyada qadınlarımızın milli dəyərləri qorumasına, abır-həya gözləməsinə bir işarə idi. C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar kimi ziyalılar qəzeti hadisələrə bitərəf və laqeyd yanaşmaqda günahlandırsalar da, A.Qasımovaya görə, bu ixtilaf, əslində, "Molla Nəsrəddin"lə "İşıq" arasındakı bir məslək, dünyagörüşü və prinsiplər mübarizəsi idi.

 

İşıq harada sınır

 

Nəşr müddətinin azlığına, problemlərin bolluğuna baxmayaraq, "İşıq" Azərbaycan mətbuat tarixində ilk qadın mətbu orqanı kimi mühüm tarixi əhəmiyyətə malikdir. Bu məcmuə fikir plüralizmi şəraitində nəinki Azərbaycan, bütövlükdə müsəlman qadınların qarşısında duran problemlərin həlli yollarının araşdırılmasında əvəzsiz xidmətlər göstərdi, dövrün mənəvi-ictimai ab-havasının sağlamlaşdırılması işinə başqa mətbuat orqanları ilə yanaşı, öz qiymətli töhfəsini verə bildi.

Xədicə xanım və onun yazarları "İşıq" qəzetinin ilk nömrəsində "Hüququmuz" məqaləsində əks olunan manifestə ömürlərinin sonuna kimi sadiq qaldılar: "Bu dərəcəyə kimi bizim hüquq və ixtiyarımız qəsb və puç olmuşdur. Qəsb olmuş hüquq və ixtiyarımız yolunda sükuti-ixtiyar olunmasın gərək... demək həqqimizdir. Əsrlərlə xabi-qəflətdə qalmağımızdan bidər olub kəs mədəniyyət etməyə... çalışmalıyız".

Qəzet müəyyən çətinliklər üzündən tezliklə nəşrini dayandırsa da, Mustafa bəylə Xədicə xanımın fəaliyyəti bir an da olsa, dayanmadı. Onlar 1920-1946-cı illərdə Şəkiyə köçərək əhalinin maarifləndirilməsi, təhsil ocaqlarının açılmasında, insanların pozulan hüquqlarının bərpasında, səhiyyə işinin təşkilində əvəzsiz xidmətlər göstəriblər. Onların təşəbbüsü ilə şəhərdə ginekoloji şöbə açılır, tibb texnikumu yaradılır. Lakin 1937-ci ilin acı küləyi bu ailədən də yan keçmir. SSRİ Konstitusiyasının müzakirələri vaxtı bir hüquqşünas kimi Azərbaycan neftinin daha çox öz sahiblərinə çatmalı olduğu təklifini verməsi Mustafa bəyin həbsi və sürgünə göndərilməsi ilə nəticələnir. Ömrü boyu hamını müdafiə edən Mustafa bəy  bu dəözü müdafiəsiz qaldı. O, 1943-cü ildə Vətəndən uzaqlarda dünyasını dəyişir və oradaca müsəlman qəbiristanında dəfn olunur. 1946-cı ildə övladları ilə yenidən Bakıya köçən Xədicə xanım isə 1961-ci il mayın 19-da  həyatla vidalaşır.

 

Hacı Zeynalabdin

Tağıyevin yazı əhli üçün

hələ də əhəmiyyətini

itirməyən son nəsihəti

 

"İşıq"ın naşiri olan Mustafa bəy həm də qəzetdə mütəmadi məqalələrlə çıxış edirdi. Qəzetin  1911-ci ildəki 9-cu sayında onun məşhur xeyriyyəçi H.Z.Tağıyevin böyük portretini tamamlayan, həm də günümüzlə səsləşən  "General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi" adlı bir məqaləsi diqqəti xüsusi cəlb edir. Novruz bayramı günü şəhərdəki rəsmi nümayəndələri, tanınmış ziyalıları bir məclisə toplayan bu böyük maarifpərvər öz rəsmi önündə ayaq saxlayaraq fikirlərini söyləyir. Bu şəkildə bir əlində Qurani-Kərim, o biri əlində qəzet tutan Hacının müraciəti və Mustafa bəyin düşüncələri bir-birini üzvi surətdə tamamlayır: "Övladlarım! Bənim sizə sonuncu nəsihətim budur ki, bu Quranı həmişə sağ və qəzetəyi isə sol əlinizdə tutub millətə sadiq və sədaqətlə xidmət edəsiniz. Bu əsnada Hacı gözləri yaş ilə dolmuş ikən hazeruna "Xudahafis" edib məclisdən təşrif apardılar. Hacı ağanın bu gözəl, mənalı, həkimanə kəlamı mənə o qədər təsir elədi ki, indi o nəsihəti bir an qəlbimdən çıxara bilmirəm. Oxucularım! Böylə bir nəsihət bu vəqtə qədər heç bir alimin ağzından eşidilməmişdir. Tənimizcə, bu gözəl nitqi tariximizə qızıl mürəkkəb ilə yazıb bir əsəriname olaraq həmişə mühafizə etməliyik. Çünki bir parə şəxslər Quranı dutanda zəmanənin indiki ağlar halını bilmərrə unudurlar. Qəzetə tərəfdarları olanların bəzisi isə nəinki bir Quranı, hətta bütün islamiyyəti yaddan çıxarırlar".

 

P.S. Mustafa bəy Əlibəyovun ailəsi və dostları ilə çəkdirdiyi rəsmlər qalıb. O, şəkillərin bəzisində qeydlər apararaq düşündüklərini həkk edib. İndi həmin sözlər onun daxili aləmindəki təbəddülatları görmək və gələcək faciələrini anlamaq baxımından olduqca əhəmiyyətlidir. Aradan illər keçsə də, nə onun yazdıqları həqiqətlər dəyişib, nə həyatına süzülən işığın düşmə bucağı. "Son həddə yaşamaq çətindir. Lakin mütləq deyil ki, son həddə yaşayasan" deyən Mustafa bəy yazırdı:

 

Həyat - haqsızlıq demək;

Amansızdır, anidir.

Yandırar, yaxar səni,

Dərddi, qəmdi - canidir.

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 13 iyun.- S.8.