UNİCEF Azərbaycan ilə səmərəli əməkdaşlıq edir

 

İyunun 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddətinin başa çatması ilə əlaqədar UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə UNİCEF arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayan F.Məmmədov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan demokratik islahatlar, uşaq hüquqlarının qorunması üzrə görülən işlər barədə məlumat vermişdir. Nazir, həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, penitensiar sistemin təkmilləşdirilməsinə, o cümlədən infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirlərə toxunaraq yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi və saxlanma şəraitinin yaxşılaşdırılması, onların islah olunmasını vurğulamışdır.

Ədliyyə naziri UNİCEF-in Bakı Ofisi ilə səmərəli qarşılıqlı əlaqələri qeyd edərək M.Herevarda gələcək fəaliyyətində uğurlar arzulamışdır.

UNİSEF-in ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən M.Herevard respublikamızda uğurla aparılan hərtərəfli islahatların, o cümlədən məhkəmə və yuvenal ədliyyə sahəsində müsbət irəliləyişlərin şahidi olduğunu vurğulamışdır. O, Azərbaycandakı fəaliyyətindən, o cümlədən Ədliyyə Nazirliyi ilə faydalı işgüzar münasibətlərin, xüsusilə birgə tədris tədbirlərinin həyata keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Qonaq UNİCEF-in Azərbaycan ilə əlaqələrinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirmiş, ölkəmizdən xoş təəssüratla ayrıldığını söyləmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

Azərbaycan.-2014.- 14 iyun.- S.3.