Milli tariximizin əbədiyaşar siması

 

Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq.

 

İlham ƏLİYEV

 

Heydər Əliyev milli dövlətçilik tariximizdə özünəməxsus müstəsna yeri olan dahi şəxsiyyətdir. O öz müdrik siyasəti, dönməz əqidəsi, azərbaycançılıq məfkurəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunu gerçəkliyə çevirməklə  müasir Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur. Məhz ulu öndərin titanik siyasi fəaliyyəti sayəsində bu gün Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayaraq, dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri kimi tanınır. Heç də təsadüfi deyil ki, bu tarixi düha özünün fitri idarəçilik qabiliyyəti, dövrünün ən aktual çağırışlarına cavab vermək bacarığı ilə milli dövlətçilik tariximizin əbədiyaşar simasına çevrilmişdir.

Heydər Əliyev hələ 1969-1982-ci illərdə, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi zaman görülən işlər, sözün əsl mənasında, milli özünüdərk duyğularını ideoloji sistemin buxovlarından xilas edərək xalqın tarixi yaddaşının özünə qaytarılmasını təmin etmiş, azərbaycanlıların siyasi şüurunda dərin kök salmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdır. Bu illər ərzində iqtisadi sahədə əldə edilmiş nailiyyətlər Azərbaycanı gələcəkdə siyasi müstəqilliyə aparan yolda mühüm rol oynamışdır. Prezident İlham Əliyev milli tariximizin bu dövrü barədə belə deyib: "1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. ...O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir".

Ulu öndər keçmiş Sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə də doğma Azərbaycanının tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi və milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək, sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik mövqeyi sərgiləmişdir.

1990-cı ilin Yanvar faciəsindən sonra bu təcrübəli dövlət xadiminin yenidən böyük siyasətə qayıdacağından qorxuya düşən Moskva ona qarşı təqib və təzyiqləri artırdı. Respublika rəhbərliyi də bu siyasətə dəstək verir, onun Azərbaycana dönmək istəyinə hər vəchlə mane olmağa çalışırdı. Tarixin bu məsuliyyətli və çətin dövründə xalqı ilə birlikdə olmağı, ona kömək etməyi öz vətəndaşlıq borcu hesab edən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin iqtidar onun Bakıda qalması ilə barışmaq istəmirdi və iyulun 22-də o, Naxçıvana getməli oldu.

Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər təkcə naxçıvanlıların deyil, bütün Azərbaycanın gələcək taleyində mühüm rol oynadı. Bu dövrdə Naxçıvan parlamenti xalqımızın istiqlal məfkurəsinin reallığa çevrilməsi üçün ulu öndərin birbaşa iştirakı və rəhbərliyi altında tarixi qərarlar qəbul etdi.

Ulu öndər Sovetlər birliyinin dağılacağını qabaqcadan görür, milli dövlətçilik ənənələrini bərpa etmək üçün məqsədyönlü addımlar atırdı. 1990-cı il noyabrın 17-də onun sədrliyi ilə keçən 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası bu istiqamətdə çox mühüm qərarlar qəbul etdi. Sessiyada Naxçıvan MSSR adından "Sovet Sosialist" sözləri çıxarıldı, Naxçıvan parlamentinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Beləliklə, müstəqilliyimizin ikinci dəfə əsası məhz Naxçıvanda qoyuldu. Bu hadisə Azərbaycanın öz istiqlalına doğru sürətlə irəliləməsinin parlaq nümunəsi, Azərbaycanın müstəqillik ulduzunun yenidən parlayacağına inamın ifadəsi idi. Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycan müstəqil olmayan dövrdə Naxçıvan Muxtar Respublikasının parlamenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı elan etmişdir. O vaxt Azərbaycan hələ müstəqil deyildi, Sovet İttifaqının tərkibində idi. Ancaq Naxçıvanda tarixi qərarın qəbul olunması bizim müstəqilliyimizi yaxınlaşdırırdı".

Naxçıvan MR Ali Məclisinin sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri də 20 Yanvar faciəsi ilə bağlı idi. 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi. Ulu öndər, əslində, bu kimi ardıcıl və xalqının mənafelərinə xidmət edən addımları ilə milli qurtuluş savaşının önünə keçdi.

O dövrdə Dağlıq Qarabağda və ətraf rayonlarda vəziyyət günbəgün gərginləşirdi. Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə sədr seçildi. Qurtuluşa gedən yol məhz bu gündən başladı.

Naxçıvanın müdafiəsini təmin etmək məqsədilə Heydər Əliyevin rəhbərliyi ilə Müdafiə Komitəsi yaradıldı və ermənilərin hücumlarına tutarlı cavablar verildi. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq muxtar respublikanın ərazisini tərk etdi. Tezliklə sərhəd məftillərinin söküldüyü gün - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Qonşu Türkiyə və İranla normal münasibətlər qurularaq əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. Naxçıvanda siyasi və iqtisadi sabitlik bərpa olundu, insanlarda gələcəyə böyük ümid yarandı.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə dalbadal hakimiyyət dəyişikliyi yaşayan Azərbaycanda vəziyyət heç də ürəkaçan deyildi. 1992-ci ilin mayında hakimiyyətə gəlmiş cəbhəçilər eyforiyaya qapılaraq tez bir zamanda Dağlıq Qarabağ məsələsini həll etməyə səy göstərdilər. Lakin tezliklə vahid komandanlığın olmaması, ölkə rəhbərliyindəki çaşqınlıq, daxili və xarici siyasətdə yol verilən ciddi nöqsanlar cəbhədəki hadisələrə də öz təsirini göstərməyə başladı.

Artıq zaman ölkəni düşdüyü bəlalardan xilas edərək xalqı öz ardınca aparmağa qadir bir siyasi qüvvənin yaranmasını tələb edirdi. Belə bir şəraitdə baş verən hadisələri və siyasi prosesləri diqqətlə izləyən, xalqın gələcək taleyinə biganə qala bilməyən insanların - 91-lərin müraciəti eşidildi. Onlar görkəmli dövlət xadimi Heydər Əliyevin başçılığı ilə yeni partiya yaratmaq niyyətlərini bəyan etdilər.

Bu hadisədən və ulu öndərin ölkədə günbəgün artan nüfuzundan qorxuya düşən cəbhəçilər 1992-ci il oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişi etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Onlar Daxili İşlər Nazirliyinin binasını, televiziyanı zəbt etsələr də, xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı.

Bütün təzyiqlərə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Ulu öndərin adı ilə bağlı olan bu partiya tezliklə təşkilatlanaraq respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli siyasi qüvvəyə çevrildi.

Həmin dövrdə iqtidardakıların cəbhəçilik psixologiyası demokratiya pərdəsi altında davranış normasına çevrildi. Kadr siyasətindəki, idarəçilikdəki ciddi qüsurlar xalqı, qabaqcıl ziyalıları iqtidardan daha da uzaqlaşdırırdı. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, 1992-1993-cü illər ölkəmizin müasir tarixinə "hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü" kimi daxil oldu. Taleyin xalqımıza bəxş etdiyi böyük bir tarixi şans cəbhəçilərin səbatsızlığı ucbatından milli arzuların puça çıxması təhlükəsi ilə üzləşdi. Hakimiyyətdəkilərin real etnik-siyasi vəziyyəti nəzərə almadan qəbul etdiyi qərarlar, əsassız bəyanatları ölkəni etnik qarşıdurma və xaricdən müdaxilə həddinə gətirib çıxardı. Ulu öndər o dövrü belə xarakterizə edirdi: "Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir "cümhuriyyət" yaratmağa çalışırdılar.

Şimalda yeni hərəkat başladı, separatçılıq meyilləri artıq özünü göstərdi. Bundan istifadə edərək, Ermənistan silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar".

Belə bir vəziyyətdə iqtidarın kobud səhvləri, naşılığı ucbatından 1993-cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşandı, qardaş qanı töküldü. Vəziyyət artıq radikal dəyişikliklər tələb edirdi. Vətəndaş müharibəsi təhlükəsi artıq çox real görünürdü.

Gəncədə baş verən hadisələrə ilk dəfə iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi münasibət bildirdi: "Belə bir ağır şəraitdə biz, Naxçıvan MR xalq deputatları seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı birliyə çağırırıq!"

Hakimiyyətin yuxarı dairələrində isə Gəncə əhalisinin köçürülməsi, şəhərin bombardman edilməsi kimi sərsəm fikirlər səslənirdi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Artıq cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, ölkəni düşdüyü bu fəlakətdən ancaq vətənin böyük oğlu Heydər Əliyev xilas edə bilər.

Odövrkü proseslərin məntiqi nəticəsi kimi 1993-cü il iyunun 15-də ulu öndər ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Azərbaycan xalqı hakimiyyətə Heydər Əliyevi çağırmaqla ümidlərini doğrulda biləcək və ölkəni xoşbəxt gələcəyə aparmağa qadir yeganə liderinə etimad və etibar etdiyini göstərdi. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu.

Hadisələrin sonrakı gedişi xalqın bu inamında yanılmadığını sübut etdi. Ulu öndər bu qayıdışı ilə bugünkü müstəqil Azərbaycanı Xalq Cümhuriyyətinin aqibətini yaşamaqdan xilas edərək, xalqımızın milli dövlətçilik düşüncəsini əzəmətli bir reallığa çevirdi!

Təsadüfi deyil ki, sonralar Milli Məclis ölkənin müxtəlif bölgələrindən edilən çoxsaylı müraciətləri nəzərə alaraq, 1997-ci il 27 iyun tarixli qərarı ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününü - 1993-cü il iyunun 15-ni Milli Qurtuluş Günü elan etdi. Bu hadisədən 10 gün qabaq, iyunun 17-də mən parlamentdə çıxış edərək belə bir qərarın qəbul olunmasını təklif etmişdim. Onda mənim deputat həmkarlarım bu təklifi müdafiə etmişdilər. Az sonra 1997-ci il iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında bu barədə tarixi qərar qəbul edildi və 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu.

Heydər Əliyevin heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan dövlətə çevrildi. Prezident İlham Əliyev ulu öndərin xalqı qarşısında göstərdiyi xidmətləri qeyd edərək deyib: "Bu illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. 1993-cü ildən başlanmış və bugünə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir".

Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra bu nadir şəxsiyyətin titanik fəaliyyəti sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik yaradıldı. Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ölkədə cinayətkarlığın qarşısı alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.

Tezliklə genişmiqyaslı hüquqi, iqtisadi, sosial islahatlara start verildi. İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün zəruri işlər görüldü. Azərbaycanda demokratik, azad, ədalətli və şəffaf seçki sistemi yaradıldı, yüksək səviyyədə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Çoxpartiyalı, plüralist parlament işə başladı. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin tam sərbəst şəraitdə fəaliyyəti üçün hər cür şərait yaradıldı.

Qısa bir müddətdə dövlət mülkiyyətinin genişmiqyaslı özəlləşdirilməsinə başlandı, torpaq islahatı həyata keçirildi, sərbəst bazar iqtisadiyyatı üçün lazımi hüquqi baza yaradıldı. "Əsrin müqaviləsi" adını almış, Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının işlənməsi haqqında saziş və başqa neft müqavilələri real bəhrəsini verməyə başladı. Müstəqil Azərbaycan Qədim İpək yolunun bərpası kimi qlobalmiqyaslı layihələrə öz möhürünü vurdu. Dövlətin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Ölkənin haqq səsi dünyanın mötəbər kürsülərindən eşidildi.

Heydər Əliyev həmişə xalqın ülvi məqsədlər uğrunda mübarizəsinin önündə dayanmışdır. Onun dövlətçilik konsepsiyası mahiyyət etibarilə tarixi ənənələri və ümumbəşəri dəyərləri özündə birləşdirən yeni inkişaf modeli kimi bugünkü Azərbaycan gerçəkliyində öz təsdiqini tapmışdır. Əslində, çağdaş dövlətçilik tariximiz onun siyasi fəaliyyətinin canlı salnaməsidir.

Ulu öndər zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Milli tariximizdə əbədiyaşarlıq haqqı qazanmış Heydər Əliyev ümummilli lider kimi özünün yeni demokratik, hüquqi dövlət quruculuğu və idarəetmə fəlsəfəsini formalaşdıraraq dövlətimizin hərtərəfli inkişaf istiqamətlərini müəyyən etmişdir. Onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək, qloballaşan dünyamızdakı mürəkkəb proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza kimi şərəfli bir missiyaya xidmət edir.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2014.- 15 iyun.- S.4.