Xaosdan sabitliyə, güclü dövlətə və tərəqqiyə

 

XX əsrdə Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirən və millətimizin tərcümeyi-halında daim yaşayacaq bir sıra tarixi günlər mövcud olub: 1918-ci il may ayının 28-i, 1990-cı il noyabrın 17-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli dövlət bayrağımızın rəsmi olaraq qəbul edilməsi, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpa edilməsi və 1993-cü ilin 15 iyunu...

1993-cü ilin 15 iyun tarixindən 21 il keçir. 1997-ci ilin iyun ayından milli qurtuluş bayramı elan edilən bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət almaq müstəqil dövlətimizin bugünü, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir. Bunun üçün ilk növbədə 15 iyunadək olan müstəqillik illərindəki ictimai-siyasi şəraitə və ondan sonrakı dövrə nəzər yetirmək zəruridir. Elə isə 15 iyunadək Azərbaycanda daxili ictimai-siyasi şərait və ölkənin xarici siyasəti necə idi?

 

15 iyunadək olan şəraitə baxış

 

1991-ci il oktyabtın 18-də dövlət müstəqilliyi bərpa edilən Azərbaycan Respublikasına qarşı bir tərəfdən Ermənistanın əsassız ərazi iddiaları ilə bir neçə il əvvəl başladığı hərbi təcavüz davam edir, bu respublikada tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilərimiz bir-birinin ardınca işğal edilir, tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkün edilir, digər tərəfdən isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi.

1992-ci ilin may ayında Azərbaycan Xalq Cəbhəsi silahlı yolla hakimiyyəti devirdi. Ölkədə AXC-Müsavat iqtidarı quruldu. Lakin yeni hakimiyyət Azərbaycanın problemlərini nəinki həll edə bilmədi, əksinə, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemləri yanlış qoyma və həllinə primitiv, məhdud yanaşma, idarəçilik bacarığının olmaması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma ölkəni böhrana gətirib çıxardı. Dövlət müstəqilliyinin bərpasında ötən müddət ərzində bir neçə dəfə hökumət dəyişmişdi. Yürütdüyü siyasətlə xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hakimiyyət mövcud problemləri həll etmək iqtidarında deyildi. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri Azərbaycanı didib-parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Tarixən tək millət olmuş Azərbaycan dağılırdı. Bu azmış kimi, 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. Hərbçilər Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin - qardaşın bir-birinin qanının tökülməsi, vətəndaş müharibəsi ərəfəsində idi. Bəlkə də Azərbaycan tarixində millət və cəmiyyət heç bir zaman bu qədər qütbləşməmişdi.

Hissiyyatlara əsaslanan xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.

Azərbaycan dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi! İnsanlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaq? Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakterli idi. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi.

Xalq nicat yolu arayırdı. Belə şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdular", bəziləri isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an olub, gələcəkdə xatırlanası və müraciət ediləsi deyil, utancverici bir tarix idi! Xalq bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Belə bir tarixi şəxsiyyət, lider varmı?

Çoxlu mürəkkəb suallar qarşısında qalan və xilaskar axtarışında olan Azərbaycan xalqının nəzərləri uzun illər boyu yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı Heydər Əliyevə yönəldi və ümidlə ona üz tutdu. Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, xalqı mənəvi-psoxoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Xalqın təkidli tələbləri qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Taleyin hökmü idi: əgər sovet sistemi mövcud olduğu bir şəraitdə ölkəmizin ərazisində ilk dəfə olaraq məhz Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində hələ bərpa edilməmiş müstəqil dövlətimizin atributları olan üçrəngli bayrağımız, gerbimiz və himnimiz rəsmi olaraq qəbul edilib Bakıya təklif edilmişdisə, bərpa edildikdən bir neçə il sonra Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi qarşısında qaldıqda onu xilas edən Naxçıvanda doğulan, Sovet Azərbaycanının və dünyanın görkəmli siyasi və dövlət xadimlərindən biri Heydər Əliyev oldu. Bu, taleyin verdiyi ağır, lakin əbədiyaşar və müqəddəs bir milli vəzifə idi.

 

Qurtuluş naminə dönüş

 

Bu zaman Bakıda hələ heç bir vəzifə tutmayan, millətin inam yeri olaraq milli liderlik missiyası daşıyan Heydər Əliyev təcili olaraq qiyamın baş verdiyi Gəncəyə getdi. Əhali ilə görüşərək şəraitlə yerində tanış oldu. Bakıya qayıtdı. Ağır bir şəraitdə iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.

Məlum olduğu kimi, tarix boyu bəzi dövlət adamları ikinci dəfə hakimiyyətə qayıtmışlar. Vaxtilə görkəmli siyasi və dövlət xadimləri olan Böyük Britaniyada Uinston Çörçill, Fransada Şarl de Qoll seçkilər yolu ilə ikinci dəfə hakimiyyət kreslosunda oturmuşlar. Lakin Heydər Əliyevin Bakıya gəlişi onlara qətiyyən bənzəmirdi. Bu qayıdış sadəcə parlament sədri vəzifəsini tutmaq demək deyildi. Bu, fərqli bir dönüş idi! Bu, Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləşdirmək üçün olan əzablarla dolu ağır bir dönüş idi!

Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli mürəkkəb və ağır vəzifələri həll etmək dururdu: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalqla hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə kriminogen şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji ruhunu yüksəldərək dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və s.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında duran əsas vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış biristiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi. Coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti təcrübəsi olan böyük dövlətlərin sınaq meydanına, "qurdlar süfrəsi"nə çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni bir dövr başladı. Bu, dövlətin və dövlətçiliyin xilası və möhkəm əsaslarda qurulması dövrü idi.

 

Dövlət və dövlətçilik xilas edilir

 

Hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətini dağılmaqdan, vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev indiki Azərbaycan dövlətinin qurucusu və memarı oldu. O, Azərbaycanın eksperimentlər ölkəsinə çevrilməsi praktikasına son qoydu. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Birdəfəlik dərk edildi ki, silah ayrı-ayrı qrupların və şəxslərin deyil, dövlətin əlində olmalıdır.

Müasir milli dövlət quruldu. Dövlətin və millətin inkişafı baxımından bir sıra tarixi əhəmiyyət daşıyan məsələlər həll edildi. Azərbaycan dövləti 1994-cü il may ayının əvvəlllərində NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi üçün yeni bir möhtəşəm addım atdı.

1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrini təmsil edən transmilli şirkətlərlə "Əsrin müqaviləsi" imzalandı. Yeni neft strategiyası işlənib hazırlandı və reallaşdırıldı. Heydər Əliyevin bilavasitə iradəsi nəticəsində "Əsrin müqaviləsi" imzalanaraq həyata keçirilməyə başladı. O, bir-biri ilə didişən ölkələri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi. Ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir araya gətirdi. Soruşulur: ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın cazibə mərkəzinə çevirən amillər hansılar idi? Heç şübhəsiz bu sualın konkret cavabı var: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti! Bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında nadir xidmətlərindən biri idi!

Heydər Əliyevin qətiyyəti özünü "Əsrin müqaviləsi" imzalandıqdan sonra baş verən dövlət çevirlişi cəhdlərinin qarşısının alınmasında aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdləri məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Bu çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz bir tərəfi oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, Azərbaycanda güclü dövlət vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyuldu.

Çevrilişlərin qarşısının alınması digər bir mühüm məsələnin həllinə kömək etdi. Məlum olduğu kimi, Azərbaycanda sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Azərbaycana investisiya axını başladı.

Yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək üçün açar oldu. "Əsrin müqaviləsi" Azərbaycanın bütün gələcək inkişafına ciddi təsir edən, ölkənin tərəqqisinin və müasirləşməsinin, vətəndaşın rifah halının yaxşılaşdırılmasına yönəlik siyasətin başlıca amillərindən biri oldu.

1995-ci il noyabrın 12-də ümumi seçkilər yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və müstəqil Azərbaycan Respublikası parlamentinə seçkilər keçirildi. Dünyanın ən demokratik konstitusiyalaırndan biri olan ana qanunumuzda insan hüquq və azadlıqları ilə bağlı müddəalarla yanaşı, Azərbaycan xalqı və dövlətinin gələcəyi ilə bağlı olan fundamental məsələlər təsbit edildi. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üstündə gedən mübahisələr dövründə ədalətə və artıq mövcud olan praktikaya dayanaraq Xəzərin Azərbaycan sektorunun ölkə ərazisi olmasının təsbit edilməsi və ölkə ərazisinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilməsinin mümkün olması Ermənistanın təcavüzünün davam etdiyi bir şəraitdə tarixi əhəmiyyət daşıyan bir addım idi. Bununla müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının memarı olan Heydər Əliyev müstəqil Azərbaycan Respublikası dövlətinin gələcəyini müəyyənləşdirən bir dövlət xadimi oldu.

İlk dəfə olaraq Milli Məclisə seçkilərin keçirilməsi ilə yaxın tarixi keçmişin acı təcrübəsi artıq tarixin arxivinə verildi. Parlament çevrilişlər və dövlət əleyhinə yönələn fəaliyyətləri müdafiə edən deyil, müstəqil dövlət quruculuğunda xüsusi yeri olan bir orqana çevrilmiş oldu.

Milli iqtisadiyyatın yenidən, azad bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması üçün addımlar atıldı. İqtisadiyatda liberallaşma genişləndi.İslahatlara başlanıldı. Özəlləşdirilmə həyata keçirildi. Azad bazar iqtisadiyyatına keçildi.

Sabitlik bərqərar edildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə keçid baş verdi. Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkədə ölüm hökmü ləğv edildi.

Azərbaycanın hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu.

Heydər Əliyev milli ideyaları milli ideologiya olaraq sistemləşdirdi və formalaşdırdı. O, bütün ölkə vətəndaşlarını birləşdirən azərbaycançılıq ideologiyasının əsaslarını işləyib hazırlayaraq həyata keçirdi, etnik millətçiliyə dayanan yanaşmadan imtina edərək, bütün vətəndaşların şəxsiyyət vərəqəsində "Azərbaycan Respublikasının vətəndaşı" yazmağın təşəbbüskarı və onu reallaşdıran dövlət xadimi olaraq, siyasi milliyyətçiliyə, dövlət-millət anlayışına keçidin banisi oldu. Bu, Azərbaycan tarixində görünməmiş bir fəaliyyət və bir ilk idi.

Heydər Əliyevin rəhbərliyi və yürütdüyü siyasət nəticəsində Azərbaycanın müstəqillik tarixində ilk dəfə sabitsizlikdən, anarxiyadan sabitliyə, qarışıqlıqdan demokratiyaya, ağır həyat şəratindən firavan bir yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha və özünə inamı artdı.

Azərbaycan mədəniyyətinin inkişafı üçün yeni imkanlar yaradıldı. Dünya ölkələri ilə mədəniyyət sahəsində əlaqələr genişləndi.

Azərbaycan Prezidenti tariximizdə ilk dəfə olaraq xaricdə yaşayan həmvətənlərlə işin qurulması və reallaşdırılması üçün dövlət komitəsi yaratdı. Xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişləndirildi. Azərbaycan Respublikası dövləti onların qürur mənbəyi oldu.

Dövlətin beynəlxalq əlaqələri və xarici siyasəti sahəsində mühüm addımlar atıldı. Xarici siyasət yenidən quruldu. Heydər Əliyev Azərbaycan Respublikası dövlətinin xarici siyasət strategiyasını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Azərbaycan dövləti tarazlaşdırılmış xarici siyasət xətti yürütməyə başladı. Azərbaycanın strateji müttəfiqləri, strateji tərəfdaşları, ortaqları, qonşuları dəqiqləşdirildi.

Müxtəlif neft boru kəmərləri işə salındı və ya təməli atıldı. Azərbaycanın xarici ölkələrdən enerji asılılığına son verildi. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin əsası qoyuldu. Bu boru kəmərləri layihələri təkcə iqtisadi deyil, eyni zamanda Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirən, müstəqilliyi gücləndirən, xalqın maddi rifah halının və mənəvi-psixoloji ruhunun yüksəlməsinə kömək edən layihələr oldu.

Heydər Əliyevin səyləri ilə Böyük İpək yolunun bərpası həyata keçirildi. Şərqlə Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni zamanda böyük siyasi və strateji əhəmiyyət daşıyan TRASEKA proqramı reallaşdırıldı. Azərbaycan dünya ölkələrinin ticarətini əlaqələndirən qovşaq bir ölkə oldu. Azərbaycanı dünyanın mərkəzlərindən birinə çevirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi ideyası və onun həyata keçirilməsi üçün hazırlıqlara başlanılması da müstəsna tarixi əhəmiyyət daşıyan hadisə idi.

Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın əhəmiyyəti artdı, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı.

 

Problemlər necə həll edildi

 

Azərbaycan dövlətinin dağılmasının və ölkənin məhv olmasının qarşısını Heydər Əliyev topsuz-tüfəngsiz, qan tökmədən, böyük uzaqgörənliklə, müdrikcəsinə, xalqa arxalanaraq həll etdi. Xalq isə ona etibar etdi və inandı. Problemlərin həllində Heydər Əliyev şəxsiyyəti və liderlik keyfiyyəti müstəsna rol oynadı.

Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda dövlət möhkəmləndirildi, ölkə müasirləşmə üçün hazırlandı. Yaxın illərin təcrübəsi sübut edir ki, yeni yaranan müstəqil dövlətlərdə hələ dərin ənənələr formalaşmadığından mürəkkəb məqamlarda problemlər yaranır. Ona görə də həmin ölkələrdə dövlət rəhbərinin şəxsiyyəti və bacarığı müstəsna aparıcı amillərdən biridir. Bu baxımdan görkəmli dövlət və siyasət adamı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlətin və xalqının şansı oldu. Nə üçün?

 

Ənənə davam edir: Azərbaycan xalqı və dövlətinin şansı

 

Seçicilərin böyük əksəriyyətinin səsi nəticəsində İlham Əliyevin Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyi və xalqının tarixində yeni bir keyfiyyət mərhələsi başladı. 2003-2013-cü illərdə o zamanadək olan tariximizdə görünməmiş bir sıra ilklərə imza atıldı. Ölkədə iqtisadi yüksəliş baş verdi. Azərbaycan rəqabətədavamlı bir ölkə oldu. Yeni iş yerləri açıldı. Xalqın həyat şəraiti yaxşılaşdı. Azərbaycanın müasirləşməsinə və onun tərkib hissəsi kimi modernləşməsinə başlandı. Ölkədə yeni texnologiyalar tətbiq edildi. Hərbi-sənaye kompleksi yaradıldı. Azərbaycan beynəlxalq silah satış sərgi-yarmarkalarının iştirakçısı oldu. Xalqın özünəinamı artdı və milli ruhu yüksəldi. Etnik və dini tolerantlığın hakim olduğu Azərbaycan model bir ölkə halına gəldi. Azərbaycan dövləti ərazisində hərbi baza və obyekt saxlamayan bir ölkə oldu. Azərbaycan Prezidentinin planetar təfəkkürü və yürütdüyü dəqiq siyasət sayəsində ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə tariximizdə qürurverici bir ilk yaşandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi, dünya problemlərini gündəliyə gətirərək mümkün həlli yollarını göstərməsi milli tariximizin, diplomatiyamızın ən parlaq səhifələrindən biri idi. Azərbaycan enerji, nəqliyyat və informasiya təhlükəsizliyini təmin etdi. Kosmos klubunun üzvü olmaqla tariximizə yeni bir ilk yazıldı.

 

İbrət dərsləri

 

15 iyunadək və ondan sonrakı tarixdən ibrət alınası bir çox şeylər vardır. Hər şeydən əvvəl, xalq öz taleyini və onu idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən şəxslərə etibar etməməlidir. Sabitlik güclü dövlətin, tərəqqinin, rifahın və demokratiyanın təməllərindən biridir. Xalq əgər bunları istəyirsə,  - heç şübhəsiz istəyir, - onda heç bir zaman anarxiyaya yol verməməlidir. Demokratiyanı bərqərar etmək üçün ilk növbədə dövlət olmalıdır. Zəif dövlət olan yerdə demokratik cəmiyyət qurmaq olmaz. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir. Hakimiyyətlə xalq arasında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qorunmalıdır. Fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olduğundan onlar qarşıdurmalara, toqquşmalara gətirməməli, ideyaların hansının daha çox fayda verməsi əsas götürülərək həll edilməsi ölkəni irəli aparar.

 

Bundan sonra yüzillər keçəcək, Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövlətimizi güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik və siyasi milliyyətçilik irsinə müraciət edəcəklər. Beləliklə, Azərbaycan xalqı və dövləti durduqca Heydər Əliyev də yaşayacaq, milli dövlətçilik haqqında nəzəri irsi və praktik təcrübəsi daim canlı olacaq.

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

Azərbaycan.-2014.- 18 iyun.- S.8.