Azərbaycanda insan hüquq və azadlıqlarının

 təmini sahəsində mühüm nəticələr əldə edilib

 

Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən, Avropa məkanına inteqrasiya kursunu inamla həyata keçirən Azərbaycanda Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan, insan, dövlət və cəmiyyət münasibətlərinin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Azərbaycan Konstitusiyası nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən əsas qanun olmaqla insan və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, xalqın özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası qismində çıxış edir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Bu Əsas Qanunun maddələrinin təxminən üçdən biri məhz əsas insan hüquq və azadlıqlarının qorunmasına aiddir.

Azərbaycan son 10 ildə də insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm nəticələr əldə edib. Ölkə rəhbərliyi onun da fərqindədir ki, demokratiya təkcə institusional kateqoriya olmayıb, ilk növbədə, həyat və düşüncə tərzidir. ABŞ və Avropa da müxtəlif problemləri dəf edə-edə indiki səviyyəyə gəlib çıxmışlar. Bu mənada son illərdə Azərbaycanda iqtisadi, siyasihüquqi sahələrdə əldə olunan nailiyyətlərlə yanaşı, həyata keçirilməsi zəruri olan işlər də var. Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir.

İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Ölkəmizdə bununla bağlı həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu, Seçki Məcəlləsi, "Sərbəst toplaşmaq azadlığı haqqında", "Siyasi partiyalar haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında", "Məlumat azadlığı haqqında", "Gender bərabərliyinin təminatları haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və digər qanunlar qəbul edilmişdir. Onların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə  Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Qeyd etmək yerinə düşər ki, göstərilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır.

Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimi "İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında" Avropa Konvensiyasından və "Mülkisiyasi hüquqlar haqqında" Beynəlxalq Paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir.

BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixdə qəbul etdiyi "Ümumdünya insan hüquqları" Bəyannaməsində qeyd olunur ki, "Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq subyekti hesab olunurbütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar".

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi hələ də icra edilməyib. Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altında saxlanılmasının davam etdirilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi bütün beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir.

Soyqırımı cinayətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan isə üzvü olduğu BMT-nin və digər dövlətlərin nizamnamələrini, müvafiq konvensiya və sazişlərini kobud surətdə pozur. Təşkilatın digər üzvü olan Azərbaycana qarşı soyqırımı, terror və işğalçılıq siyasəti yeritməklə beynəlxalq ictimaiyyətə meydan oxuyur. Ermənistan yeganə dövlətdir ki, öz Konstitusiyasında yaxın qonşu dövlətə - Türkiyəyə qarşı əsassız ərazi iddiasını ortaya qoymuşdur. Ermənistan nəinki Azərbaycana və Türkiyəyə, eyni zamanda, Gürcüstana qarşı da ərazi iddialarını gizlətmir. Bu gün ASALA, "Daşnaksütyun" və digər terrorçu təşkilatların Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlı çoxsaylı təkzibedilməz faktların mövcudluğu ermənilərin bütövlükdə bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu göstərir.  

Ermənistan müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarını da kobud şəkildə pozmuşdur. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün  ən qəddar üsullara əl atmışlar.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  son 10 ildə inamla davam etdirilən hüquq islahatları nəticəsində respublika insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar isə ötən müddətdə respublikada hüquqi, demokratik dövlət ideyasının reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşdığını söyləməyə ciddi əsaslar verir.  Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyir, insan hüquq və azadlıqlarının təminatı və demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 18 iyun.- S.12.