Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır

 

İyunun 18-də “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, 18 İyun - İnsan Hüquqları Gününə həsr olunmuş, UNESCO-nun dəstəyi ilə keçirilən tədbirdə Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan artıq ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.

Konfransı açan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirmişdir ki, artıq ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi insan hüquqlarının qorunması sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.

E.Süleymanova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan islahatlar və əldə edilmiş nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, yeni icra mexanizmlərinin yaradılması üzrə də işlər görülmüşdür. O, həmçinin dünyada insan hüquqları ilə bağlı beynəlxalq sənədlərin qəbul edilməsinə baxmayaraq, bu sahədə hələ də müəyyən problemlərin mövcud olduğunu söyləmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə qadın hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə danışmışdır. Əli Həsənov demişdir ki, bugünkü cəmiyyətlərdə qadın hüquqlarının qorunması diqqət mərkəzindədir. Lakin Azərbaycanda bu məsələ ilə məşğul olmaq son 100 ilə təsadüf edir. Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda qurulmuşdur və hələ o vaxt Azərbaycan qadınları seçib-seçilmək hüququ əldə etmişlər. Ancaq bu gün qadın hüquqlarından danışan bir sıra Avropa ölkələrində qadınlar bu hüququ 50-60 il əvvəl qazanmışlar. Bu gün Azərbaycan tarixinə nəzər yetirən hər bir şəxs Azərbaycan qadınının son 200 ildə keçdiyi inkişaf yolunu görə bilər. Bu inkişaf bu gündavam etməkdədir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində gördüyü işlərdən danışan Baş nazirin müavini qeyd etmişdir ki, hələ ötən əsrin 70-ci illərindən Azərbaycan qadınlarının dövlət strukturlarında təmsil olunmaları üçün tədbirlər görülmüşdür. Qadınların hüquqlarının qorunması üçün kifayət qədər qanunlar qəbul olunmuş, sərəncamlar, fərmanlar imzalanmışdır. 1990-cı illərdə Ulu Öndərin səyi nəticəsində qadınlarımız artıq beynəlxalq səviyyədə təmsil olunmağa başlamışlar.

Əli Həsənov vurğulamışdır ki, bu gün nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan xanımlarını dünyada ləyaqətlə təmsil edir.

Baş nazirin müavini son 10 ildə Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində kifayət qədər milli qanunvericilik aktlarının qəbul edildiyini, sərəncam və fərmanların imzalandığını söyləmişdir.

Əli Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması faktından da bəhs etmiş, onların 53 faizinin qadın olduğunu diqqətə çatdırmışdır. Komitə sədri son 20 ildə Azərbaycanda 150 min qız uşağının məcburi köçkün kimi dünyaya göz açdığını söyləmişdir. Əli Həsənov demişdir: Bu gün dünyada qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınlar insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsələr də, təəssüf ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamələrin, bəyannamələrin, konvensiyaların, qaydaların icrası çox zəifdir. Əgər beynəlxalq aləmdə bu konvensiyalar, qanunlar qadınların hüquqlarının qorunması ilə bağlı qəbul edilirsə, nə üçün onlar icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadın hüquqlarının qorunmasının beynəlxalq səviyyədə təmin olunmasına mane olanlara qarşı niyə tədbir görülmür?”

Baş nazirin müavini vurğulamışdır ki, əgər hər bir beynəlxalq qurum, ölkə özü qəbul etdiyi sənədlərin icrasını təmin etsə bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxış edərək konfransın qadın hüquqlarının qorunması ilə bağlı yeni mexanizmlərin yaradılması baxımından əhəmiyyətini vurğulamışdır. Günay Əfəndiyeva, həmçinin Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlıq haqqında danışmış, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını söyləmişdir.

Birinci katib konfransda “Azərbaycan-UNESCO: İnsan hüquqlarına əsaslanan tərəfdaşlıq” adlı kitabı təqdim edərək bildirmişdir ki, bu nəşrdə qurumun fəaliyyəti və prioritet istiqamətləri, Ombudsman ilə əməkdaşlığa dair mövzular yer almışdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmini istiqamətində görülən mühüm işlərdən danışmışdır. Bildirmişdir ki, sülhün, təhlükəsizliyin təmini üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması vacibdir. Bahar Muradova qadınların ictimai-siyasi həyatın fəal üzvləri kimi rollarının artırılması istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulamışdır.

Milli Məclisin öz fəaliyyətində həmişə insan hüquqlarının, xüsusilə də qadın hüquqlarının qorunması məsələsinə xüsusi önəm verdiyini deyən Bahar Muradova parlamentin qəbul etdiyi “Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanunun əhəmiyyətini vurğulamışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi baza mövcuddur. Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti hazırda uğurla davam etdirilir. Qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar.

Hicran Hüseynova qeyd etmişdir ki, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz fəal rolları ilə seçilmişlər. Ölkəmizin bu sahədə təcrübəsi artıq kifayət qədərdir. Azərbaycan müasir tolerant və qadın hüquqlarının qorunması sahəsində təcrübəli bir ölkəyə çevrilmişdir. Artıq ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə insan hüquqları sahəsində görülən işləri yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, qadınlar dünya əhalisinin 50 faizindən çoxunu təşkil edir. Təəssüf ki, qadınlar siyasi forumlarda kifayət qədər təmsil olunmurlar və ayrı-seçkiliklə üzləşirlər. Eyni zamanda, qadınların cəmiyyətdə fəaliyyətinin məhdudlaşdırılması onları iqtisadi baxımından asılı vəziyyətə salır, ayrı-seçkilik, yoxsulluq və zorakılıqla üz-üzə qoyur. Buna görə də qadınların hüquqlarının təmin olunması vacibdirbu, birgə fəal tələb edir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin Milli İnsan Hüquqları İnstitutları və Regional Mexanizmlər bölməsi rəhbərinin müavini xanım Afərin Şahidzadə təəssüflə demişdir ki, müasir dövrdə dünyada hələ də qadınlara qarşı zorakılıq və ayrı-seçkilik halları müşahidə olunmaqdadır. O, dünyada münaqişələrin həlli, sülhün əldə olunması prosesində qadınların rolunun artırılmasının vacibliyini qeyd etmişdir. A.Şahidzadə qadınların cinsi zorakılığa məruz qalmasının dünyanın müxtəlif yerlərində hələ də aktual olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, qadınlara qarşı zorakılıqla mübarizə kampaniyası daha da artırılmalıdır və bu işdə medianın də üzərinə mühüm vəzifələr düşür. Eyni zamanda, ayrı-ayrı ölkələr bu istiqamətdə qanunvericilik bazasını gücləndirməli, hüquq mühafizə orqanlarına məişət zorakılığı ilə mübarizə sahəsində xüsusi təlimlər keçirilməlidir.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard qurumun Ombudsman Aparatı ilə sıx əməkdaşlıq etdiyini söyləmişdir. O, Azərbaycan ombudsmanının qadınların, uşaqların müdafiəsində böyük rol oynadığını bildirmişdir.

Tədbirdə Mark Hervarda Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsindəki xidmətinə görə sertifikat təqdim edilmişdir.

Konfrans işini plenar iclaslarla davam etdirmişdir.

İyunun 20-dək davam edəcək tədbirin yekununda Bakı Bəyannaməsi qəbul ediləcəkdir.

 

Azərbaycan.-2014.- 19 iyun.- S.2.