Müasirləşən sağlamlıq ocaqları

 

Kurort-sanatoriya şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bütün zəruri tədbirlər görülür, mədəni istirahət üçün hərtərəfli şərait yaradılır

 

Sağlam bədəndə sağlam da ruh olar, deyiblər. Bu, birmənalı şəkildə belədir. Hər hansı ailənin, cəmiyyətin, ardınca isə bütün varlığımızla bağlandığımız dövlətimizin layiqli vətəndaşı olmaq üçün mühüm amillərdən biri də sağlamlıqdır. Bu baxımdan Azərbaycan dövləti hər zaman vətəndaşının sağlamlığının qeydinə qalmaqla, insan potensialını əsas prioritetlərdən biri kimi seçib. Beləliklə də, ölkə əhalisinin sağlamlığının qorunması, vətəndaşların istirahətinin səmərəli təşkili, sosial-məişət problemlərinin yüksək səviyyədə həlli dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirilən uğurlu islahatlar sırasında xalqın sosial problemlərinin tezliklə yoluna qoyulmasını daim önə çəkirdi. Əhalinin güzəranının yaxşılaşdırılması, sağlam həyat tərzi ulu öndərin sosialyönümlü siyasətinin mühüm tərkib hissəsi idi.

Danılmaz həqiqətdir ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1970-1980-ci illərdə kurort sisteminə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sistem görünməmiş bir sürətlə ən yüksək inkişaf mərhələsinə çatmaqla, o dövrdə Sovetlər İttifaqının aparıcı sanatoriya-kurort sistemlərindən birinə çevrilmişdi.

Belə ki, respublika sanatoriyalarının 1930-1969-cu illərdə təxminən 40 il ərzində 8 sanatoriya və 8 pansionatı əhatə etməklə 4592 çarpayı fondu var idisə, 1970-1980-ci illərdəki inkişafın nəticəsində artıq 17 sanatoriya və 3 istirahət evi və pansionat, 11239 çarpayı fonduna malik idi. O dövrdə sağlamlıq ocaqlarında 324 həkim və 630 orta tibb işçisi çalışırdı. Rəqəmlərin analizi göstərir ki, həmin illərdə ölkəmizin sanatoriya-kurort sistemi sıçrayışla inkişaf etməklə güclü maddi-texniki baza formalaşmışdı.  

 

Kurort-sağlamlıq ocaqları şəbəkəsi genişləndirilir

 

Ölkəmizin sanatoriya-kurort şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən səmərəli tədbirlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycan kurortları Dövlət Proqramı haqqında" 2007-ci il 27 fevral tarixli sərəncamı həmkarlar ittifaqları sistemində kurort-sağlamlıq ocaqları şəbəkəsinin genişləndirilməsində mühüm stimul olmuşdu. Bu proqram layihəsinin hazırlanmasında AHİK-nın təklifləri nəzərə alınmışdı.

Respublikamızın regionlarında təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlıq ocaqlarının və kurortlarının imkanlarının öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun təsdiqi və qanunun tətbiqi ilə bağlı Prezident İlham Əliyevin 2008-ci il mayın 7-də imzaladığı fərman təbii ehtiyatlardan istifadə əsasında xəstələrin müalicəsi, profilaktikası və istirahətinin təşkili sahəsində həyata keçirilən elmi-praktik fəaliyyətin istiqamətlərinin müəyyənləşməsində müstəsna rol oynayır.

 

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan dövlət proqramı

 

Aparılan tədbirlərin məntiqi davamı olaraq "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısı İlham Əliyevin 6 fevral 2009-cu ildə imzaladığı sərəncam da xüsusi əhəmiyyətə malikdir.

Sərəncamda qeyd olunur ki, kurort işi Azərbaycan Respublikasında ənənəvi olaraq dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu sahədə aparılan dövlət siyasəti nəticəsində kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb. Kurort işinin təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq ölkənin bir çox regionlarının inkişafını, infrastrukturunun yaradılmasını, əhalinin məşğulluğunu, xidmət sahələrinin inkişafını təmin edib. Ölkədə yaradılmış sanatoriya-kurort sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından olduqca vacib ümummilli sosial-iqtisadi funksiyaları da yerinə yetirib.

Dövlət proqramında vurğulandığı kimi, keçən əsrin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların müalicəsinin, istirahətinin təşkilinə də təsirsiz ötüşməmişdi. Nəticədə, bu sahədə normal fəaliyyət göstərmək mümkün olmadığından ahəngdarlıq pozulmuşdu. Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuş böyük ziyanı da unutmaq olmaz. Ölkəmizin işğal olunmuş ərazilərində unikal təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılıb. Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız hələ sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində məskunlaşıb. Ümid olunur ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi ilə bağlı dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yaxın vaxtlarda sanatoriya-kurort şəbəkəsinə məxsus tikililərdə müvəqqəti yaşayan soydaşlarımızın hamısı yeni mənzillərlə təmin ediləcəklər. Bu da öz növbəsində sağlamlıq ocaqlarının fəaliyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərəcək.

 

Uşaq sanatoriyaları və istirahət düşərgələrinə diqqət artırılmalıdır

 

Təcrübə göstərir ki, sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm yer tutur. Bu sağlamlıq ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsi prosesinin qarşısı alınır və xəstələr normal həyata qayıtmaq imkanı əldə edirlər. Səmərəli sanatoriya-kurort müalicəsi böyüklərdə və uşaqlarda xəstəliklərin kəskinləşməsi hallarını, habelə sanatoriyalarda reabilitasiya keçmiş xəstələrdə əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi hallarının sayını dəfələrlə azaldır.

Sanatoriya-kurort müalicəsinə əlillərin, xəstələrin, ekoloji cəhətdən çirkli zonalarda yaşayanların, uşaqların xüsusilə böyük ehtiyacı var. Bu kimi amillər əsas götürülməklə əhalinin bu kateqoriyalarının sanatoriya-kurort müalicəsinə tələbatı sanatoriya-kurort şəbəkəsinin inkişafında nəzərə alınmalı, uşaq sanatoriyaları və istirahət düşərgələri şəbəkəsi genişləndirilməli, mövcud uşaq sanatoriyaları müasir avadanlıqlarla təmin olunmalı, onların maddi-texniki bazası sanitar norma və qaydalara uyğunlaşdırılmalı, xəstə və sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji və sosial reabilitasiyası üçün optimal şərait yaradılmalıdır.

Ölkəmizdə mövcud sanatoriya-kurort şəbəkəsinin yenidən təşkili və yaradılacaq müəssisələrin fəaliyyətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması mühüm vəzifələrdəndir. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı kompleks tədbirlər nəzərdə tutulub.

 

Keyfiyyətin artması sanatoriya və istirahət evlərinə axına müsbət təsir göstərir

 

Dövlət proqramının əsas məqsədi respublikamızda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

Sual olunur: ümumiyyətlə, kurort nədir və onun cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir? Kurort təbii müalicə ehtiyatlarına malik olan və həmin ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi ilə istifadə etmək üçün zəruri şəraiti olan ərazi hesab olunur. Ölkəmizin ərazisi kurortlarla zəngindir.

Təbii müalicə ehtiyatlarına görə Azərbaycanda kurortların balneoloji, iqlim, müalicəvi palçıq kurortları və Naftalan nefti kurortu kimi növləri mövcuddur.

Balneoloji kurortlara əsasən təbii mineral sulardan istifadə olunan kurortlar aiddir. Ölkəmizdə müalicəvi xüsusiyyətlərinə görə dünyada qəbul olunan səkkiz qrup mineral suyun hər biri mövcuddur.

İqlim kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları üçün səciyyəvi olan müalicəvi amillər (dəniz suyu, günəş vannaları, isti qum vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin profilaktikası və müalicəsi baxımından əhəmiyyətli hesab olunur.

Müasirləşən sanatoriyalarımızda istifadə olunan müalicə üsulları ilə yanaşı, respublikada mövcud olan müalicəvi Masazır və Zığ gölünün və vulkan palçıqlarından bir çox xəstəliklərin müalicəsində (hərəkət orqanlarının, oynaq xəstəliklərinin və c.) geniş istifadə olunur.

Respublikamızda kurort sistemi üzrə fəaliyyət Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində olan "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən reallaşdırılır. Səhmdar cəmiyyətinin tərkibinə 2 kurort birliyi, 7 sanatoriya və 2 istirahət evi daxildir.

Qeyd edək ki, hazırda həmkarlar ittifaqlarının bütün müalicə ocaqlarına tələbat böyükdür. İldən-ilə sanatoriya və istirahət ocaqlarında müalicənin və asudə vaxtın təşkilinin keyfiyyətinin artması sanatoriya və istirahət evlərinə axına da müsbət təsir göstərib. Lakin hazırda "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin sağlamlıq ocaqlarında 7346 çarpayı var ki, bunlardan da 2890 çarpayı qaçqın və məcburi köçkünlərin istifadəsindədir. 1881 çarpayı isə işğal zonasında qalıb. 1261 çarpayı sanator-kurort müalicəsi üçün istifadə edilir. 1334 çarpayı isə təmirə dayandırılıb və konservasiya olunub.

Belə ki, 1992-ci ildən başlayaraq SC-nin tabeliyindəki "Abşeron", "Günəşli", "Qaranquş", "Xəzər", "Şıx" sanatoriyalarında, Hacıkənd istirahət evində, Naftalan və Pirşağı sanatoriya-kurort birliklərində qaçqın və məcburi köçkünlər məskunlaşıblar.

 

Kurort kompleksi kütləvi tələbatı ödəyir

 

Son illər respublikamızın sosial-iqtisadi həyatını əhatə edən, bütün sahələrdə müşahidə olunan yeniliklər sanatoriya-kurort sistemində də nəzərəçarpacaq dərəcədə hiss olunub. Dövlət başçısının Azərbaycan kurortlarının inkişafı ilə bağlı imzaladığı dövlət proqramına və bununla əlaqədar verilmiş qanuna uyğun olaraq sağlamlıq ocaqlarında köklü surətdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Görülən işlər haqqında ətraflı məlumat verən SC-nin prezidenti Əbil Ağasıyev dedi:

-  "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" dövlətin kurort işi ilə bağlı ənənəvi siyasətinin davamlı olmasından xəbər verir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu sahədə aparılan uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə kütləvi tələbatı qədərincə ödəyən kurort kompleksinin yaradıldığı barədə bu gün qürur hissi ilə danışmaq olar. Kurort işinin yüksək səviyyədə təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq regionların inkişafına, infrastrukturun yaradılmasına, əhalinin məşğulluğuna, xidmət sahəsinin genişləndirilməsinə təminatlar yaradıb. Ölkəmizdə mövcud olan kurort-sanatoriya sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından son dərəcə zəruri ümummilli sosial-iqtisadi funksiyaları yerinə yetirməkdədir.

Ə.Ağasıyev bildirdi ki, dövlət proqramından irəli gələn vəzifələrin lazımi səviyyədə, müasir tələblərə uyğun şəkildə icra olunması istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirilməkdədir. Konkret olaraq "Bilgəh" kardioloji sanatoriyasının ərazisində yerləşən 4 mərtəbəli əsas yataq korpusunda, 2 mərtəbəli, hər biri 48 çarpayıdan ibarət yataq korpuslarında, 1 mərtəbəli yay kotteclərində, müalicə korpuslarında, sanatoriyanın yeməkxanasında və mətbəxində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qazanxana təsərrüfatı yeniləşdirilib, fasiləsiz su təchizatının təmin edilməsi məqsədilə əlavə su quyuları qazılıb, qazanxana təsərrüfatında əlavə olaraq müasir tələblərə cavab verən qazan və ehtiyat su boylerləri quraşdırılıb.

Qeyd olunanlarla yanaşı, sanatoriyaya məxsus ərazidə abadlıq və yenidənqurma işləri aparılıb. Bunlara nümunə olaraq əraziyə yeni asfalt örtüyünün çəkilməsi, böyük bir sahənin üzlük daşı ilə üzlənməsini, yeni hovuz və fəvvarələrin tikilməsini göstərmək olar. Eyni zamanda, xəstələrin rahatlığını təmin etmək məqsədilə əsas korpusda yeni sərnişin lifti quraşdırılıb. Burada istirahət edənlərin vaxtının səmərəli keçməsi də diqqətdə saxlanılıb. Bu məqsədlə açıq havada idman meydançası tikilib və burada müasir idman qurğuları, müxtəlif növ trenajorlar quraşdırılıb.

 

Yeni müalicəvi vanna

 

SC-nin prezidenti "Abşeron" sanatoriyasının ərazisində də abadlıq və yenidənqurma işlərinin aparıldığını, ərazidəki 1 və 4 saylı yataq korpuslarında, müalicə korpusunda, yeməkxana və mətbəxdə nəzərəçarpacaq dəyişikliklər edildiyini nəzərə çatdırdı. Xüsusi olaraq qeyd etdi ki, son illər Abşeron" sanatoriyası ilə yanaşı, "Bilgəh", "Günəşli" və "Qaranquş" sanatoriyalarında da mətbəxlərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə əsaslı təmir və yenidənqurma işləri görülüb. Eyni zamanda, həmin sanatoriyalarda bütün mətbəxlər müasir avadanlıqlarla təmin olunub. Bu da öz növbəsində mətbəxlərdə əl əməyinin yüngülləşməsinə, yeməklərin vaxtında və daha keyfiyyətli şəkildə çatdırılmasına şərait yaradıb.

Ə.Ağasıyev həmçinin qeyd etdi ki, müalicə korpusunda aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra korpusda yeni müalicəvi vanna şöbəsi yaradılıb.

 

Sualtı dartma hovuzu

 

2013-2014-cü illərdə "Günəşli" sanatoriyasının ərazisində olan 1 saylı yataq korpusunda tikintisi yarımçıq qalmış yataq otaqları yenidən əsaslı təmir olunub ki, bu da sanatoriyada mövcud çarpayı fondunun sayının artmasına şərait yaradıb. Ərazidə quraşdırılmış yeni trenajor meydançası müasir tələblərə cavab verən idman qurğuları ilə təmin olunub. Bununla yanaşı, müalicə korpusunda aparılmış əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb, yeni sualtı dartma hovuzu müalicəvi kabineti istifadəyə verilib.

 

Təbii amillər... fizioterapevtik, massaj, bədən tərbiyəsi müalicəsi

 

"Qaranquş" sanatoriyasının ərazisində uzun illər istifadəsiz qalan 3 saylı yataq korpusunda aparılan yenidənqurma işlərinin nəticəsində müasir tələblərə cavab verən 36 çarpayıdan ibarət yataq korpusu istifadəyə verilib. Digər sanatoriyalarda aparılan analoji tədbirlərlə yanaşı, buradakı 4 və 5 saylı yataq korpusları da əsaslı təmir olunub.

Qeyd olunan sağlamlıq ocaqlarının yataq korpuslarında aparılan yenidənqurma tədbirlərinin davamı olaraq yataq otaqları müasir tələblərə cavab verən məişət və texnoloji avadanlıqlarla, o cümlədən soyuducu, kondisioner, televizor, yeni mebel dəstləri, yataq və digər yumşaq inventarlarla təmin olunub. Oxşar tədbirlər təyinatı üzrə yeməkxana və mətbəxlərdə də reallaşdırılıb.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, sağlamlıq ocaqlarında xəstələrə təbii amillərlə (naftalan nefti, hidrogen kükürdü və yod-brom mineral suları. palçıq) yanaşı fizioterapevtik, massaj, bədən tərbiyəsi müalicəsi aparılır. Xəstələrin diaqnozlarını dəqiqləşdirmək və müalicəsini daha düzgün aparmaq məqsədilə sağlamlıq ocaqlarında elektrokardioqrafiya, ultrasəslə müayinə, qastroskopiya, kliniki və biokimyəvi laborator müayinələrdən və digər müayinə üsullarından geniş istifadə olunur. Xəstələrin müalicəsi ilə yanaşı istirahətlərinin təşkilinə də həmişə xüsusi diqqət yetirilir. Bu məqsədlə mədəniyyət evlərinin, ayrı-ayrı musiqi və teatr kollektivlərinin imkanlarından istifadə edərək maraqlı rəqs və musiqi axşamları, tamaşalar, diskotekalar təşkil edilir. Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar da mədəni istirahətin tərkib hissəsidir.

Qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan dövləti, o cümlədən də aidiyyəti icra strukturları bütün sahələrdə olduğu kimi, vətəndaşların sağlamlıqlarının mühafizəsi üçün də lazımi tədbirləri yüksək səviyyədə yerinə yetirirlər. Bir qalır, görülən işlərin əyani şahidi olmaq üçün həmin şəfa ocaqlarına gəlmək. Bunun üçün münbit şərait də var, üzv olduğunuz həmkarlar ittifaqı komitəsində ehtiyacınız olan şəfa ocağına getmək üçün güzəştli yollayışlar da...

 

Əli SƏLİMOV,

Azərbaycan.-2014.- 20 iyun.- S.10.