Milli Məclisin növbədənkənar sessiysı öz işinə başladı

 

İyunun 20-də Milli Məclisin yaz sessiyasının növbədənkənar plenar iclası keçirilmişdir. İclasın gündəliyinə 31 məsələ daxil edilmişdi. Gündəliyə münasibət bildirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün vaxt ayrıdı.

 

Azərbaycan artıq dünyanın siyasi mərkəzlərindən birinə çevrilib

Müzakirələrdə çıxış edən deputat Fəzail Ağamalı bildirdi ki, NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlarmövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi ölkəmizin dünyanın siyasi mərkəzlərindən birinə çevrildiyini sübut edir. Deputat Fazil Mustafa isə dedi ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Ona görə də “Bələdiyyələrin statusu haqqında” qanuna lazımi dəyişikliklər edilməlidir. Deputat İqbal Ağazadə 20 iyun- Beynəlxalq Qaçqınlar Günü ilə bağlı təklif səsləndirdi. Qeyd etdi ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Həmin insanların öz dədə-baba yurdlarına qayıtması ilə bağlı BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarları olsa da, bugünə qədər kağız üzərində qalıb. Təklif edirəm ki, Milli Məclis bütün beynəlxalq qurumlara bununla bağlı yenidən müraciət göndərsin.

YAP-ın içraçı katibinin müavini, deputat Siyavuş Novruzovun sözlərinə görə, NATO PA-nın Bakıda keçirilən 86-cı seminarında müzakirə olunan məsələlər də bir daha sübut etdi ki, Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalarıdır: “Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Dəfələrlə dediyimiz kimi, bu da onu gösətirir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür”.

Sonra Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov 16-18 iyun tarixlərində adıçəkilən təşkilatın Bakıda keçirilən 86-cı seminarından çıxardığı nəticəni deputatlarla bölüşdü. Z.Əsgərov bildirdi ki, seminarda azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini tam çılpaqlığı ilə xarici nümayəndələrə çatdırmaq idi. Seminarda 20-yə yaxın ölkədən 60-a yaxın nümayəndə iştirak edirdi və Azərbaycan nümayəndə heyəti tədbirdə münaqişə ilə bağlı bütün həqiqətləri səsləndirdi: “Fikrimcə, məqsədimizə müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avroatlantika məkanında əhəmiyyətini vurğulamaqdan ibarət idi. Bu gün Avropa Azərbaycan üçünya Azərbaycan Avropa üçünedir? Bu məsələ də geniş şəkildə müzakirə olundu”.

Ziyafət Əsgərovun sözlərinə görə, digər mövzu dünyada istənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Seminarda isə hər kəsə bəlli oldu ki, beynəlxalq hüquq çox dərin böhrandadır: “Əslində, bu gün onun qapısını döyən də yoxdur. Axı, beynəlxalq hüquq kimin problemini həll edir? BMT onu idarə edən dövlətlərin problemini həll edir. Əslində, obyektivlik istəyən kimsə ora müraciət etmir. Ona görə də hesab edirəm ki, beynəlxalq hüquq o vəziyyətə gəlib çatıb ki, o, bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncə, kiçik dövlətlər üçün isə sadəcə, məhdudiyyətdir”.

Vitse-spiker onu da qeyd etdi ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzə də söhbət zamanı ikili standartlar olduğunu təsdiqləyib: “Deməli, biz bu reallığı nəzərə alıb işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Odur ki, hamımız Prezident və dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq”.

Çıxışlardan sonra gündəliyin müzakirəsinə başlanıldı. 3 sənəd - İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Z.Ş.Zərbəliyevin Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi və Azərbaycan Respublikası Apelyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında sənədləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Deputatlar hər 3 sənədə müsbət münasibət bildirdilər. Bununla bağlı qərarlar qəzetdə dərc edilir.

İclasda Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də təsdiqləndi.

 

Statistik məlumatların verilməsi qaydalarını

pozanlar 300-700 manat cərimə ödəyəcək

“Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında OrdubadMarazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında isə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Dedi ki, bu SES-in tikintisi Azərbaycan-İran münasibətlərinin hansı səviyyədə olduğundan xəbər verir. Eyni zamanda SES hər bir ölkənin iqtisadiyyatına müsbət təsir edəcək, konkret tələblərini ödəyəcək.

Müzakirələrdə çıxış edən deputatlar Astan Şahverdiyev, Musa Qasımlı, İsa Həbibbəyli və Sahib Alıyev bu SES-in tikintisinin blokada şəraitində olan Naxçıvan MR-ə böyük kömək olacağını vurğuladılar. Azərbaycanda belə layihələrin həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edildi.

“Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihələri barədə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Qanunlara edilən dəyişikliklər eyni mahiyyət daşıyır. Bu, dövlət sirri xarakteri daşıyan bəzi məlumatların əldə edilməsi qaydalarına dəyişikliklərdir.

Layihələr səsə qoyularaq qəbul olundu. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də texniki dəyişiklik edildi. “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirdi ki, bu dəyişikliyə əsasən, statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 700 manatadək cərimə tətbiq ediləcək. Məlumat üçün bildirək ki, qüvvədə olan cərimə miqdarı 35 manatdan 50 manatadək idi. Bu dəyişiklik bütün dövlət orqanlarının hamısına şamil olunur. Dəyişiklik səsə qoyularaq qəbul olundu.

İclasda “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki dəyişiklik edildi.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəlikdə olanVergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Fərdi məlumatlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə eyni dəyişiklik edilməsi nəzərdə tutulur. Deputatlar dəyişikliklərə müsbət rəy bildirdilər və sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

 

Bələdiyyələrin fəaliyyətində şəffaflıq təmin ediləcək

“Dövlət rüsumu haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri barədə də məlumat verən komitə sədri Ziyad Səmədzadə dedi ki, dəyişikliyə görə, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqifiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumlarının dərəcələri müəyyənləşib. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqifiziki şəxslərə xidmətlərin göstərilməsinə görə avtomobil yollarının vahid dövlət reyestrindən çıxarılması üçün 10 manat dövlət rüsumu ödənilməlidir.

Ziyad Səmədzadə gündəlikdə olanİstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında da məlumat verdi. Bildirdi ki, bu qanunlara təklif olunan dəyişikliklər “Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırmaq üçündür. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edildi.

Gündəlikdə duranYerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Büdcə sistemi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini də Ziyad Səmədzadə təqdim etdi. Qeyd etdi ki, dəyişikliyə əsasən, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Məqsəd isə bələdiyyələrin fəaliyyətində şəffaflığı təmin etməkdir.

Bələdiyyələrin statusuna gəldikdə isə Z.Səmədzadə vurğuladı ki, bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqifiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar. Bələdiyyələr tərəfindən hüquqifiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq, onların yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış verilir.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi isə onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

“Büdcə sistemi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi bu sahədəki mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanmışdır. Qanun layihəsinə görə, dotasiyanın həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi və nəzərdə tutulan sosial-iqtisadi layihələr diqqətə alınmalıdır.

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklər isə aktuari şəhadətnaməsinin verilməsi üçün tutulan rüsumu əks etdirir. Belə ki, aktuari şəhadətnaməsinin verilməsinə görə, 50 manat məbləğində dövlət rüsumu nəzərdə tutulur.

Deputatlardan Azər Badamov, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev və Arif Rəhimzadə çıxış edərək təklif olunan dəyişikliklərə münasibət bildirdilər. Müzakirələrdən sonra qanun layihələri təsdiqləndi.

İclasın gündəliyində olan sonuncu - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Onun sözlərinə görə, məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan tələblərə riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında təqdim edilməməsinə görə 300 manat miqdarında cərimə tətbiq edilir. Yazılı məlumatın sığorta nəzarəti orqanına verilməməsinə görə isə 500 manat miqdarında cərimə edilir. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

“Məhkəmələr və hakimlər haqqında” qanuna təklif olunan dəyişiklikdə isə bildirilir: Ağır Cinayətlər Məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər. Bu zaman birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınır. Bu qanun layihəsinə görə, hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz. Hakimin səlahiyyətlərinə o zaman xitam verilir ki, o, əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmir. Geniş müzakirələrdən sonra qanun layihəsi təsdiqləndi.

Sonda Milli Məclisin Sədr müavini Ziyafət Əgərovun təklifinə əsasən “Məhkəmə-Hüquq Şurası” haqqında qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi də iclasın gündəliyinə salındı. Bu qanun layihəsi də Milli Məclisin üzvləri tərəfindən təsdiqləndi.

Bununla da Milli Məclisin növbədənkənar plenar iclası sona çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 21 iyun.- S.1-2.