AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundaŞah İsmayıl Səfəvi tarixi diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilmişdir

 

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitabın tarixi əhəmiyyətindən söz açmışdır.

Bildirilmişdir ki, təqdimatı keçirilən kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallar - diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur.

Vurğulanmışdır ki, bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır.

Vurğulanmışdır ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olmuşdur. O, sözün əsil mənasında, Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi. Şah İsmayıl paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoymuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır. Şah İsmayıl Xətainin nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində həmişə bir örnək olaraq qalmış və qalacaqdır.

Tədbirdə görkəmli alimlərin kitabla bağlı dəyərli fikirləri dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.

Bildirilmişdir ki, “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunmuş bu nəfis tərtibatlı kitab geniş oxucu marağına səbəb olacaq və Azərbaycan tarixşünaslığında I Şah İsmayıl mövzusu ətrafında illərdir hökm sürən ciddi problemlərdən bir qisminin həllinə qismən də olsa aydınlıq gətirəcəkdir.

 

Azərbaycan.-2014.- 21 iyun.- S.3.