Dövlət Gömrük Komitəsinin sədri Salyan

 şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, iyunun 20 Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələri, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olmuşdur.

Səyyar qəbul zamanı komitə sədri hər bir sakinin müraciətini diqqətlə dinləmiş və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını vermişdir.

Vətəndaşların qaldırdıqları məsələlərin bir çoxu yerindəcə həll edilmiş, komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 21 iyun.- S.5.