Jurnalist keçmiş qəhrəmanlarını yad edir

 

Yazıçı-jurnalist Əhməd İsayevin yeni kitabı "Yad et məni, yad et" adlanır.

Müəllif Azərbaycan mətbuatında çalışdığı yarım əsrə bərabər bir müddət ərzində rastlaşdığı, həyat yolunu izlədiyi, əməyini, fəaliyyətini işıqlandırdığı insanları yenidən yad edir. Bu dəfə daha ətraflı, təfərrüatı ilə - bugündən dünənə boylanaraq...

Peşəkar jurnalist o kəsləri bir daha yad edir ki, vaxtilə Vətəninə, xalqına sədaqətlə xidmət edib, insanlara xeyirxahlığı, uzaqgörənliyi, müdrikliyi ilə dəstək olublar. Müəllif Azərbaycanın aparıcı qəzetlərində çalışdığı bu uzun illər ərzində həmin insanlar haqqında dəfələrlə yazıb. Yeni kitabında isə onların  haqqında eşitdiklərini, bildiklərini, öyrəndiklərini və vaxtilə yazdıqlarını ümumiləşdirərək hərəsi barədə həcmcə yığcam olsa da, məzmunca dolğun bir əsər yaradır.

Ön sözü əvəz edən "Həyat dərsləri" adlı girişdən sonra kitabda müəllifin tanınmış jurnalist Ağababa Rzayev haqqında xatirələri dərc olunub. A.Rzayev yaşadığı dövrün 1 nömrəli mətbu orqanı olan "Kommunist" qəzetinə 18 il  redaktorluq edib. O, Azərbaycan jurnalistlərinin bir neçə nəslinin müəllimi olub ki, onların arasında sözügedən kitabın müəllifi - əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü Ə.İsayevvar.

"Yad et məni, yad et". Daxili dünyamızda səslənən bu sözlər bizlərə sevib-seçdiyimiz sənətin sirlərini öyrədən, həyatda irəlilədiyimiz yolları göstərən, boynumuzda böyük mənəvi haqqı olan belə ustadların, müəllimlərin umacağıdır sanki.

O səs müəllifi daha kimləri yad etməyə çağırır? 11 ildən çoxdur dünyasını dəyişsə , el-obada yeri görünən Altay Məmmədovu. O, Nizami yurdunda yaşayıb-yaradan yazıçı, dramaturq idi. Əsərləri  mütəmadi olaraq Gəncə Dövlət Dram Teatrında oynanılırdı. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (hazırda Gəncə Dövlət Universiteti) bu alim-pedaqoqdan dərs almış müəllimlərə indi Azərbaycanın bütün bölgələrində rast gəlmək olar. Kitabları hələ sevilə-sevilə oxunur. "Altay Məmmədov uzun illər Gəncə ədəbi mühitinin bayraqdarı olub" - deyən müəllif onun adına bu şəhərdə bir küçənin, yaxud xatirə lövhəsinin yoxluğuna təəssüf edir.

Müəllif bu kitabında ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Gəncədə aparıcı vəzifədə çalışaraq böyük quruculuq işləri görmüş Həsən Həsənovun fəaliyyəti barədə yazır. Daha sonra Ə.İsayev görkəmli şərqşünas alim Rüstəm Əliyevi, odlardan-alovlardan çıxmış əfsanəvi təyyarəçi Məzahir Abbasovu, İkinci Dünya müharibəsinin bir sıra digər qəhrəmanlarını eyni ehtiram məhəbbətlə yad edir. Müəllif tarixi vərəqləyərək XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış, öz dövrünün tanınmış ictimai xadimi olmuş Ələkbər bəy Rəfibəyovdan söhbət açır. "Polad təki mətin, gül kimi zərif" oçerkini isə ötən yüzillikdə Neva sahilində silinməz iz qoyan azərbaycanlı qızı Gülarə Nuriyevaya həsr edib. Gülarə mühəndis-metallurq, poladəritmə sahəsində çalışan ilk azərbaycanlı qadın idi. Sankt-Peterburqda yaşayıb-işləmiş, marten sexinin rəisi olmuşdu.

Ə.İsayevin yeni kitabı təsdiqləyir ki, jurnalistlər vaxtsa müsahibə aldıqları, portretini yaratdıqları qəhrəmanları bir gündən-beş gündən sonra unutmurlar. Bir çox hallarda onların sonrakı həyatı ilə maraqlanır, uğurlarını izləyirlər. Bu da təsadüfi deyil. Çünki jurnalistlər öz yazıları üçün elə gözəl layiqli qəhrəmanlar seçirlər ki, o insanların həmişə, dönə-dönə yad edilməyə haqqı var.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 21 iyun.- S.7.