Dövlət qulluğu vətənə layiqli xidmət və şəffaflıq prinsipinə əsaslanır

 

23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür

 

 

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlət quraraq, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirir.

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublika rəhbəri seçilməsi çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir.

Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsidir. Ulu öndərin həmin illərdə yüzlərlə gəncin respublikanın hüdudlarından kənarda ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. 1970-80-ci illərdə 10 mindən artıq gənc keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərilmişdi. Eyni zamanda, Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və digər sahələr üzrə mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alıb neçə-neçə azərbaycanlı gəncin Moskva, Kiyev, Minskbaşqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Böyük strateq sonralar qeyd edirdi ki, 1970-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış,  elm və mədəniyyətə sahib olmuşdur.  

Ulu öndər Heydər Əliyev sərt ideoloji baryerlərin mövcud olduğu keçmiş imperiya dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Ulu öndər ötən əsrin 70-80-ci illərində təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir.

Heydər Əliyev 1993-cü ilin oktyabrında dövlət başçısı seçiləndən sonra müstəqil Azərbaycan dövlətinin hüquqisiyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir.

1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlandı və həmin il noyabrın 12-də Konstitusiya layihəsi ümumxalq səsverməsi yolu ilə qəbul edilərək noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi əsası qoyuldu. Həmin dövrdə hələ dövlət qulluğu ilə bağlı ayrıca qanun qəbul edilməmişdi. Lakin Azərbaycan Respublikasının Konstitusiyasında dövlət qulluğunun konstitusional prinsiplərinin əsasları əks olunmuşdur. Konstitusiyada Azərbaycan vətəndaşlarına dövlətin idarə edilməsində iştirak və dövlət qulluğuna qəbul hüququnu verən ayrıca maddə var. Məhz Konstitusiyanın 55-ci maddəsində "Dövlətin idarə olunmasında iştirak etmək hüququ" təsbit edilmişdir.

Müstəqil Azərbaycan dövlətində cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb etdiyi üçün ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" fərman imzaladı. Fərmanda islahatların həyata keçirilməsi ilə müəyyən nəticələrə nail olmaq qarşıya məqsəd kimi qoyulurdu. Dövlət qulluğunun səmərəliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" qanun qəbul edildi.

Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. Qanunun qəbul edilməsinin əsas səbəbi Heydər Əliyevin 1998-ci ildə dövlət idarəçilik sistemində islahatların aparılması ilə bağlı fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi idi.

Ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını da ayrıca qeyd etmək lazımdır. Fərmanda Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi "Dövlət idarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi" kimi müəyyən edilmişdir. Akademiyanın yaradılması dövlətin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət qulluğu üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan Dövlət İdarəçilik Akademiyasının üzərinə Azərbaycanın böyük siyasiiqtisadi potensialını reallaşdıra biləcək dövlət qulluqçularının yeni nəslinin yetişdirilməsi kimi çox məsul vəzifə qoyulmuşdur.

Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biriciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu baxımdan ulu öndərin böyüklüyü həm də onda idi ki, güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçı yetişdirmişdir.

Prezident İlham Əliyev də ulu öndər Heydər Əliyevin bütün sahələrdə, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində başladığı işlərin uğurlu inkişafını sürətləndirdi. Respublikada dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiya birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedironun qarşısında hesabat verir.

2006-cı ilin oktyabrından fəaliyyətə başlayan komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, dövlət qulluqçularının əlavə peşə təhsilinin əsaslarının müəyyən edilməsi, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu müsabiqə əsasında aparılır və vətənpərvər, yüksək ixtisaslı və yeniliklərə meyilli kadrların dövlət qulluğuna cəlb edilməsinə üstünlük verilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti xeyli genişlənmişdir. Ötən dövr ərzində dövlət qulluğunu tənzimləyən "Dövlət qulluğu haqqında" qanuna dövrün tələblərinə uyğun olaraq, o cümlədən idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra dəyişikliklər və əlavələr edilmişdir.

23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən 23 iyun Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Azərbaycan Prezidenti 2006-cı il iyunun 22-də dövlət qulluqçularına müraciətində çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoymuşdur. Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır.

Əhalinin rahatlığının təmin edilməsi və dövlət orqanlarının işinin daha səmərəli təşkili üçün elektron xidmətlərin göstərilməsi indi daha böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanı, həmçinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılmışdır. Elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığın daha da artırılmasına və məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsinə şərait yaradıb.

Başqa sözlə desək, Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin həyata keçirə bilmədiyi arzularının, ideyalarının reallaşmasına səfərbər edir. Bu gün hər bir azərbaycanlı görür ki, bu ideyalar yaşayır, inkişaf etdirilir. Məhz bunun nəticəsidir ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə keçən  Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu digər hədəflərə də qovuşacaq.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 22 iyun.- S.1.